Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:41

Tramp qudasını da əfv elədi


Pol Manafort (solda) və Rocer Stoun
Pol Manafort (solda) və Rocer Stoun

Prezidentlərin vəzifədən gedərayaq siyasətdə dostları və müttəfiqlərini əfv etməsi bir adətə çevrilib

ABŞ Prezidenti Donald Tramp dekabrın 23-də daha 26 nəfəri əfv edib. Siyahıda onun seçki qərargahının keçmiş sədri Pol Manafortun, respublikaçı əməliyyatçı Rocer Stounun və prezidentin kürəkəni və müşaviri Jared Kuşnerin atası Çarlz Kuşnerin də adları var.

O, daha üç nəfərin cəzasını yüngülləşdirib. Bir gün öncə Tramp 15 nəfəri əfv eləmişdi, onlardan ikisi Rusiya istintaqında müstəntiqlərə yalan danışdıqlarını boyunlarına almışdılar.

Manafort da Rusiya istintaqı çərçivəsində mühakimə olunub, qanunsuz lobbiçilik, şahidlərə əngəl yaradılması, bank və vergi fırıldağına görə 7 ildən çox həbsə məhkum edilib. Hazırda o, cəzasını evdə çəkir, COVID-19 pandemiyasına görə ev dustaqlığına buraxılıb.

Stoun üç il dörd aylıq cəzasını çəkməyə başlamamışdan Tramp cəzanı yüngülləşdirdmişdi.

Çarlz Kuşner isə iki illik həbsə məhkum edilib, o, 2004-cü ildə vergidən yayındığını, şahidlərə əngəl yaratdığını, qanunsuz seçki ianələri etdiyini boynuna alıb.

***

Tramp 15 nəfəri əfv edir

ABŞ Prezidenti Donald Tramp 15 nəfəri əfv edib. Onlardan ikisi Rusiya istintaqı çərçivəsində müstəntiqlərə yalana danışmağa görə məhkum edilmişdi. İkisi isə keçmiş respublikaçı konqresmenlərdir.

Prezident daha beş nəfərin cəzasını isə yumşaldıb.

Dekabrın 22-də əfvə düşən Corc Papadopulos Trampın seçki qərargahında keçmiş köməkçisi idi. O, 2017-ci ildə FTB təhqiqatçılarını yalan danışdığını etiraf edib. Söhbət Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi üzrə istintaqdan gedir.

Mullerin komandasının bu qədər adama vurduğu zərbəni...”

Papadopulos 14 günlük cəzasının 12 gününü federal həbsxanada keçirib, sonradan azadlığı 12 aylığa məhdudlaşdırılıb.

Tramp Xüsusi prokuror Robert Mullerin apardığı Rusiya istintaqını siyasi əcinnə ovu adlandırırdı.

“Bugünkü əfv Mullerin komandasının bu qədər adama vurduğu zərbəni aradan qaldırmağa kömək edir”, – Ağ ev bildirib.

Əfv olunanlar içində rusiyalı milyarder German Xanın niderlandlı kürəkəni, 36 yaşlı Aleks van der Zvaan da var. O, Trampın seçki qərargahının rəsmisi ilə münasibətləri haqda Mullerin təhqiqatçılarına yalan danışmağa görə 30 günlük həbsə məhkum edilib və 20 min dollar cərimələnib.

Bu iki nəfəri əfv etməklə Tramp bir da Rusiya istintaqını diqqət mərkəzinə gətirib. İstintaq Rusiyanın seçkiyə müdaxilə etdiyini müəyyənləşdirsə də, Trampın qərargahının Moskvayla əlbirliyinə dəlil tapmayıb.

Əfv səlahiyyətindən az istifadə edib

Prezident noyabrda keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flini əfv etmişdi. O da Rusiya istintaqı çərçivəsində FTB-yə yalan danışdığını boynuna almışdı.

Nümayəndələr Palatasının keçmiş respublikaçı üzvləri Dunkan HanterKris Kolins də əfv siyahısına düşüblər.

Trampın “Blackwater” hərbi şirkətinin dörd keçmiş müqaviləli işçisini əfv etməsi ziddiyyətli addım sayılır. Onlar 2007-ci ildə Bağdadda 12-dən çox mülki şəxsin ölümüylə nəticələnmiş qırğına görə məhkum ediliblər.

Vəzifədən getməkdən olan prezidentdən belə bir əfv gözlənilən idi. Yeni prezident seçilmiş Co Bayden yanvarın 20-də and içəcək.

Prezidentlərin vəzifədən gedərayaq siyasətdə dostları və müttəfiqlərini əfv etməsi bir adətə çevrilib.

Ancaq Tramp son dövr prezidentləri ilə müqayisədə əfv səlahiyyətindən daha az istifadə edib. Ədliyyə Departamentinin məlumatına görə, o, son əfvlərədək cəmi 28 nəfəri əfv edib, 16 cəzanı isə yumşaldıb.

Keçmiş prezident Barak Obama səkkiz illik prezidentliyi dövründə 212 nəfəri əfv edib, 1715 cəzanı yumşaldıb. Prezident Corc Buş isə 189 nəfəri əfv etmiş, 11 cəzanı yumşaltmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG