Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 21:01

'Ordu təchizatı ilə bağlı internet vasitəsilə tenderlər keçirilir'


Səhra yeməkxanası. Foto: Müdafiə Nazirliyi
Səhra yeməkxanası. Foto: Müdafiə Nazirliyi

Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.

Bu barədə dekabrın 23-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Orada bildirib ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib: "Bununla belə, bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb...".

Bundan əvvəl sosial şəbəkələrdə işğaldan azad olunmuş ərazilərdə xidmət edən bəzi hərbi qulluqçuların ərzaq çatışmazlığından və şəraitsizlikdən əziyyət çəkmələrinə dair videolar yayılmışdı.

"Anbarlarda kifayət qədər ehtiyatlar da mövcuddur"

Nazirlik vurğulayır ki, hazırda Azərbaycan ordusu 30 ilə yaxın müddətdə işğal altında olan, tam dağıdılmış, heç bir infrastrukturun olmadığı və minalanmış ərazilərdə dislokasiya olunur: "Digər dövlət qurumları ilə bərabər Müdafiə Nazirliyinin rəhbərliyi də bu ərazilərdə yerləşdirilən hərbi hissələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində planlı və məqsədyönlü fəaliyyət göstərir… Hərbi hissələrə, mövqe və postlara yeni yollar çəkilir, elektrik, su və qaz xətləri quraşdırılır".

Nazirliyin açıqlamasına görə, hərbi qulluqçular ərzaq və əşya normalarına uyğun bütün təminat növləri ilə fasiləsiz təmin olunur: "Çöl şəraitində yerləşən bölmələrə əlavə çadırlar, sobalar və digər zəruri avadanlıqlar çatdırılır. Müxtəlif istiqamətlərdə səyyar mobil hamam-camaşırxana xidmətləri təşkil olunur, hərbi qulluqçular isti geyim formaları, yataq dəstləri, keyfiyyətli ərzaqla təmin edilir... Anbarlarda kifayət qədər ehtiyatlar da mövcuddur".

C.Sümərinli
C.Sümərinli

"Həmin ərazilərdə hərbi infrastrukturun qurulması zaman alır"

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli isə AzadlıqRadiosuna bildirib ki, işğaldan azad olunmuş ərazilərdə şəraitsizlik var və bunu nəzərə almaq lazımdır: "Yeni hərbi hissələrin yaradılması prosesi gedir. Artıq Azərbaycan Silahlı Qüvvələrinin və digər hərbi qurumların nəzarətinə verilmiş ərazilər əvvəlkindən genişdir və bu baxımından həmin ərazilərdə hərbi infrastrukturun qurulması da zaman alır".

Hərbi ekspert qeyd edib ki, ərzaqla və tibbi təminat ilə bağlı problemlər çox ciddi məsələlərdir: "Bunların ortaya çıxması yolverilməzdir. Cavabdeh olan qurumları var və onların birbaşa vəzifəsi silahlı qüvvələri olduğu yerlərdə ərzaqla, tibbi və başqa şərait ilə təmin etməkdir".

"Bütün baş verənlər ciddi araşdırılmalıdır"

C.Sümərinli hesab edir ki, bütün baş verənlər ciddi araşdırılmalıdır: "Müdafiə Nazirliyi bir neçə şəxsin məsuliyyətə cəlb olunması ilə bağlı məlumat yaydı. Düşünürəm ki, bu məsələ çox ciddi araşdırılmalıdır ki, niyə Azərbaycan əsgəri ac, tibbi təminatsız qalmalıdır? Əsgərlər nə vaxta qədər öz problemlərini sosial şəbəkələrdə qaldırıb onların həllinə çalışacaqlar? Əsgər ərzaq, yatmaq üçün isti yer axtarmalı deyil. Qalib və bu qədər hərbi büdcəsi olan, təminatı olan ordu üçün bu yolverilməzdir".

"Bu sahələrdə şəffaflıq olmalıdır"

Ekspert düşünür ki, Müdafiə Nazirliyi qarşıdakı bir-iki həftə ərzində bütün bu problemləri həll edəcək. O deyir ki, gələcəkdə bu tip problemlərin baş verməməsi üçün arxa təminata görə məsul şəxslər öz vəzifə səlahiyyətlərinə məsuliyyətlə yanaşmalıdırlar: "Azərbaycanın müdafiə sektorunda təminat-təchizat, tender məsələlərində həmişə problemlər olub. Bu sahələrdə şəffaflıq olmalıdır. Bundan əlavə, cəmiyyət, media və qeyri-hökumət təşkilatları, parlament qarşısında hesabatlılıq təmin edilməlidir. Bu istiqamətdə hər hansı rüşvətxorluq, korrupsiya halları baş verərsə, bu prosesdə iştirak edən şəxslər mütləq cəzalandırılmalıdır. Müdafiə Nazirliyinin rəhbərliyi buna diqqət yetirməlidir, əks halda, həmişə bu problemlər ortaya çıxacaq".

N.Məmmədli
N.Məmmədli

"Həm obyektiv, həm də subyektiv səbəblər var"

Politoloq Nəsimi Məmmədli də mövzu ilə bağlı AzadlıqRadiosuna bildirib ki, ordunun ərzaq təchizatında problemlər var idi və hərbi əməliyyatlar bitəndən sonra bu, qabarıq şəkildə üzə çıxıb: "Burda həm obyektiv, həm də subyektiv səbəblər var. Məsələnin obyektiv tərəfi ondan ibarətdir ki, Azərbaycan əvvəlki təmas xəttindən xeyli qabağa irəliləyib və bunun nəticəsində ərzaq təminatı ilə obyektiv problemlər yaranıb. Orada yol infrastrukturun, kazarma şəraitinin olmaması təbii və obyektiv səbəblərdir. Subyektiv səbəb ondan ibarətdir ki, faktiki olaraq ordu təchizatı ilə bağlı məsələlərın düzgün qurulmadığı dəfələrlə sübut olunub. Bu, təkcə ərzaq və texniki təchizat məsələləri deyil".

"Ərzaq təchizatı niyə dövlət sirri olmalıdır?"

N.Məmmədli hesab edir ki, xırda şəxsləri cəzalandırmaq yox, bütövlükdə bu məsələlərə yenidən baxılmalıdır: "Dünyanın bir çox ölkələrində ordu təchizatı ilə bağlı internet vasitəsilə müəyyən tenderlər keçirilir. Amma bizdə bunlar o qədər məxfi və qapalı saxlanılır ki... Ərzaq təchizati niyə dövlət sirri olmalıdır? Mütləq şəffaflıq təmin edilməlidir, ictimai nəzarət olmalıdır".

"Dövlətimiz də çalışır ki..."

Bu dəyərləndirmələrə, hələlik, Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Nurlan Həsənov "Turan" agentliyinə bildirib ki, Azərbaycan müharibədən təzə çıxmış bir ölkədir və hər hansı xırda nöqsanlar baş verə bilər: "Müəyyən əsgərlərdə ərzaq baxımından çətinlik yarana bilər, amma bu, o demək deyil ki, bütün hərbçilərimiz orada maddi və yaxud ərzaq baxımından əziyyət çəkir. Xeyr, bu, bütün əsgərlərə aid deyil, sadəcə olaraq müəyyən əsgərlərdə bu problem yaranıb. Dövlətimiz də çalışır ki, o çətinliklərin aradan qaldırılması üçün əlindən gələni etsin".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG