Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:37

Milli Məclis prezidentə və xalqa müraciət edib


Milli Məclis
Milli Məclis

"2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı bəyanat Cənubi Qafqazda münaqişəyə son qoyub".

Bu fikir noyabrın 13-də Milli Məclisin prezident, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciətində yer alır.

Müraciətdə habelə qeyd olunur ki, bəyanatın müddəalarına uyğun olaraq dekabrın 1-ə qədər Kəlbəcər, Laçın və Ağdam rayonları mərhələ-mərhələ Azərbaycana qaytarılacaq.

Sənəddə bəyanatın ayrı-ayrı məqamları da vurğulanır. Sənədin sonuna doğru isə yazılıb: "Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilir. Buna görə sizə sonsuz təşəkkürümüzü bildiririk, cənab Prezident! ...Əziz xalqımızı böyük qələbə münasibətilə təbrik edirik. Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikası inkişaf edərək regionda qlobal güc mərkəzlərindən birinə çevriləcək".

Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.

Milli Məclisdə Polad Bülbüloğlu tənqid edilib

Deputat Vahid Əhmədov noyabrın 13-də Milli Məclisdə çıxış zamanı noyabrın 10-da imzalanmış bəyanatla yanaşı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun açıqlamalarına da toxunub.

"Azərbaycanın Rusiyadakı səfiri hansısa statusdan danışır. Elə bil Rusiyanın xarici işlər nazirini əvəz edir...", - o vurğulayıb.

Onun deməsinə görə, bütün dövlət məmurları prezidentin statusla bağlı çıxışını nəzərə almalıdır: "Bu bəyanatda müsbət məqamlar çoxdur. 44 gündə bizimlə birlikdə olduğu üçün Türkiyəyə, Türkiyə Prezidentinə, Pakistana və yanımızda olan bütün ölkələrə, ölkə başçılarına təşəkkürümü bildirirəm".

Tənqidi fikirlərə, hələlik, Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlundan münasibət almaq mümkün olmayıb.

P.Bülbüloğlunu prezidentin köməkçisi də tənqid edib

"... Məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi sonra da deyib: "Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan, özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər".

Bu açıqlamaya da, hələlik, Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlundan münasibət almaq mümkün olmayıb.

Spiker: 'Bu bəyanatın Azərbaycan üçün çox böyük önəmi var'

Noyabrın 13-də Milli Məclisin iclası keçirilir. Parlamentin sədri Sahibə Qafarova cəbhədəki son prosesləri dəyərləndirib: "Bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda qürurla dalğalanır. Tezliklə Laçında, Kəlbəcərdə, Ağdamda və digər rayonlarımızda da dalğalanacaq".

O bildirib ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatla müharibəyə son qoyulub: "Bu bəyanatın Azərbaycan üçün çox böyük önəmi var. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən Azərbaycana qaytarılacaq".

"...Güzgüdə özlərinə baxsınlar"

S.Qafarova qeyd edib ki, Ermənistanda hazırda müxalifətdən olan deputatları həbs edirlər: "Bütün bu hadisələr Qərbin demokratik ölkə kimi göstərdiyi bir ölkədə baş verir. Qərb ölkələri Ermənistanda baş verənlərə münasibət bildirmir. Prezidentin də dediyi kimi, bizə demokratiya dərsi keçməyə çalışanlar gərək güzgüdə özlərinə baxsınlar".

Onun deməsinə görə, işğal altında olan kənd və rayonlar talan edilib, dağıdılıb. Milli Məclis sədrinin sözlərinə görə, Azərbaycan bütün dağılmış yerləri bərpa edəcək.

O, habelə bildirib ki, əməliyyatlar zamanı dövlət başçısı təzyiqlərə məruz qalsa da, geri çəkilməyib, qələbəni təmin edib.

"Sülhməramlıların bölgəyə gəlişi gözlənilən idi"

"Sülhməramlıların bölgəyə gəlişi gözlənilən idi. Onlarsız sülhü bərpa etmək mümkün deyildi".

Bunu noyabrın 13-də parlamentin plenar iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzi maraqlı qüvvələr sülhməramlıların bölgəyə gəlməsinə don geyindirməyə çalışırlar.

O, bunun əvəzində deyib ki, "Qarabağ bizimdir!".

Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG