Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 00:15

Pompeo Gürcüstana gəlir


Mayk Pompeo

O, ölkə liderləri ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcək

Noyabrın 17-də ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Gürcüstana səfəri gözlənir. O, ölkə liderləri ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcək.

Pompeo Gürcüstana bu gün axşam Türkiyədən gələcək. Noyabrın 18-də Prezident Salome Zurabişvili, Baş nazir Giorgi Qaxaria, Xarici işlər naziri Davit Zalkaliani, vətəndaş cəmiyyətinin təmsilçiləri, Gürcüstan Pravoslav Kiləsinin lideri II Patriarx İlya ilə görüşəcək.

ABŞ-ın Cənubi Qafqaza verdiyi əhəmiyyət

Yüksək səviyyəli görüşlərdə ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Xartiyasının prioritetləri, müdafiə və təhlükəsizlikdən savayı bir çox sahələrdə – ticarət, təhsil və mədəniyyət sektorlarında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu səfər ABŞ-ın bu ölkənin suverenliyi və ərazi bütövlüyünə, ölkənin demokratik inkişafı və Avropaya inteqrasiyasına dəstəyini bir daha təsdiqləyəcək.

Pompeonun səfəri həmçinin ABŞ-ın Cənubi Qafqaza verdiyi əhəmiyyəti göstərir. Bu yaxınlarda Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunub.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Pompeo ölkəsinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bildirəcək, demokratik islahatlar üzrə proqresə çağıracaq.


Müxalifət səssiz yürüş keçirəcək

Gürcüstan müxalifəti parlament seçkilərinin yenidən keçirilməsini tələb edir. Pompeonun səfəri zamanı bəzi müxalifətçilər Tbilisidə seçkinin nəticələrinə səssiz yürüş keçirəcəklər.

Bir sıra müxalifət partiyaları parlamentdə təmsilçilik qazansalar da, 31 oktyabr seçkisinin nəticələrini şübhə altına alırlar. Hakim “Gürcü Arzusu” koalisiyası seçkinin qalibi elan olunub.

Müxalifət seçkinin saxtalaşdırıldığını, yeni seçilmiş parlamenti boykot edəcəyini deyir.

“Gürcü Arzusu” isə yeni seçki tələblərini rədd edərək səsvermənin azad və ədalətli keçirildiyini bildirir.

Pompeo Gürcüstandan sonra İsrailə, daha sonra Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək.

3 noyabr seçkisində Demokrat Partiyasının namizədi Co Bayden prezident seçilib. Prezident Donald Tramp isə seçkinin nəticəsini qəbul etmir, qələbəsinin “oğurlandığını” deyir.

XS
SM
MD
LG