Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:40

Əsgərlər ərzaq çatışmazlığından şikayət edirlər


Əsgərlər ərzaq çatışmazlığından şikayət edirlər
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Əsgərlər ərzaq çatışmazlığından şikayət edirlər

"Dünən yağış yağıb. Baxın, bura bizim çadırın içidir. Su basıb". Sosial şəbəkələrdə əsgərlərin qida çatışmazlığı, pis şəraitlərini göstərən videoların sayı artıb. Həmin videolarda əsgərlər iddia edirlər ki, bəzi hallarda onlara çatmalı olan ərzaq pulla satılır: "Mülki vətəndaşlardan siqaret, yardımlar gəlir. Hamısı yığılır anbarlara. Anbar rəisinə yaxınlaşırıq ki, "siqaret gəlib, bizim millətdən gəlib, bu yardım bizim üçündür, heç olmasa, gündəlik bizə pay verin". Deyirlər "yox, onlar sizdən sonra gələnlər üçündür, "molodoy" əsgərlər üçündür". Öz siqaretimizi təzədən hərbi hissələrdə mağazalara qoyub satırlar".

Az qala hər gün yayılan bu cür videolarla bağlı Azərbaycan rəsmiləri hələ ki hər hansı reaksiya verməyiblər. Bizim də bu iddialarla bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək cəhdlərimiz alınmadı.

A.Abbas
A.Abbas

Deputat: "Meşədə, dağda olanlar var..."

Azərbaycan parlamentinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas hesab edir ki, yeni işğaldan olunmuş ərazilərdə bu cür hallar ola bilər. Amma onun fikrincə, belə hallar geniş yayılmayıb: "Ərzaq çatdırıla bilmir, meşədə, dağda olanlar var. Bəzən gecikmələr ola bilər. Məsələn, Şuşaya, Qubadlının ucqarı nöqtələrinə 18-20 saata gedirlər. Yəqin ki, bu məsələlər tezliklə aradan qaldırılacaq. Amma mən inanmıram ki, kimsə əsgərin payını sata. Satan varsa, onu dövlətin hüquq-mühafizə orqanları tapıb, ciyərini çıxarmalıdır".

A.Abbas yada salır ki, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də müxtəlif özəl şirkətlər və könüllü şəxslərin təşəbbüsü ilə əsgərlərə müxtəlif yardım kampaniyaları təşkil olunur.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədov isə bildirir ki, əsgərlərin təchizatı hansısa təşəbbüs qrupları yox, birbaşa Müdafiə Nazirliyinin öhdəliyidir. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin də bunun üçün kifayət qədər imkanları var:

C.Məmmədov
C.Məmmədov

"Relyef... bəhanədir"

"Hərbi hissələrdə yeni yerləşdirilmiş şəxsi heyətə ərzaq, siqaret və digər məhsulları pulla satırlar. Bütün bunlar da çox təəssüf doğuran hallardır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları məhz bu işlə məşğul olmalıdır, bu istiqamətdə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır. Relyef məsələsinə gəldikdə isə, bu, bütün dövlət qurumlarına bəllidir. Müdafiə Nazirliyinə bəllidir ki, Azərbaycan silahlı qüvvələri hansı istiqamətdə irəliləyəcək. Döyüşün planlaşdırılmasında da mütləq nəzərə alınır ki, şəxsi heyət təchizatsız irəliləyə bilməz. Yəni, birinci vəzifə şəxsi heyətin təminatı və təchizatıdır. O baxımdan da burada relyefin əsas gətirilməsi yolverilməz bir bəhanədir".

C.Məmmədov hesab edir ki, qalib ordunun əsgərlərinin belə bir şəraitdə olması qəbuledilməzdir. Onun fikrincə, aidiyyəti qurumlar tez bir zamanda bu məsələni araşdırmalı və problemləri həll etməlidir. O qarşıdan soyuq qış aylarının gəldiyini nəzərə alaraq hərbçilərin təminat və təchizatlarının təcili iş olduğunu vurğulayır.

Xatırlatma

Bu il sentyabrın 27-də Qarabağda döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbə, Şuşa və daha dörd şəhəri işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG