Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:02

Bu il yaxşı xəbərlər də olub


2020
2020

2020-ci il çoxumuzun sevmədiyi, "getsin, gəlməsin" dediyi ildir. Ancaq bu il yaxşı hadisələr də baş verib. Onlar, sadəcə, bədbin xəbər başlıqlarının kölgəsində qalıb.

Nüvə sintezi dünyanı dəyişdirəcək

Avqustda Fransa prezidenti Emmanuel Makron Beynəlxalq Təcrübə Reaktorunun (ITER) quraşdırılma mərhələsini elan etdi.

Termonüvə sintezi dünyanın enerji təminatında inqilab ola bilər. Dağıdıcı nüvə bombalarında enerji nüvənin kiçik fraqmentlərə bölünməsi nəticəsində yaranır. Bundan fərqli olaraq, termonüvə reaksiyası- parçalanmanın əksinə, çox yüngül iki nüvəni birləşdirərək daha ağır nüvə meydana gətirməkdir. Bu zaman həm nəhəng həcmdə enerji əldə edilir, həm də bu proses, demək olar, tullantısız və limitsizdir. Nüvə sintezi üçün gərəkən cüzi yanacağın bir hissəsi dəniz suyundan götürülə bilər.

ITER
ITER

ITER layihəsi ilk dəfə 1985-ci ildə SSRİ lideri Mixail Qorbaçov tərəfindən ABŞ prezidenti Ronald Reyqana ötürülüb. (Sovet alimləri hələ 1950-ci illərdən bu sahədə təcrübələr aparırmış) O zamandan bəri bu işə böyük pullar ayrılıb, müxtəlif beynəlxalq partnyorlar onu "çeynəməklə" məşğul olub. ITER-in ilk testinin 2025-ci ildə baş tutacağı gözlənilir.

Çernobıl göbələyi kosmosda

Stenford və Şimali Karolina universitetlərinin alimləri avqustda dərc etdirdikləri məqalədə göstəriblər ki, Çernobılda bitən göbələk astronavtların təhlükəsiz şəkildə Marsa gedərək orada yaşamasına kömək edə bilər.

Çernobıl nüvə stansiyasına daxil olan alimlər radiasiyaya məruz qalmış fəlakət zonasında qorxunc görünüşlü bir göbələyin yayıldığını görüblər. Aparılan araşdırma bu "ekstremofil" göbələyin radiasiyanı Çernobılın əlverişsiz şərtlərində özünə lazımlı enerjiyə çevirməyi bacardığını göstərib. Alimlərdən biri göbələyin bu radiasiya "sevgisini" görüb onun nümunələrini araşdırılmaq üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərib.

Cladosporium sphaerospermum
Cladosporium sphaerospermum

İnsanların Marsa göndərilməsinə ən böyük əngəllərdən biri kosmik radiasiyadır. Astronavtlar Yerin qoruyucu atmosferini tərk edər-etməz kosmik radiasiyaya məruz qalırlar. Buna görə NASA bu göbələyin kosmosda özünü necə aparacağını anlamağa çalışır.

BKS-də elmi adı "Cladosporium sphaerospermum" olan bu göbələyin 1.7 millimetrlik qatı radiasiya detektorunun üzərinə yerləşdirilib. Göbələyin BKS daxilindəki radiasiyanı 2%-dək azaltdığı qeydə alınıb. Bu, ilk baxışdan az görünə bilər. Ancaq məqalədə göbələk layının 21 santimetrə qədər qalınlaşdırılacağı halda astronavtlar üçün zərərli radiasiyanı xeyli dərəcədə azalda biləcəyi nəticəsinə gəlinib. Bu ehtimal böyük marağa səbəb olub.

Göbələyin həm Marsda, həm də "qırmızı planet"ə yola düşən kosmik gəminin xarici səthində yetişdirilə biləcəyini nəzərə alanda bu nəticə xüsusilə ümidvericidir.

Pakistanda ağac əkimi
Pakistanda ağac əkimi

Pakistanda "ağac sunamisi"

Pakistanda lokdaun nəticəsində işsiz qalmış 60 minədək insan özünə yeni iş tapıb: ağac əkmək.

Pakistan 2018-2023-cü illər ərzində ölkədə 10 milyard ağac əkmək təşəbbüsü irəli sürmüşdü. Ancaq pandemiya Pakistanın bütün iqtisadiyyatı ilə birlikdə bu təşəbbüsü də yarımçıq qoyub. Sonradan hökumətin layihəyə fasilə vermək qərarı ləğv edilib və işsiz qalmış insanlar bu layihəyə cəlb olunub.

Aclıq təhlükəsi ilə üz-üzə qalan işçilər indi gündə çox cüzi, 500 rupi (3 dollar) məvacib alır, ağac əkmə təşəbbüsü isə davam edir. Ağac əkənlərdən biri "Reuters"ə belə deyib: "Koronavirusa görə bütün şəhərlər bağlanıb və iş yoxdur. Günəmuzd işləyənlərin çoxu dolana bilmirdi. Bu təşəbbüs sayəsində indi çoxumuz ailələrimizi saxlamaq üçün gündəlik məvacib alırıq".

Külək turbini
Külək turbini

Quşları ölümdən xilas etdilər

Külək turbinlərinin fırlanan pərləri hər il minlərlə quşu öldürür. Deyəsən, Norveçdə alimlər bu problemin çox sadə həllini tapıblar.

Norveçin Smöla külək elektrik stansiyasında aparılan bir neçə illik araşdırma göstərib ki, üç pərdən sadəcə birinin qara rəngə boyanması ölən quşların sayında çox ciddi azalmaya səbəb olur. Bu nəticə alimlərin iyulda dərc etdirdiyi məqalədə göstərilib.

Quşlar, xüsusilə də çiskinli günlərdə, külək turbinlərinin pərlərini səmanın rəngindən seçə bilmir, pərlərə dəyib ölür. Smöla stansiyasında bir neçə ağquyruq qartal bu şəkildə həyatını itirib.

Ancaq Smölada turbin pərlərinin qara rəngə boyanmasından sonra tapılan quş cəsədlərinin sayı 70% azalıb. Belə çıxır ki, qara rəng fırlanan pərləri quşlar üçün daha görünən edir. Nəticədə quşlar pərlərdən yan keçə bilirlər.

Alınan nəticələrin yalnız bu məkan üçün spesifik olub-olmamasını anlamaqdan ötrü daha çox tədqiqat aparılmalıdır. Cənubi Afrika və Niderlandda yerləşən digər külək elektrik stansiyaları da bu tədqiqatı təkrarlamağa hazırlaşır.

Koronavirus epidemiyasının daşıyıcısının panqolin adlı məməli heyvan olduğu ehtimal edilir
Koronavirus epidemiyasının daşıyıcısının panqolin adlı məməli heyvan olduğu ehtimal edilir

Vəhşi heyvan ticarətinə qarşı ciddi tədbirlər görülür

Çinin xüsusi qəddarlığı ilə tanınan "quş bazarı"ndan başlandığı ehtimal edilən pandemiyanın ardınca Vyetnam qanunsuz heyvan ticarəti ilə məşğul olanların təqibinə başlayıb. Vyetnam vəhşi heyvan bazarları ilə tanınır, dünyanın qanunsuz heyvan ticarəti mərkəzi sayılır.

İyulda Vyetnamın gələcəkdə xəstəliklərin yayılmasını önləmək üçün vəhşi heyvan ticarətini yasaqladığı haqda xəbər başlıqlarını gördük. Ancaq bu ölkədə yaşayan ekspertlər bu başlıqların yanıldıcı olduğunu, hökumət fərmanı ilə sadəcə mövcud qanunların real icrasının təmin olunduğunu bildiriblər.

Ətraf mühitin mühafizəsi sahəsində çalışan bir QHT bildirib ki, Vyetnamda vəhşi heyvan alverinə qarşı reydlər son iki ildə 44% artıb. Bu halların 97%-i cinayəti törədənlərin həbsi ilə nəticələnib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG