Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:36

UEFA 'Qarabağ' rəsmisinə qadağa qoydu


Arxiv fotosu
Arxiv fotosu

"Qarabağ" futbol klubunun rəsmisinə Avropanın ali futbol qurumu-UEFA peşə qadağası qoyub. Onun sosial mediada şərhi ilə bağlı "ədəbli davranış qaydalarının pozulması" üzrə araşdırma aparılır. Bunu UEFA noyabrın 4-də bildirib.

Qurumun məlumatına görə, klubun media meneceri Nurlan İbrahimov şərhlərində irqçi və ayrıseçkilik yayan davranışda təqsirli bilinib.

Məlumatda detallar açıqlanmır. "Reuters" N.İbrahimovdan bu açıqlamaya münasibət ala bilməyib.

UEFA 'Qarabağ' insidenti üzrə araşdırma aparır

Avropanın ali futbol qurumu olan UEFA “Qarabağ” futbol klubu rəsmisinin sosial mediada verdiyi bəyanatlar üzrə araşdırma aparmaq üçün etika və intizam müfəttişi təyin edib. Bu barədə qurum öz saytında məlumat yerləşdirib.

Söhbət “Qarabağ” futbol klubunun mətbuat katibinin sosial şəbəkədə yazdığı fikirlərdən gedir. Artıq Nurlan İbrahimov “başqa millətə qarşı qəddarlıq ifadə edən, milli, irqi və ya dini nifrət saçan çağırışlar etdiyi üçün” inzibati qaydada cəzalandırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanıb, baxılması üçün məhkəməyə göndərilib. Bu haqda “APA” informasiya agentliyi noyabrın 1-də xəbər yayıb.

UEFA-ya şikayət olunub

“Frans Pres”in yazmasına görə, sözügedən postdan ötən həftəsonu Ermənistan Futbol Federasiyası (EFF) şikayət edib.

Ancaq elə azərbaycanlı istifadəçilərin də kəskin tənqid etdiyi post sonradan silinib. N.İbrahimov paylaşdığı daha bir statusda hansısa fikrinin “Qarabağ” FK-nın mövqeyi olmadığını açıqlayıb.

“Qarabağ” Futbol Klubu “Facebook” sosial şəbəkəsində yaydığı bəyanatda N.İbrahimovun klubun prinsiplərinə zidd sözlərdən istifadə etdiyini bildirib. Bəyanatda həmçinin İbrahimovun Bərdə və Gəncə şəhərlərində Ermənistan tərəfdən atılan raket hücumlarına dinc uşaq və qadınların öldürülməsindən “psixoloji travma keçirdiyi”qeyd olunur.

Raket hücumları: Tərtərdə sığınacaqlarda daldalananlar
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Ötən ay Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə raket hücumlarında üst-üstə azı 50 mülki şəxs həlak olub, onlarla şəxs yaralanıb

“Qarabağ” futbol klubu 1951-ci ildə Ağdam şəhərində yaradılıb, 1993-cü ildə Ağdam rayonu Ermənistan tərəfindən işğal olunandan sonra “Qarabağ” klubu da Bakıya köçüb.

Ölkənin aparıcı klubuna çevrilən Qarabağ 2017-2018-ci illərdə UEFA Çempionlar Liqasının qrup mərhələsinə keçib. Qarabağ Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubudur.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan son bir ayda 180-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Tərəflər cəbhədə döyüşlər başlayandan üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Amma cəbhə bölgəsindən hələ də atəş səslərinin gəldiyi bildirilir. Ümumilikdə, atəşkəs razılaşmasına baxmayaraq, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu deyilib. Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG