Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:32

Qərb mediası Kəlbəcərdəki dağıntılardan yazır


Dadivəng monastırı, 13 noyabr, 2020-ci il
Dadivəng monastırı, 13 noyabr, 2020-ci il

“The New York Times” qəzeti Kəlbəcərdən köç edən ermənilərin özləri ilə daşıya bildiklərinin hamısını apardığını yazır

Noyabrın 15-dək Kəlbəcər rayonu işğaldan azad olunaraq Azərbaycana təhvil verilməliydi. Amma elə həmin gün açıqlanmış rəsmi məlumata görə, Azərbaycan Ermənistana daha 10 gün möhlət verdi. İndi gözlər noyabrın 25-nə dikilib. Ondan öncə– noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın Azərbaycana təhvil verilməlidir.

“The New York Times” qəzeti Kəlbəcərdən köç edən ermənilərin özləri ilə daşıya bildiklərinin hamısını apardığını yazır – mebel, mal-qara, şüşə qapılar... Gedənlərin çoxu evlərinə də yandırır, bu görüntülər artıq dünya mediasında yayılmaqdadır.

“Yanan evlərin yanında köhnə, 25 il qabaq azərbaycanlıların tərk etdiyi evlərin xarabalıqları görünür”, – qəzet yazır.

“Bunu necə yandırım, axı? Vicdanım yol verməz”, – 53 yaşlı erməni Aşot Xanesyan deyir ki, qonşuları onu evini dağıtmağa səsləsə də buna getməyib. O, toyuq-cücəsinin ayaqlarını ağ iplə bağlayır, əkdiyi kartofları isə özüylə aparmayacağını deyir.

Kəlbəcərdən köçən ermənilər evlərini və məktəblərini yandırırlar
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Bakıda torpaqlara qayıdışı düşünürlər

Qəzet müxbirləri Azərbaycanın paytaxtı Bakıda fərqli ab-hava yaşandığını yazırlar. Hər yerdən bayraqlar asılıb. Noyabrın 10-da Prezident İlham Əliyev üçtərəfli atəşkəs razılaşmasını elan edəndən küçələrdə bayram şənlikləri davam edir.

“Allaha şükür, sonda qalib gəldiyimizə görə xoşbəxtik. Nəhayət, Qarabağ xalqı evinə gedə biləcək”, – 18 yaşlı tələbə İbrahim İbrahimov deyib.

Ancaq azərbaycanlıların evlərinə nə vaxt qayıda biləcəyi hələlik bəlli deyil. Prezident Əliyev infrastrukturu yenidən qurmaq, regionu minalardan təmizləmək vədi verib.

Kəlbəcərdən çıxan ermənilər isə bu ərazidə yenidən məskunlaşmanı mümkün qədər çətinləşdirməyə çalışırlar. Onlar elektrik xətlərini kəsir, restoranları, yanacaqdoldurma məntəqələrini dağıdırlar. Yol boyu ağaclar kəsilərək mikroavtobuslara və yük maşınlarına yığılır.

“Qoy soyuqdan ölsünlər”, – Ermənistandan gələn bir kişi belə deyib.

Kəlbəcərdə bir bankda isə işçilərdən biri içəridə divarları yekə toxmaqla dağıdır, digər işçilər pəncərələri, masa və qapıları yük maşınına daşıyırlar, qəzetin müxbiri yazır.

Rusiya hərbçiləri monastırı qoruyur

“Reuters” agentliyi hazırda Kəlbəcərdə Dadivəng (Xudavəng) monastırını Rusiya hərbçilərinin qorumasından yazır.

Monastırın keşişi Ovanes Ata agentliyə deyib ki, rusiyalı hərbçilərin onu qoruyub-qorumayacağından asılı olmayaraq getməyəcək.

Agentliyin müxbirləri monastır ətrafında yeni postun qurulduğunu, rusiyalı hərbçilərin artıq orada olduğunu xəbər verirlər.

“Rus əsgərlərinin, qardaşlarımızın burada sərhədi və monastırı qorumasından xoşbəxtik. Monastır da onlara xeyir-dua verəcək və onları qoruyacaq”, – Moses Ata deyib. Onun sözlərinə görə, hazırda davam edən danışıqların nəticəsi olaraq sülhməramlılar monastırda qala bilərlər.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG