Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:43

Mərkəzi Bank uçot dərəcəsini endirib


Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6.5 faizdən 6.25 faizə endirilməsi haqqında qərar qəbul edib.

Faiz dəhlizinin aşağı həddi 5.75, yuxarı həddi isə 6.75 səviyyəsində müəyyən edilib.

AMB bu gün, dekabrın 18-də yayılan məlumatında bildirir ki, pandemiyanın (koronavirus) təsiri ilə xarici, daxili tələbin zəifliyi şəraitində faktiki və proqnozlaşdırılan inflyasiya səviyyəsi qəbul edilmiş hədəf diapazonunun mərkəzindən aşağıda qalır. Bu da, həmin quruma görə, pul siyasətinin yumşaldılması üçün potensialın mövcud olduğunu göstərir.

"Valyuta bazarında tarazlığın davam etməsi, pul təklifinin və kredit qoyuluşlarının zəif artımı şəraitində qəbul edilən qərar monetar şəraitin yumşaldılmasına yönəldilmişdir. Digər tərəfdən, qlobal enerjidaşıyıcılar bazarında müşahidə edilən son meyllər, onların 2021-ci ildə də davam etməsi perspektivləri ölkənin xarici mövqeyinin və iqtisadi subyektlərin gözləntilərinin yaxşılaşmasını dəstəkləyə bilər", - AMB-in açıqlamasında yazılıb.

Qurumun İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il yanvarın 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

AMB İdarə Heyəti sonuncu dəfə bu ilin oktyabrında uçot dərəcəsinin 6.5 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin aşağı həddi 6, yuxarı həddi 7 faiz həddində saxlanmışdı.

XS
SM
MD
LG