Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Vətəndaş küçədə də maska taxmalıdır, bəs hökumət...


Azərbaycanda Koronovirusa qarşı dərmanların çətin tapıldığı bildirilir
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Azərbaycanda Koronovirusa qarşı dərmanların çətin tapıldığı bildirilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, noyabrın 21-dən Azərbaycanda açıq və qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə məcburi olub. Əvvəl qadağa yalnız qapalı məkanlara aid idi.

Bu qərar ölkə ərazisində yeni növ koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması ilə izah olundu.

Qərara əsasən, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması İnzibati Xətalar Məcəlləsi (İXM) ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-nin 211.2-ci maddəsinə əsasən, buna görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər də 400 manat cərimə edilir. Həmin xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 200, vəzifəli şəxslər 400, hüquqi şəxslər də 800 manat cərimə olunmalıdır.

"Maskaların açıq havada məcburi olandan sonra gündə ən azı 1 manat təkcə maskalara verirdim. Çünki tibbi maskaları 2-3 saatdan bir dəyişirdim, maska, istər-istəməz, tərləyir deyə, bu da ayda 30 manat pul edir", - səyyar ticarət ilə məşğul olan N.İ. Azadlıq Radiosuna deyib.

Əgər iş yoldaşınız koronavirusa yoluxduğunu gizlədirsə... Neyləməlisiz?
Gözlə

No media source currently available

0:00 0:04:56 0:00

"Pula qənaət edirlər..."

N.İ-nin sözlərinə görə, onun kimi satıcılar azdır, çoxu bir maska ilə həftələrlə gəzir: "Pula qənaət edirlər, çünki 20-30 manat az pul deyil, alver olmayanda isə məcburdurlar seçsinlər - çörək alsınlar yoxsa maska. Çoxusu əlbəttə ki, çörək seçir. Maska haqqında fikirkəşirlər, amma apteklərdə koronavirusa qarşı dərmanlar od qiymətinədir. Onu kim fikirləşəcək?".

Ticarətçi qeyd edib ki, karantin sərtləşdiriləndən sonra artıq maskaya pul vermir, çünki işləməyə icazə yoxdur.

"Bazar iqtisadiyyatında tələb-təklif amilləri..."

"Bazar iqtisadiyyatında tələb-təklif amilləri qiyməti müəyyənləşdirir. Lakin indiki vəziyyətdə tibbi maskalara gəlincə, dövlət qiymətləri tənzimləyir". Bu sözləri isə "Turan" agentliyinə Nazirlər Kabineti yanında Operativ Qərargahdan deyiblər.

Qurumdan bildirilib ki, hökumət Azərbaycanda tibbi maskaların qiymətinin 30 qəpikdən yuxarı olmamasına nəzarət edir: "Xaricdən ölkəyə idxal edilən tibbi maskaların qiyməti 30 qəpikdən baha başa gəlir. Bu zaman da dövlət 30 qəpikdən artıq olan maskanın qiymətində yaranan fərqi özü ödəyir".

Yerli maskaların qiymətinə gəlincə, qeyd edilib ki, Sumqayıtda müəssisələrdə gündəlik 500 min maska istehsal olunur: "Əhali üçün maskanın satış qiyməti 30 qəpikdir".

Maska taxmayan, məsafə saxlamayan adam görəndə necə davranırsız?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Bəzi mütəxəssislər hesab edir ki, dekabrın 14-dən ölkə ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra açıq havada maskaların taxılması məcburi olmamalıdır.

"Dəyişiklik edilməsinin nəzərdən keçirilməsi məqsədəuyğun ola bilər"

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidovun fikrincə, şübhəsizdir ki, maskalardan istifadə tənəffüs yolları infeksiyalarının yayılmasını yavaşıdır və durdurur: "Vətəndaş olaraq çoxumuz qapalı və sıx yerlərdə maska taxma məsələsinə müəyyən dərəcədə barmaqarası baxdıq. Nəticədə yoluxma artdı və maskalar indi həm qapalı, həm də açıq məkanlarda taxılmalıdır. Düşünürəm ki, sərtləşdirilmiş karantin qısa zamanda effektivliyini göstərəcək və yoluxma sayı yanvarda enəcək. Buna görə də, Operativ Qərargahın qərarında da dəyişiklik edilməsinin nəzərdən keçirilməsi məqsədəuyğun ola bilər".

Mütəxəssisə görə, açıq havada, sıxlıq olmayan məkanlarda, o cümlədən, parklar və bulvarlarda gəzinti üçün maskaların istifadəsi tövsiyə edilməlidir, məcburi olmamalıdır: "Sərtləşdirilmiş karantin tədbirləri isə tədricən yumşaldılmalıdır. Sərtləşdirilmiş karantinlər dörd həftəlik, ya iki həftəlik və ya həftədə dörd gün olmaqla, ictimai nəqliyyat işləməməklə, işə gedənlər üçün isə SMS ilə 30 faizlik kvotalar yaratmaqla həyata keçirilə bilər".

N.Seyidov öz fikrini bir neçə faktla izah edib: "Bu ilin mart-may və iyul-avqust aylarında yalnız qapalı məkanlarda maska taxmaqla yoluxma sayını 30-40 rəqəmlərinə endirmişdik. Sərt karantin dövründə isə maskaların açıq havada istifadəsinin əlavə qoruyucu effekti çox aşağıdır".

Azərbaycan koronavirus vaksinini nə vaxt alacaq? - TƏBİB-dən açıqlama
Gözlə

No media source currently available

0:00 0:06:31 0:00

"Açıq havada, ətrafda kimsə yoxdursa..."

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl da AzadlıqRadiosuna bildirib ki, açıq havada maskanın istifadəsi məcburi olmamalıdır: "Açıq havada, ətrafda kimsə yoxdursa, maskanın tibbi cəhətdən ciddi faydası yoxdur. Açıq havada maska taxması ilə bağlı qərarı verənlər də bunu çox yaxşı bilirlər, amma bu qərar nəzarət rahat olsun deyə, verildi".

Bununla belə, V.İsmayıl qeyd edib ki, açıq havada maska taxılmasının heç bir ziyanı yoxdur: "Maska standartlara uyğundursa, insan 10-15 saat da maskada qala bilər. Maskada işləyən adamlar var. Onda onlar nə etsinlər? Düzdür, insanın ürəyi sıxılır, amma biz indi ekstremal vəziyyətdəyik və ekstremal tədbirlər görməliyik".

"Küçədə virus uçmur"

Hərçənd, Rusiya Elmlər Akademiyasının əməkdaşı, akademik virusoloq Vitali Zverev hesab edir ki, açıq havada maskanın taxılması virusdan heç cür qoruya bilməz. Onun sözlərinə görə, maska insanların sıx toplaşdığı yerlərdə, metroda, marketlərdə taxılmalıdır. Küçədə isə, onun fikrincə, maska nəyinki faydasızdır, o, hətta ziyan vura bilər: "İki saatdan sonra maska qoruyucu vasitədən infeksiya yayan vasitəyə çevrilir. Bizdə koronavirusdan başqa havada bakteriyalar çoxdur və həmin bakteriyalar maskaya çökür sonra isə insanları yoluxdura bilər. Küçədə virus uçmur. Məsafəni saxlayırsınızsa, sizə heç nə yoluxmur".

Hökumətin məsuliyyəti

Açıq havada maska taxmaq tələbinə fərqli münasibətlər öz yerində. Bəzi ekspertlər də düşünürlər ki, hökumət əhalidən nələrisə tələb etməklə yanaşı, öz məsuliyyətini də unutmamalı, ağır xəstələr xəstəxanalara yerləşdirilməli, ev şəraitində müalicə alan şəxslər lazımı dərmanla təmin edilməlidirlər. Üstəlik, onların fikrincə, bəzi kütləvi tədbirlərə imkan verildiyi halda maska məsələsində israr etməyin əhəmiyyəti də azalır.

Pandemiya məsafədən təhsili çətinləşdirib. Xarici ölkələrlə müqayisə
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Onlar düşünürlər ki, bu məsələdə vətəndaş kimi, hökumətin də məsuliyyəti var, artan şikayətləri dinləmək lazımdır.

Səhiyyə Nazirliyindən cavab

Evdə müalicə olunan xəstələrə vitaminlər və hərarət salıcı dərmanlar verilir.

Bunu isə "Turan" agentliyinə Səhiyyə Nazirliyindən bildirilib.

Qurumdan qeyd edilməsinə görə, əhali yanlış olaraq düşünür ki, nazirlik koronavirusun müalicəsi üçün lazım olan bütün dərmanları verir: "Kompleks vitaminlər ona görə verilir ki, insanlar az simptomlu, yüngül gedişatlı xəstəlik zamanı yalnız vitamin kompleksi ilə və hərarəti salmaqla fəsad olmadan yaxşı nəticə əldə etsin. Həmin dərman kompleksi yaşayış üzrə poliklinikalar tərəfindən yalnız ilkin mərhələdə az simptomlu insanların hamısına verilir".

Nazirlikdən vurğulanıb ki, həkimlə məsləhətləşmədən heç bir dərman qəbul edilməməlidir, xəstə həkimin nəzarətində olmalıdır: "Bəzi adamlar özlərinə antibiotiklər, dərmanlar təyin edirlər və tələb edirlər ki, bu dərmanlar verilsin. Bu, çox yanlış fikirdir, düzgün deyil".

Nazirlikdən əlavə ediblər ki, poliklinikalar evdə müalicə alan xəstələr üçün nəzərdə tutulmuş dərmanları verməkdən imtina edirsə, pasient Səhiyyə Nazirliyinin 814 Çağrı Mərkəzinə şikayət edə bilər.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.6 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 178986 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 1966 nəfərin vəfat etdiyi açıqlanıb.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG