Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:29

Ermənistan prezidenti xəbəri 'mətbuatdan öyrənib'


Etirazçılar parlamentdə, Yerevan, 10 noyabr, 2020-ci il
Etirazçılar parlamentdə, Yerevan, 10 noyabr, 2020-ci il

Noyabrın 10-na keçən gecə yüzlərlə müxalifət tərəfdarı Yerevanda hökumət və parlament binalarına girib, ofisləri dağıdıb, pəncərələri sındırıb

Ermənistan Prezidenti Armen Sarkisyan təxirə salınmadan siyasi məsləhətləşmələr təşəbbüsü irəli sürür.

Sarkisyan rəsmi saytında yerləşdirdiyi bəyanatda vurğulayır ki, Rusiya və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağda müharibənin dayandırılması haqda bəyanat imzalamasından mətbuatdan xəbər tutub.

“Müharibənin dayandırılması şərtlərini də mətbuatdan öyrəndim. Bu sənədlə bağlı Rusiya prezidentilə mən hər hansı məsləhətləşmə, yaxud müzakirə aparmamışam. Təəssüf ki, hansısa danışıqlarda iştirak etməmişəm”, – Sarkisyan deyib.

Sarkisyan qeyd edib ki, “Artsaxın (ermənilər Qarabağa belə deyirlər), erməni xalqının taleyi yalnız ümummilli maraqları nəzərə alaraq və ümummilli konsensus əsasında həll oluna bilər”.

Prezident aktual missiya daşıyacaq ümummilli qurumun formalaşdırılmasını vacib sayır. “Ümid edirəm, on gün müddətinə belə bir qurumu formalaşdıra biləcəyik”, – o bildirib.

***

Paşinyan: ‘Əsgərin ərzağını, silahını oğurlayanlarla...’

Ermənistanın müxalifət qrupları Baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla döyüşlərin dayandırılması üçün əldə olunmuş razılaşmadan sonra ölkədə iğtişaşlar başlanıb.

Noyabrın 10-na keçən gecə yüzlərlə müxalifət tərəfdarı Yerevanda hökumət və parlament binalarına girib, ofisləri dağıdıb, pəncərələri sındırıb.

Parlamentin spikeri Ararat Mirzoyan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Qisasa hazırlaşmalıyıq”

Paşinyan Rusiyanın vasitəçiliyi ilə razılaşmanı imzaladığını elan edəndən sonra minlərlə etirazçı küçələrə çıxıb. Bu açıqlamadan öncə 17 müxalifət partiyası Paşinyanın istefası tələbiylə birgə bəyanat imzalamışdı. Onlar döyüş zonasında hərbi məğlubiyyətlərdən dolayı baş naziri istefaya çağırıblar.

Paşinyan isə ötən gecəki qarışıqlıqdan sonra bəyan edib ki, vəziyyətin indiki həddə çatmasında əvvəlki hökumətlərin yol verdiyi korrupsiyanın da rolu olub.

“Qisasa hazırlaşmalıyıq. Korrupsioner, oliqarx yaramazlarla, ölkəni talan edənlərlə, əsgərin ərzağını, silahını oğurlayanlarla lazımınca məşğul olmamışıq”, – Paşinyan deyib.

O, hakimiyyətə 2018-ci ildə, Serj Sarkisyan baş nazir postundan devriləndən sonra gəlib.

“Vətəndaşları şərəflə talançılar və onların boslarını, Daşnaksutyunun korrupsioner hissəsini, Respublika Partiyasından, Çiçəklənən Ermənistan Partiyasından oğruları, Hayrenik partiyasından döyüş mövqelərini qoyub qaçan fərariləri təqib etməyə hazır olmağa çağırıram, onlar fərariliyə görə mühakimə olunmalıdırlar”, – o deyib.

Rusiya sülhməramlıları gəlir

Azərbaycan qüvvələri döyüş zonasında xeyli irəliləyib, noyabrın 8-də isə strateji Şuşa şəhərinin işğaldan azad olunduğu açıqlanıb.

Noyabrın 9-dan 10-na keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli saziş imzalandığı açıqlanıb. Razılaşmaya görə, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri də Azərbaycana qaytarmalıdır. Ərazidə Rusiya sülhməramlılarının yerləşdirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev xalqa müraciətində Türkiyə qüvvələrinin adını çəksə də, rəsmi sənəddə yalnız Rusiya sülhməramlılarından söhbət gedir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan bu 44 gündə 210 civarında kəndi, üç qəsəbəni (Hadrut, Mincivan, Ağbənd), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

1994-cü ilədək Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ətraf 5 rayon işğal olunub. Həmin il əldə olunmuş atəşkəs razılaşması ara-sıra pozulub və tərəflər buna görə qarşılıqlı ittihamlar səsləndiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG