Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:45

Zəfər Paradı günündə 'acılar və şirinlər'


Bakıda hərbi parada hazırlıq. 8 dekabr 2020
Bakıda hərbi parada hazırlıq. 8 dekabr 2020

Dekabrın 10-da Bakıda Zəfər Paradı keçirilir. Paradın 44 gün davam edən savaşın zəfərlə başa çatmasına həsr edildiyi bildirilib.

İkinci Qarabağ savaşı və üçtərəfli razılaşma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

A.Mirzəzadə
A.Mirzəzadə

"Azərbaycan torpaqlarının böyük və əhəmiyyətli hissəsini işğaldan azad etdi"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə "Turan" agentliyinə deyib ki, Azərbaycan böyük nailiyyətlərə imza atıb: "Birincisi, indiyə qədər əldə etdiklərimizin nəticəsində biz qələbə qazandıq. İkincisi, Azərbaycanın bir dövlət kimi qüdrətini bütün dünya gördü və, ən əsası, biz milli birliyi, xalqın qətiyyətini gördük. Azərbaycan torpaqlarının böyük və əhəmiyyətli hissəsini işğaldan azad etdi. Bir hissəsini hərbi yolla, hərbidə qazandığı qələbələr hesabına isə üç rayonu bir güllə atmadan azad etdi. Ermənistanla sərhədimiz tamamilə nəzarətimiz altına keçdi və artıq ortada keçmiş Dağlıq Qarabağ bölgəsinin status məsələsi yoxdur".

"Problem, əsasən, həll edilib"

A.Mirzəzadənin deməsinə görə, həmin Dağlıq Qarabağ bölgəsində bütün proseslər Azərbaycanın razılığı ilə həyata keçməlidir: "Bu günlərdə Rusiyadan Dağlıq Qarabağ bölgəsinə humanitar yardımla bağlı yüklər Azərbaycanın razılığı ilə Gəncə aeroportunda boşaldılaraq Ağdam vasitəsilə aparıldı. Bu baxımından hesab edirəm ki, problem, əsasən, həll edilib, digər məsələlər isə artıq siyasi yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mütləq həllini tapacaq".

Qarabağı itirdiyi üçün Ermənistan büdcəsi 20 faiz kiçiləcək- Ekspert
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

"Azərbaycan burada hər şeyi sıfırdan başlamalıdır"

A.Mirzəzadə qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarda bərpa işləri ilə bağlı bir neçə ölkə öz təkliflərini göndərib: "Azərbaycan burada hər şeyi sıfırdan başlamalıdır. Bunu, əlbəttə ki, Azərbaycan öz gücü ilə edəcək. Bununla belə, xarici ölkələrin şirkətlərinin burada iştirakı gözləniləndir və ilk təkliflər artıq Türkiyə şirkətlərindən gəlib, onlara razılıq verilib. Eyni zamanda, İran şirkətləri tərəfindən bu bərpa işlərində iştirak ilə bağlı təkliflər var. Azərbaycana İtaliya şirkətləri də öz təkliflərini göndərib və digər ölkələrlə belə əlaqələr olacaq. Orada çox böyük həcmdə bərpa və quruculuq işlərinin görülməsi planlaşdırılır. Burada iştirak etmək istəyən hər bir xarici ölkə şirkətinə yer tapılacaq".

"Azərbaycana xarici investisiya qoyuluşu da artacaq"

Deputat hesab edir ki, Azərbaycana xarici investisiya qoyuluşu da əhəmiyyətli dərəcədə artacaq: "Çünki, birincisi, investisiya üçün kifayət qədər böyük sahələr var. İkincisi isə, bu, həm Azərbaycan, həm investisiya qoymaq istəyən şirkətlərin xeyrinə olacaq. Böyük tikinti işləri gedəcək, kommunikasiyalar qurulacaq, yollar çəkiləcək, emal müəssisələrinin yaradılması, turizm obyektləri, müasir texnoloji avadanlıqlar olan müəssisələrin yaradılması gözlənilir və bura investisiya arzuolunandır. Eyni zamanda, qeyd edim ki, orada elm, təhsil, səhiyyə, istirahət sektorlarına da böyük investisiya qoyulacaq".

A.Hacılı
A.Hacılı

"12 min kvadratkilometrlik ərazinin 9 min kvadratkilometri..."

Müsavat Partiyasının başqanı Arif Hacılı da AzadlıqRadiosuna deyib ki, Azərbaycanın qazancları çoxdur: "Əvvəla, işğal altında olan 12 min kvadratkilometrlik ərazinin 9 min kvadratkilometri işğaldan azad olundu və yeddi rayonumuz tam şəkildə nəzarətimiz altına keçdi. Bundan başqa, Azərbaycan Ermənistan havadarlarının basqılarına rəğmən, haqlı olduğunu sübut etdi".

A.Hacılının sözlərinə görə, Azərbaycan beynəlxalq aləmdə ona dost olan və olmayan ölkələri də tanıyıb: "Azərbaycanla Türkiyənin dostluq, əməkdaşlıq, o cümlədən hərbi əməkdaşlıq münasibətləri ciddi şəkildə yüksəldi. Bundan başqa, Ukrayna ilə, İsrail ilə, Pakistanla münasibətlərimizdə yeni çalar üzə çıxdı. Gələcək üçün Azərbaycanın müttəfiqi olan bu və digər ölkələrlə əməkdaşlıq perspektivlərimizi artırdı. Hesab edirəm ki, bütün bunlar bizim qazancımızdır".

Müsavat başqanın fikrincə, Azərbaycan dünya birliyində öz yerini təsdiq edən, öz ərazilərini işğalından qorumağa qadir olan bir dövlət olduğunu sübut edib.

"Siyasi mənada böyük itkimiz Rusiya silahlı qüvvələrinin..."

A.Hacılının sözlərinə görə, Azərbaycanın ən böyük itkisi vətən uğrunda həlak olan insanlardır: "Ən böyük itkimiz bizim şəhidlərimizdir. 2 min 783 şəhidimiz var, itkin düşənlərimiz var, minlərlə yaralımız var. Ən böyük itkilərimiz odur. Bundan başqa, siyasi mənada böyük itkimiz Rusiya silahlı qüvvələrinin yenidən Azərbaycan ərazisinə qayıtmasıdır. Bu, çox ciddi məsələdir. Xalqımızın, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri bu qoşunların Azərbaycan ərazisindən çıxması və Azərbaycanın suveren hüquqlarının yalnız Aran Qarabağda yox, eyni zamanda, Yuxarı Qarabağ əraziləri olan Xankəndidə, Xocavənddə, Xocalıda, bütün Azərbaycan ərazisində tam şəkildə tətbiq olunmasına nail olmaqdır".

"Qarabağı Türkiyə şirkətləri tikə bilər"- Beynəlxalq ekspert
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

"Xalqların təhlükəsizliyinə təminat verməlidir"

Partiya rəhbəri vurğulayıb ki, regionda yeni siyasi münasibətlərin qurulması istiqamətində çalışmalar başlamalıdır: "Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən Mehri ərazisindən yeni kommunikasiya xətlərinin, dəmir, avtomobil yollarının çəkilməsi və buradan gediş-gəlişinin bərpa olunması istiqamətində işləri artırmaq çox vacibdir. Eyni zamanda, Azərbaycan, regionun lider dövləti kimi, bu regionda heç kəsin köməyi, xüsusilə Rusiyanın müdaxiləsi olmadan Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən Yuxarı Qarabağ ərazisində yaşayan xalqların təhlükəsizliyinə təminat verməlidir".

"Bu, düzgün siyasətdir"

A.Hacılı qeyd edib ki, Azərbaycan son illər ərzində iqtisadi baxımından inkişafda olan bir dövlətdir: "Bunun bir səbəbi Azərbaycanda enerjidaşıyıcıların olması, neft, qaz istehsalı və satışıdırsa, digər səbəbi xalqının zəhmətkeş olması, iqtisadi inkişafda maraqlı olması ilə bağlıdır. Mən əminəm ki, qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə çox ciddi abadlıq işləri aparılacaq, orada yeni kommunikasiyalar yaradılacaq, həmin əraziyə investisiyalar yüksək səviyyədə olacaq. Hesab etdiyim düzgün siyasət ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti tərəfindən rəsmən bəyan olundu ki, hazırda işğaldan azad olunmuş ərazilərdə gedəcək işlərlə əlaqədar yalnız Azərbaycana dost olan ölkələrin investisiyalarına şərait yaradılacaq. Bu, düzgün siyasətdir...".

Qarabağ üçün azı 25 milyard manat lazım olacaq
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

"Azərbaycan hakimiyyəti təşəbbüsü ələ almalıdır"

A.Hacılı sonda da deyib ki, Azərbaycan hakimiyyəti təşəbbüsü ələ almalıdır: "Xankəndidə, Xocavənddə, Xocalıda Rusiyanın hər hansı humanitar yardım adı altında dövlət siyasətini yeritmək, bu əraziləri öz nəzarəti altına götürmək istiqamətində addımlarına şərait yaratmamalıdır. Burada Azərbaycan yalnız Şuşanın, Ağdamın üzərində həm siyasi, həm iqtisadi nəzarətini bərpa etməməlidir. Həmçinin, Xankəndinin, Xocalının, Xocavəndin üzərində də bu nəzarəti həyata keçirmək istiqamətində ciddi siyasi diplomatik addımlar atmalı və iqtisadi məsələlərdə təşəbbüskarlığını artırmalıdır".

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 3-də bildirmişdi ki, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, min 245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib. Həmin savaşda 94 mülki şəxsin də həlak olduğu, 400-dən çoxunun isə yaralandığı açıqlanmışdı.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG