Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Azərbaycan Seyran Ohanyanı axtarışa verib


S.Ohanyan
S.Ohanyan

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildiyi rəsmən təsdiqlənib. Azərbaycan Baş Prokurorluğundan AzadlıqRadiosuna bildirilib ki, S.Ohanyan barəsində başlanmış cinayət işinin istintaqı Hərbi Prokurorluqda aparılır.

Ermənistanın keçmiş naziri haqda cinayət işi - soyqırımı ittihamı

Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində həbsli axtarış qərarı verib. Bu barədə noyabrın 11-də Bakı Hərbi Məhkəməsində qərar çıxarılıb.

Məhkəmədən AzadlıqRadiosuna bildirilib ki, hakim Elbəy Allahverdiyev prokurorluğun təqdimatına baxıb və S.Ohanyan haqqında həbs-qətimkan tədbiri seçilib. Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə ittiham olunan Ohanyan axtarışa verilib. O, 1992-ci il fevralın 26-da Xocalıda baş verənlərin təşkilində suçlanır. Prokurorluq Ohanyanla bağlı beynəlxalq axtarış elan olunması üçün İnterpola müraciət edəcək.

Almaniyaya müalicəyə getdiyi deyilir

S.Ohanyanın Almaniyaya getdiyi xəbəri yayılıb. Onun vəkili Karen Mejlumyan da "Sputnik Ermənistan"a xəbəri təsdiqləyib. Vəkil keçmiş nazirin qaçması barədə iddiaları təkzib edərək bildirib ki, Ohanyanın gedişinin məqsədi orada müalicə olunmaqdır.

58-yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini də Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb. Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Ohanyan və oğlunun Qarabağdakı son döyüşlərdə yaralanması barədə məlumat yayılıb.

S.Ohanyanın ittiham olunduğu CM-in 103-cü maddəsində 14 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.

İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü bildirilir.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Azərbaycan hakimiyyəti bu sənədi "tarixi qələbə" adlandırsa da, müxalifət rus sülhməramlılarının ölkə ərazisinə yerləşdirilməsini onun müstəqilliyinə təhdid hesab edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG