Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:35

Bakıda ölümlərə səbəb olan saxta içkilər necə hazırlanıb


Spirtli içkilər
Spirtli içkilər

Bakıda dörd nəfərin ölümünə, 6-sının isə sağlamlığını itirməsinə səbəb olan spirtli içkilərlə bağlı istintaq yekunlaşıb. Bu iş üzrə məhkəmə araşdırmaları başlayır. Hakim qarşısına 12 nəfər çıxarılıb ki, onların arasında restoran və mağaza müdirləri də var.

İçkidən zəhərlənib vəfat edənlərdən biri də Nərimanov rayonu, 18-ci polis bölməsinin cinayət-axtarış şöbəsinin rəisi olmuş 32-yaşlı Sərxan Bayramovdur. Dostu və qohumu Cəlal Həmzəyev isə zəhərlənmə nəticəsində hər iki gözündə görmə qabiliyyətini itirib.

Bu hadisələrə görə həbs olunan 12 nəfərə CM-in 200 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə, satma), 213-1.1 (aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, saxlama, idxal etmə) və 314 (səhlənkarlıq) və başqa maddələri ilə ittiham irəli sürülüb.

İçkini market və şərab evlərindən alıblar

Araşdırmalar zamanı zəhərlənməyə səbəb olan viski və digər spirtli içkilərin hansı restoranlarda verildiyi, harada satıldığı müəyyənləşdirilib. Həmin restoranlardan birini icarə əsasında işlətmiş Füzuli Alıyev də təqsirləndirilənlər sırasındadır. Amma o, özünü təqsirli bilmir. O, istintaq dövründə də ittihamlarla razılaşmadığına görə bir sıra sənədləri imzalamaqdan imtina edib.

Vəfat edən polis zabiti onun rəhbərlik etdiyi restoranda spirtli içki qəbul edib. F.Alıyev deyir ki, 7 il idi S.Bayramovla dostluq edirdilər, onun restoranına tez-tez gəlib-gedirdi. Axırıncı dəfə də gecə saatlarında qohumu Cəlal Həmzəyevlə gecə saat 4-5 radələrinə qədər restoranda olub, yemək yeyib, viski içiblər. İki gün sonra isə S.Bayramovun zəhərlənib öldüyünü eşidib. Onunla yanaşı, daha üç nəfər zəhərlənib: "Sərxangil həmin gün bizim restorana gələnə qədər Nərimanovda başqa bir restoranda da olmuşdular".

F.Alıyev həmin içkilərin restorana necə gəldiyini də danışıb. O bildirib ki, əksər hallarda yaxınlıqdakı market və şərab evlərindən alırdılar.

Restoranda axtarış aparılarkən oradan aksiz markası olmayan içkilər tapılıb. F.Alıyev həmin içkiləri ucuzluğuna görə Xəyal adlı şəxsdən aldığını deyib: "Onu bir il əvvəl bir tanışın ad günündə tanımışam. Dedi ki, spirtli içkilərin topdan satışıyla məşğul olur. İki-üç ay sonra ondan müxtəlif adda viski, araq və başqa içkilər almağa başladım. O içkilərin harada, hansı şəraitdə və kim tərəfindən hazırlanması barədə məlumatım yoxdur".

Şüşələri 1-5 manata, qapaqlarını 1-2 manata

Bakıda bir neçə şərab mağazası işlətmiş Xəyal Cəfərov da həbs olunub. O, özünü təqsirli bilir. Deyir ki, şərab mağazalarını icarəyə götürüb işlədirdi, maddi səbəblərdən sonradan bağlamalı olub. Sata bilmədiyi spirtli içkiləri isə Sulutəpə qəsəbəsində yerləşən evinə yığıb, alıcı düşdükcə satıb.

Son iki-üç ildə bu işlərlə məşğul olduğunu deyən X.Cəfərov etiraf edib ki, müxtəlif marketlərdən ucuz içkilər alıb. Həmin içkiləri daha bahalı, brend sayılan içki şüşələrinə tökərək restoranlara satıb. Boş şüşə və qapaqları isə Səxavəddin Həsənovdan alırmış – şüşələri 1-5 manata, qapaqlarını isə 1-2 manata. Onun sözlərinə görə, içkiləri də real bazar qiymətindən ucuz satırdı.

X.Cəfərov ifadəsində saxta araq hazırlanmasından da danışıb. O bildirib ki, 8 litr suya 5 litr spirt qatırdılar.

Saxta içkilərdən zəhərlənmə və ölüm halları ilə əlaqədar məhkəmə araşdırmaları davam edir.

Bu cinayət işi üzrə məsuliyyətə cəlb olunanlara verilən ittihamlar sübuta yetirilərsə, onları 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG