Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:09

Evdə tək


Tilda Suinton və Pedro Almodovar
Tilda Suinton və Pedro Almodovar

Pedro Almodovar "İnsan səsi" (The Human Voice) adlı yeni film çəkib. Tilda Suintonun baş rolu oynadığı qısametrajlı film COVID dövrünün təcrid reallıqlarını, eyni zamanda da, kinonun yeni vəziyyətə uyğunlaşmaq qabiliyyətini göstərir.

Film Jan Koktonun 1930-cu ildə yazdığı pyes əsasında çəkilib. Ancaq "İnsan səsi" qəribə müasir dövrümüzü ən yaxşı əks etdirən film sayıla bilər. "The Guardian" yazır ki, Almodovar adəti üzrə mükəmməl eleqantlıq nümayiş etdirir. Digər filmlərdəki kimi qədərində melodrama və çox zövqlü ev dekoru görürük. Bir otaqda, bir aktyorun iştirakı ilə çəkilmiş bu qısa parça, eyni zamanda, özümüzün evdə təcridlə bağlı hisslərimizi və kinonun düşdüyü qeyri-sabit vəziyyəti ifadə edir.

Lokdaun nevrozu və əldəqayırma filmlər

Hadisələrin (belə demək olarsa) çəkildiyi mühit bizim lokdaun nevrozumuzla səsləşir. Tilda Suinton evdə, tənha və pərişandır. O, qulağında AirPod, əynində "haute couture" paltarlar keçmiş sevgilisi ilə telefonla danışır. Ancaq biz yalnız söhbətin sonunu eşidirik. O, söhbətin sonunda özünün zövqlü mənzili haqda danışır. Qəhrəmanın DVD-lərini ("Douglas Sirk", "Kill Bill" və s.), incəsənətə aid kitablarını, "Chanel" çantalarını, rəsm əsərlərini (Corco de Kiriko, Alberto Varqas) görürük. Onun aldığı balta belə dizayner işinə bənzəyir.

Ancaq Almodovar bizə bildirir ki, bunların heç biri real deyil. Mənzil, sadəcə, industrial görünüşlü səs səhnəsində (səsyazma və çəkiliş üçün yaradılmış xüsusi səhnə) qurulmuş bir setdir. Kamera tez-tez onu bizə kənardan, yaxud yuxarıdan göstərir. "Suinton bir növ özünü oynayır. Ancaq həm də onun mahiyyət etibarilə tamamilə "Almodovar personajı" olduğunu görürük: əsəb sarsıntısı astanasında olan daha bir qadın", – yazıda deyilir. (Burada rejissorun "Qadınlar əsəb sarsıntısı astanasında" (Women on the Verge of a Nervous Breakdown) adlı əfsanəvi filminə işarə edilir. – tərc.)

Tilda Suinton
Tilda Suinton

Bir çox kinematoqrafçılar kimi, Almodovar və Suinton da ciddi COVID-dən qorunma şəraitində işləyiblər. Bu dövr tarixə minimal, əldəqayırma və kiçicik heyətlə çəkilmiş filmlərin çoxluq təşkil etməsi ilə düşəcək. Artıq "Netflix"in "Homemade" (Evdə düzəltmə) adlı serialı və ITV-nin "Isolation Stories" (Təcrid hekayələri) adlı silsilə filmləri var. Bu cümə Nik Keyvin "Idiot Prayer" (İdiot dua) adlı, boş Aleksandra-palasda təklikdə ifa edilmiş konsert filmi ekranlara çıxacaq. Dekabrda isə "Host" adlı qorxu filmi çıxmalıdır.

"Bu mənə çox təhlükəli görünür"

Almodovar Venesiya Film Festivalında belə deyib: "Pandemiya bizə evimizin bir növ məhbəs olduğunu göstərdi. Çünki biz burada həyatımızın eşqini tapa, işləyə, yemək sifariş edə bilərik. Özü də bütün bunları edə bilmək üçün evimizdən çıxmalı deyilik. Bu mənə çox təhlükəli görünür". Onun sözlərinə görə, bunun antidotu evdən çıxıb kinoya getməkdir. Hərçənd, hazırda çoxumuz filmlərə evdə baxmağa üstünlük veririk və bu, başa düşüləndir.

Məqalədə deyilir ki, "İnsan səsi"ndə istehza komponenti də var. Film eyni zamanda ev və kino məkanı olan bir yerdə çəkilib və bir növ soruşur ki, hələ də fərq varmı. Filmin kulminasiyasında Suinton məsələləri çoxlu emosiya sərgiləyərək zorakı, lakin zövqlə dizayn edilmiş tərzdə həll edir.

Filmin premyerası Venesiya kinofestivalında olub. Daha sonra "Sony Pictures Classics" şirkəti filmin nümayiş hüququnu satın alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG