Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

190 manatı ala bilməyənlər məhkəməyə üz tutub


190 manatdan imtina alanlar hara üz tutsun?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

190 manatdan imtina alanlar hara üz tutsun?

Xüsusi karantin rejimi sərtləşdirildiyi dövrdə işsizlər üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəmələrlə bağlı narazılıqlar məhkəmə müstəvisinə çıxıb. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Bakı İnzibati Məhkəməsində bu məsələ ilə əlaqədar xeyli məhkəmə çəkişmələri var. 190 manatdan ötrü müraciət etsə də, onu ala bilməyən vətəndaşların bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verib.

Məhkəmədə nazirliyə qarşı şikayətçi olanlardan biri də Xuraman Bağırovadır. Onun şikayətinə Bakı İnzibati Məhkəməsində hakim Miminat Hacıbəyova baxır. Noyabrın 2-də məhkəmənin hazırlıq iclası keçirilib.

Nazirliyin pay torpağı iddiası

X.Bağırova deyir ki, nazirliyin elektron sistemində işsiz kimi qeydiyyatdan keçib. Qeydiyyatda olduğu Siyəzən rayon Məşğulluq İdarəsində işsiz statusu təsdiqlənib. Amma 190 manat üçün müraciətinə imtina cavabı alıb. Səbəb kimi isə "Məşğulluq haqqında" Qanunun 4.1.3 maddəsinə istinad olunub. Bu maddəyə əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər sayılır.

X.Bağırova isə deyir ki, bu cavab əsassızdır. Çünki bu maddədə nəzərdə tutulan halların heç birinin ona aidiyyəti yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəmənin hazırlıq iclasında iddiaya etirazı təqdim edib. Nazirliyin təmsilçisi bildirib ki, X.Bağırovanın pay torpağı var, ona görə də işsiz sayılmır və 190 manat verilməməsi də düzgün qərardır.

X.Bağırova isə pay torpağının olmadığını, nazirliyin etirazında yazılanların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Məhkəmə baxışı noyabrın 30-da davam edəcək.

"Mənim və ya bir başqasının haqqı niyə yeyilməlidir?"

X.Bağırova AzadlıqRadiosuna bildirib ki, o, pay torpağının olmaması haqda sübutu da məhkəməyə təqdim edib. O, məhkəmədən öncə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərib. Bu qurumdan rəsmi cavab alıb ki, onun adına qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (pay torpaq) aşkar olunmadı. Həmin cavabı da iddia ərizəsinə əlavə edərək məhkəməyə göndərib.

"Məsələ 190 manatda deyil, vacib olan vətəndaşın pozulan haqqının bərpasıdır. Məhkəməyə gedib-gəlməyimin, əziyyət çəkməyimin də məqsədi budur. Mənim və ya bir başqasının haqqı niyə yeyilməlidir?", – X.Bağırova belə deyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, istər 190 manat üçün müraciətlərin, istərsə də imtina qərarından narazı qalan vətəndaşların şikayətlərinin hər biri diqqətlə araşdırılıb, qanunun tələblərinə uyğun qərar verilib.

Xatırlatma

COVID-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin dekabrın 1-dək uzadılıb. İşsiz və karantində işini itirən təqribən 600 min ölkə vətəndaşına aprel və may aylarında 190 manat birdəfəlik yardım verildiyi açıqlanıb.

Hökumət pandemiyanın ölkə iqtisadiyyatına, biznes və məşğulluğa ziyanının aradan qaldırılması üçün 3.5 milyard manatlıq paket olduğunu açıqlayıb. Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər.

Noyabrın 2-nə olan məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 57 min 40 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 44 min 479 nəfər müalicə olunaraq sağalıb, 753 nəfər vəfat edib, aktiv xəstə sayı 11 min 808 nəfərdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG