Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Ermənistan Azərbaycana qarşı ‘klastr bombalarından istifadə edib’


Arxiv fotosu
Arxiv fotosu

Hesabat standart beynəlxalq nəşrlərə istinadla yazır ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var

Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombları atıb. Bu haqda “Human Rights Watch” insan haqları təşkilatı dekabrın 15-də hesabat yayıb. Təşkilat bildirir ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.

Bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klastr bombaları ilə dörd hücumun gerçəkləşdirildyini sənədləşdirib. Bu hücumlarda ikisi uşaq olmaqla azı yeddi dinc şəxs öldürülüb, iki uşaq daxil 20 nəfər yaralanıb.

Dörd hücum

“Klastr sursatları qəddar silahdır, beynəlxalq sazişlə qadağan olunub, onlardan istifadə dinc həyatlara biabırçı sayğısızlığı göstərir. Həm Ermənistan, həm də Azərbaycan klastr sursatlardan istifadə etməməklə bağlı dərhal öhdəlik götürməli, onları qadağan edən sazişə qoşulmalıdır”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyib.

Klastr bombaları həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Onlar adətən havada açılır, böyük əraziyə çoxsaylı bombacıqlar yayır. Bu bombacıqların bəziləri toxunanda partlamaya, amma de-fakto mina kimi qala bilər.

“Human Rights Watch” 2-ci Qarabağ müharibəsində Azərbaycanın da dörd hücumda klastr sursatlara əl atdığını sənədləşdirdiyini, hücumlardan üçünün Xankəndinə, birinin Hadruta endirildiyi bildirirdi.

Azərbaycan rəsmiləri isə əməliyyatlar vaxtı klastr bombalardan istifadə etmədiyini bildirib, üstəlik yalnız hərbi hədəfləri vurduğunu bəyan edib.

Qurum oktyabrda Azərbaycanın Bərdə şəhərinə klastr bombası ilə hücumda 21 dinc sakinin öldürüldüyünü, 70 nəfərin yaralandığını sənədləşdirib.

HRW deyir ki, Ermənistan Bərdəyə kassetli bombalı raketlər atıb
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Yerevan təkzib edir

Azərbaycana hücumların biri Bərdədə, ikisi Goranboyda, biri Tərtərdə qeydə alınıb. Qurum hücum vaxtı həmin ərazilərdə, yaxud onların yaxınlığında hərbçi personalın, avadanlığın, texnikanın mövcudluğunu müəyyənləşdirə bilməyib.

“Human Rights Watch” noyabrın 27-də Yerevanda Xarici İşlər Nazirliyinin təmsilçisi ilə görüşüb. Sonuncu Ermənistanın arsenalına klastr sursatlarının olmadığını deyib.

Ancaq hesabat standart beynəlxalq nəşrlərə istinadla yazır ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Bunların hamısı kasset bombalı başlıqlar yaya bilir. Qurum bildirir ki, Dağlıq Qarabağdakı qüvvələrin klastr sursatları olmadığından bu hücumları ya Ermənistan qüvvələri həyata keçirib, ya da Dağlıq Qarabağdakı qüvvələri sursatla təmin edib.

“Klastr sursatları qadağan olunduğundan heç bir şəraitdə istifadə olunmamalı, yaxud başqasına verilməməlidir”, – Human Rights Watch bildirir.

Xatırlama

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG