Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 05:59

Orduya dəstək yürüşünə görə saxlanmış 15 nəfər də buraxıldı


Cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən şəxs var ki, onlardan 36-sı haqqında həbs-qətimkan tədbiri seçilmişdi.
Cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən şəxs var ki, onlardan 36-sı haqqında həbs-qətimkan tədbiri seçilmişdi.

Bu ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşündə baş verənlərə görə həbsdə olan 15 nəfər ev dustaqlığına buraxılıb. Dekabrın 7-də Səbail rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Məhkəmənin sədri Ağamalı Qafarov prokurorluğun vəsatəti əsasında bu işə baxıb. Prokurorluğun vəsatətində göstərilib ki, həbsdə olan şəxslərin ailə vəziyyəti, bir çoxunun himayəsində azyaşlı uşaqların olması, az ağır cinayətlər kateqoriyasından olan əməllərdə ittiham edilmələri və s. halları nəzərə alaraq, onların ev dustaqlığına buraxılması məqsədəuyğun hesab edilir.

Təqsirləndirilən şəxslər məhkəməyə gətirilməsə də, Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə prosesinə qoşulublar.

Üçü AXCP fəalıdır

Ev dustaqlığına buraxılan 15 nəfərdən üçü Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır. Bunlar AXCP Təşkilat şöbəsinin əməkdaşı Ramid Nağıyev, partiyanın Qaradağ rayon şöbəsinin sədri Elnur Həsənov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevdir. Bundan başqa, Naxçıvan MR daxili işlər nazirinin keçmiş müavini Siyavuş Mustafayev, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov da həbsdən buraxılanlar sırasındadır.

Bu cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən şəxs var ki, onlardan 36-sı haqqında həbs-qətimkan tədbiri seçilmişdi. Bunlardan 21 nəfəri noyabrın 16-da ev dustaqlığına buraxılmışdı. Onda da Səbail rayon Məhkəməsi prokurorluğun vəsatəti əsasında buna qərar vermişdi. O zaman ev dustaqlığına buraxılanlar arasında 12 nəfər AXCP funksioneri, o cümlədən partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Qarabağ əlili Asif Yusifli də vardı.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (özgə əmlakını zədələmə və ya məhvetmə), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə (polisə) qarşı zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materialları sentyabrın sonunda məhkəməyə göndərilsə də, indiyədək məhkəmə prosesi keçirilməyib. Bir dəfə məhkəmənin hazırlıq iclası oktyabrın 27-nə təyin edilib, lakin sonradan təxirə salınıb.

Ruslan Əmirovun işi üzrə istintaq gedir

Cinayət işinin materialları məhkəməyə göndərilərkən AXCP-nin daha bir üzvü, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Ruslan Əmirov da bu iş üzrə saxlanılıb. O, təqsirləndirilən şəxs qismində tanınsa da, barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Onun işi üzrə istintaq davam edir.

Cinayət işinin materiallarında iddia olunur ki, yürüşdən sonra bir qrup şəxsin Milli Məclisə daxil olması, orada əmlaka ziyan vurulması, polis maşınının aşırılması və s. Almaniyada yaşayan və sosial şəbəkələrdə hökumətin ünvanına sərt ifadələr səsləndirən Qabil Məmmədov və həyat yoldaşının təşkilatçılığı ilə baş verib.

Bu iş üzrə təqsirləndirilən AXCP üzvləri ittihamların saxta olduğunu deyir. Onlar bildirib ki, həbs olunan cəbhəçilərin bir çoxu, ümumiyyətlə, yürüşdə iştirak etməyib. Partiya sədri Əli Kərimli bəyan edib ki, cəbhəçilərin həbsi prezident İlham Əliyevin iyulun 15-də Xalq Cəbhəsi haqda tənqidi çıxışından qaynaqlanıb.

Azərbaycan rəsmiləri isə siyasi motivli həbslər barədə deyilənləri təkzib edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG