Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:37

Tramp seçki məmurunu işdən çıxarıb


Donald Tramp (solda) Kristofer Krebslə görüşür
Donald Tramp (solda) Kristofer Krebslə görüşür

Prezidentin sözlərinə görə, Krebsin agentliyinin seçkinin təhlükəsizliyini müdafiə edən bəyanatı “qeyri-dəqiq olub”

ABŞ Prezidenti Donald Tramp aparıcı federal kibertəhlükəsizlik rəsmisini işdən çıxarıb. Həmin rəsmi 2020-ci il prezident seçkisinin təhlükəsiz keçdiyini demiş, prezidentin kütləvi saxtakarlıq iddialarını rədd etmişdi.

Tramp noyabrın 17-də tvitində Kristofer Krebsi işdən çıxardığını elan edib. Prezidentin sözlərinə görə, Krebsin agentliyinin seçkinin təhlükəsizliyini müdafiə edən bəyanatı “qeyri-dəqiq olub”.

Prezidentin iddiası

Prezident tvitində iddia edib ki, seçkidə “kütləvi uyğunsuzluq və saxtakarlıq” baş verib. O, vəfat etmiş şəxslərin səs verdiyini, müşahidəçilərin səsvermə məntəqələrinə buraxılmadığını, texniki problemlərin olduğunu iddia edib.

“Twitter” dərhal bu tvitin üzərində yazıb ki, “Seçki saxtakarlığı haqda bu iddia mübahisəlidir”.

Tramp Demokrat partiyasından prezident seçilmiş Co Baydeninin qələbəsini qəbul etmir, seçkinin “saxtalaşdırılması” iddialarını davam etdirir.

Onun vəkilləri çoxsaylı ştatlarda seçki nəticələrini mübahisələndirən məhkəmə iddiaları qaldırıblar. Amma iddiaların çoxu dəlil olmadığından rədd edilib.

Krebs Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) rəhbəri idi. Bu qurum 2016-cı il seçkisinə Rusiyanın müdaxiləsi iddialarından sonra yaradılmışdı.

Krebs səsvermə infrastrukturunu xarici müdaxilə və fırıldaqdan qorumağa çalışan aparıcı rəsmilərdən idi. Hər iki partiyadan konqresmenlər, seçki rəsmiləri onun işini tərifləyirdi.

Ötən həftə agentlik bəyanatında bildirib ki, 2020-ci il seçkisi “Amerika tarixində ən təhlükəsiz seçki olub”.


“Düzgün işlədik”

Krebs həmçinin Twitter-də prezidentin seçkidə saxtakarlığa dair əsassız iddialarını təkzib edirdi. İşdən çıxarılandan sonra Twitter-də yazıb.

“Xidmət etməkdən şərəf duydum. Düzgün işlədik. Bu günü müdafiə elə, gələcəyi təmin et”.

Bir sıra konqresmenlər prezidentin qərarını tənqid ediblər. Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi deyib ki, Krebs hörmətli kibertəhlükəsizlik ekspertidir, seçkini qorumağa çalışıb.

“Bu vətənpərvər xidməti mükafatlandırmaq əvəzinə Prezident Direktor Krebsi həqiqəti dediyi, Trampın seçkidə saxtakarlıq kampaniyasını rədd etdiyi üçün işdən çıxarıb”, – o, tvitində yazıb.

Senator Ben Sasse (Republican-Nebraska) də Krebsi müdafiə edib.

“Kris Krebs həqiqətən yaxşı işləyib, ölkə boyu seçki məmurları bunu sizə deyə bilər, o, işdən çıxarılmamalıydı”, – Sasse bəyanatında vurğulayıb.

Noyabrın 18-də agentliyin icraçı direktoru Brendon Uelsin Krebsin vəzifəsini icra etməyə başlayacağı gözlənir. Bunu Reuters“ agentliyin adını çəkmədiyi rəsmisinə istinadla yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG