Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:31

Prezident müalicə olunan hərbçilərlə görüşüb: 'Vətən müharibəsi başa çatdı'


Prezident İ.Əliyev yaralı hərbçilərlə görüşüb. 11 noyabr 2020
Prezident İ.Əliyev yaralı hərbçilərlə görüşüb. 11 noyabr 2020

Noyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

AZƏRTAC-ın xəbərinə görə, prezident onların qarşısında çıxışında deyib ki, "vətən müharibəsi başa çatdı, Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu".

Onun vurğulamasına görə, bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir.

Prezident qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin 99 faizində bütün binalar dağıdılıb: "Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək".

"Onlar təzminat ödəyəcəklər"

Onun deməsinə görə, beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi, mənəvi ziyanı hesablanacaq və qarşı tərəf beynəlxalq məhkəmələrə veriləcək: "Onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər".

İ.Əliyevin fikrincə, noyabrın 9-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan tərəfindən sülh kapitulyasiya aktı idi: "…Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq".

"Dağılmış evlər dövlət hesabına yenidən tikiləcək"

Prezident 44 gün davam edən döyüşlərdə mülki əhalinin itkilərinə də toxunub: "…Bunun nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina ya dağıldı, yandı, ya da ki, ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək".

İ.Əliyev yaralı hərbi qulluqçulara xitabən daha sonra da deyib: "Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq".

Onun deməsinə görə, həlak olanların ailələrinin problemləri də öz həllini tapacaq.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də ağır döyüşlər başlayıb. Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Azərbaycan, hələlik, döyüşlərdə həlak olan və yaralanan hərbi qulluqçuların sayını isə açıqlamayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG