Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:10

'Hökumət açıqlamalıdır ki, kimə dərman verib, kimin təzyiqini ölçüb'


Ə.Vəliyev
Ə.Vəliyev

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu günlərdə "Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi" sərlövhəli məqalə yazıb.

Məqalədə o, dialoq mövzusuna da toxunub. Ə.Vəliyevin qeyd etdiyinə görə, siyasi partiyaları respublikanın ictimai-siyasi həyatında daha yaxından iştiraka cəlb etmək məqsədilə bir sıra qəzet və televiziya kanallarında "müvafiq mövzular üzrə çıxışları şöbə tərəfindən təmin edilir".

"Tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilmişdir"

"Ölkədə aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilmişdir. Partiyaların ofislə təmin edilməsi üçün ilk dəfə olaraq addımlar atılmışdır. Sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə normal fəaliyyətinin təmin olunması üçün şöbə tərəfindən mütəmadi qaydada yerli icra orqanları ilə iş aparılır,...", -deyə o yazıb.

Ə.Vəliyev daha sonra da vurğulayıb ki, "bu ilin fevralından etibarən başlamış danışıqlar və partiyalararası konstruktiv əməkdaşlığın qurulması prosesindən özünü kənara çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası və özünü "Milli Şura" adlandıran qurum olmuşdur".

Hazırda bu məsələ cəmiyyətdə çox sıx müzakirə edilir.

Ş.Cəfərli
Ş.Cəfərli

Politoloq Şahin Cəfərli AzadlıqRadiosuna deyib ki, dövlət hakimiyyətini həyata keçirən hökumətlərin vəzifəsi Konstitusiya və qanunlar əsasında bütün hüquq və azadlıqlara, onların praktikada reallaşdırılmasına təminat verməkdir:

"Bundan sonrası partiyaların öz işidir. İstəsələr, respublikanın ictimai-siyasi həyatında daha yaxından, istəməsələr, bir qədər uzaqdan iştirak edərlər. Bu iştirakın səviyyəsini, statusunu müəyyən etmək həm də xalqın ixtiyarında olan məsələdir...".

"Absurd səslənir"

Onun fikrincə, partiya liderlərinin mediada çıxışlarının hakimiyyət tərəfindən təşkil olunması da absurd səslənir: "Siyasi partiyaların, müxalifət liderlərinin ictimai əhəmiyyət kəsb edən fəaliyyətlərini, çıxışlarını xalqa çatdırmaq medianın bilavasitə vəzifəsidir. Üstəlik, adı çəkilən telekanalların əksəriyyəti hüquqi olaraq müstəqildir, Prezident Administrasiyası onlara necə göstəriş verə bilər? Hələ, üstəlik, Ədalət müəllim mövzuların müəyyən olunmasında da iştirak edirmiş...".

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də qeyd edib ki, maraqlı olan ölkə vətəndaşlarının müalicə-sağlamlıq məsələsinin ən yüksək siyasi idarə vasitəsilə həllini tapmasıdır:

A.Məmmədli
A.Məmmədli

"Niyə... Prezident Administrasiyası həll etməlidir?"

"Niyə vətəndaşlar, o cümlədən, siyasi partiya və ictimaiyyət təmsilçilərinin tibbi xidmətlə bağlı qayğılarını Prezident Administrasiyası həll etməlidir? Niyə Səhiyyə Nazirliyi hamı üçün normal tibbi xidmət sistemi qura bilmir? Niyə ictimai səhiyyə xidməti hamı üçün əlçatan deyil?".

Bu fikirlərə özəl televiziyaların və Səhiyyə Nazirliyinin münasibətini almaq mümkün olmayıb. Amma hakimiyyətlə dialoqda iştirak edən 50 partiyanın bəzilərinin təmsilçilərinin bu məsələlərə münasibəti öyrənilib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı "Turan" agentliyinə deyib ki, Ə.Vəliyev yazdığı məqalədə müharibə dövründə Azərbaycanın siyasi həyatının bütün mənzərəsini geniş əks etdirib. O, əlavə edib ki, müəllif siyasi partiyaların müharibədə dövlətə dəstək, Yeni Azərbaycan Partiyası və müxalif partiyaların hamısının bir arada Azərbaycana qarşı Avropa dövlətlərdən gələn mövqelərə cavab vermələrinin nə qədər vacib olduğunu geniş əks etdirib: "O cümlədən, hakimiyyətə yaxın olan qəzetlərdə müxtəlif siyasi partiyaların fikirlərinin ardıcıl işıqlandırılması, siyasi proseslərin fəallaşması haqqında məqalədə çox maraqlı fikirlər var".

S.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanda hazırkı dövrdə siyasi mühitin yaxşılaşdırılması göz qabağındadır:

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Partiyalar orada vətən ətrafında birləşiblər"

"Müharibə dövründə xalqımızın birliyi, şübhəsiz ki, müharibənin taleyinə təsirini göstərdi. Bizim Vətəndaş Həmrəyliyi Partiyasının 100-ə yaxın üzvü müharibədə əsgər qismində iştirak etdi. Belə məsələlərdə partiya prinsipi yoxdur axı, orada vətən prinsipi var. Partiyalar orada vətən ətrafında birləşiblər... Partiyalar arasında dialoq keçirilib. Bütün partiyalar həmin onlayn dialoqda iştirak edib. Artıq bu dialoq mühiti yaradılıb və partiyalar bir-birilə asanlıqla əlaqə saxlayırlar, fikir bildirirlər, mövcud problemləri müzakirə edirlər...".

Deputatın deməsinə görə, siyasi partiyalar çalışır ki, Azərbaycanda qanunun aliliyi təmin olunsun, insan haqları qorunsun, mətbuat azadlığı, demokratiyanın inkişafı olsun: "Bütün bunlar bizim öz cəmiyyətimizin sifarişidir. Bu sifarişi biz, həm iqtidar, həm müxalifət partiyaları bir yerdə müzakirə edəndə, təbii ki, nəticələr daha uğurlu olacaq".

ReAL Partiyasının Siyasi Şurasının üzvü Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Ə.Vəliyev "İctimai" və Dövlət (AzTV) televiziyaları ilə bağlı belə bir fikir səsləndirsəydi, məntiqli olardı:

"Bir daha sübut edir ki, Azərbaycanda media azadlığı yoxdur"

"Çünki "İctimai" kanalda hamımız iştirak edirik, bu kanalın büdcəsi hamımızın vergilərdən formalaşır. AzTV də büdcədən maliyyələşir. Burada müxalifətin fikirlərini səsləndirməsi üçün hökumətin hansısa addım atması alqışlanılandır, çünki bu kanallar onların nəzarətindədir. Amma özəl kanallarla bağlı belə bir fikir söylənməsi bir daha sübut edir ki, Azərbaycanda media azadlığı yoxdur. Hətta formal olaraq özəl kanallar belə hakimiyyətin nəzarəti altındadır. Bu isə yaxşı bir şey deyil. Ədalət Vəliyevin bu açıqlaması, əksinə, hakimiyyətin media siyasətində hansı yol tutduğundan xəbər verir".

N.Cəfərli
N.Cəfərli

N.Cəfərli qeyd edib ki, məişət və sağlamlıq məsələsinə gəlincə, bununla bağlı hökumət tərəfindən ayrıca açıqlamanın verilməsi daha doğru olardı:

"O partiyaların adlarını açıqlasalar, daha yaxşı olar"

"Çünki hakimiyyətlə dialoq masasında iştirak edən 50 partiya var və bu açıqlamalarda həmin hissənin kimlərə şamil olduğunu özləri desə, yaxşı olar. ReAL Partiyası da bu formatda iştirak edir və biz yalnız siyasi görüşlərimizi, müzakirəmizi ictimaiyyətə açıqlamışıq, çünki danışığımız bu yöndə olub. Bu günə kimi kimə təzyiq olunub, kimə hökumət tərəfindən sağlamlıqla bağlı yardımı olunub, o partiyaların, yaxud təşkilatların adlarını açıqlasalar, daha yaxşı olar".

N.Cəfərli daha sonra da deyib: "Çünki bizim tərəfdən bu günə qədər aparılan görüşlərin (təxminən 10 görüş olub) əsas məğzi ölkədə ictimai-siyasi vəziyyət, ölkənin qarşısında duran problemlərin həlli, qeyri-hökumət təşkilatları (QHT), siyasi partiyalarla bağlı qanunvericiliyin dəyişdirilməsi, media siyasəti ilə əlaqəli olub. Bizim apardığımız danışıqlarda yalnız ölkə üzrə problemlərin həlli ilə bağlı müəyyən məsələlər qaldırılıb".

Partiya nümayəndəsi vurğulayıb ki, hökumətlə görüşlərin nəticəsində müəyyən nəticələr əldə olunub: "Məsələn, QHT qanunvericiliyinin dəyişdirilməsini tələb etmişik və danışıqlarda bu məsələni qaldırmışıq. Bizim partiyamızın nümayəndəsi, parlament təmsilçisi Erkin Qədirli dörd görüş keçirib və biz bütün təklifləri toplayıb hökumətə verdik, QHT-lərlə görüş oldu. Bundan sonra Hikmət Hacıyev (Prezidentin köməkçisi) müharibədən öncə bir neçə görüş keçirtdi və artıq təkliflər toplanıb. Yəni, biz bu məsələlərin həllini danışıq masasında qaldırmışıq".

AŞPA həmməruzəçisi: 'Müxalifət düşmən deyil'
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

"Ölkədə tək sədrdən ibarət partiyalar var"

N.Cəfərlinin deməsinə görə, ölkədə tək sədrdən ibarət partiyalar var: "Onlar öz şəxsi problemlərini həll ediblərsə, bu, artıq hökumət tərəfindən həmin partiyalara münasibətdən xəbər verir. Bunu da hökumət özü açıqlamalıdır ki, kimə dərman verib, kimin təzyiqini ölçüb".

Bununla belə, N.Cəfərli vurğulayıb ki, dialoqun özü-özlüyündə olması çox pozitiv məsələdir: "Məsələlər müzakirə olunmalıdır. Hakimiyyətlə müxalifət arasında kommunikasiyaların olması özü-özlüyündə pozitiv məqamdır və bunun olması ölkədə bir çox problemlərin həllində müəyyən işlərin görülməsinə təkan verir. Amma bu o demək deyil ki, ölkədə problem yoxdur. Ölkədə çoxlu sayda sosial, iqtisadi və siyasi problemlər var və bu problemlərin həllinin ən yaxşı məkanı parlamentdir".

"...Gələcəkdə bu dialoq masasında daha ciddi məsələlərin müzakirəsi olacaq"

Onun deməsinə görə, Azərbaycanda indiyə qədər normal parlament formalaşsaydı, heç ayrıca bir dialoq masasına da ehtiyac qalmazdı: "Parlamentdə siyasi təmsilçilər ölkənin problemlərini dilə gətirib orada çözümlər yarada bilərdilər. İndiki konfiqurasiyada parlament bu funksiyanı yerinə yetirə bilmir. Çünki seçkilər uzun illərdir saxtalaşdırılıb və normal parlament formalaşmayıb. Ona görə o parlamentin funksiyasının bir hissəsini də məhz bu dialoq masası öz üzərinə götürə bilər. Mən əminəm ki, gələcəkdə bu dialoq masasında daha ciddi məsələlərin müzakirəsi olacaq".

N.Cəfərli deyib ki, yeni Konstitusiyasından tutmuş, yeni seçki sisteminə, yerli özünüidarəetmənin inkişafına qədər bir çox məsələlərin artıq həllinin zamanı çatıb.

Rəsmilər isə, bir qayda olaraq, seçkilərlə bağlı tənqidləri qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə bütün seçkilər azad və ədalətli formada keçirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG