Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 10:44

Azad edilən ərazilərlə bağlı prezident fərmanında nə var, nə yoxdur ?


İşğaldan azad olunan Azərbaycan ərazisində Xudafərin körpüsü

Oktyabrın 29-da prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman verib. Sənəddə bu il sentyabrın 27-dən sonra azad olunmuş ərazilərdə Azərbaycanın inzibati ərazi bölgüsünə uygun, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması qeyd olunub. Bu işin təşkili Daxili İşlər Nazirliyinə tapşırılıb.

Fərmana görə, müvəqqəti komendantlıqlar öz fəaliyyətini Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidir.

Habelə, müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılmalıdır.

Müvəqqəti komendantlıqlar bir sıra vəzifələrin yerinə yetirilməsini təşkil etməlidirlər. Bura mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, ictimai qaydanın, təhlükəsizliyin qorunması, aşkar edilən hərbi texnikanın, silahın inventarlaşdırılması və mühafizəsi daxildir.

Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə də bəzi vəzifələri yerinə yetirməlidir.

Bu vəzifələr də minalardan təmizləmə, Azərbaycana qarşı terrorçuluq, casusluq, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınmasından ibarətdir. Həmçinin, bu sırada kənd təsərrüfatı və daha bir çox sahələr üzrə də vəzifələr var.

“Fərman zamanında imzalanıb və mükəmməldir”

Elman Məmmədov, arxiv foto
Elman Məmmədov, arxiv foto

Milli Məclisin deputatı Elman Məmmədov fərmanda hər şeyin əhatə olunduğunu və heç bir çatışmazlığın olmadığını düşünür:

“Fərman zamanında imzalanıb və mükəmməldir. Sənəd işğaldan azad olunan ərazilərdə asayişin, təhlükəsizliyin təmini, hərbi vəziyyətin tətbiqi və ərazilərin bərpasını əhatə edir. Fərman beynəlxalq aləmə və işğalçıya mesajdır ki, biz 30 ildə dağıdıb viran qoyduğunuz yerləri bərpa edib inkişafa nail olacağıq”.

Elman Məmmədov xatırladıb ki, sənəddə hansı dövlət strukturlarının işə cəlb olunacağı da məlumdur, çünki siyahısı verilib:

“Tələlər qoya bilər,…”

“Tədricən bütün bərpa işlərinə başlanacaq, ilk növbədə ərazilərin təhlükəsizliyinə baxılacaq, ANAMA ( Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) işləməlidir. Məsələ ondadır ki, Ermənistan ordusu həmin ərazilərdə tələlər qoya bilər, zəhərlənmə təhlükəsi yaradar, ona görə su hövzələləri də təmizlənməlidir. Tam təhlükəsizlik şəraiti yaradılandan sonra bərpa nəqliyyatı, rabitə, infrastruktur işlərinə başlanacaq”.

İlham İsmayıl, 1 oktyabr 2009
İlham İsmayıl, 1 oktyabr 2009

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da Azadlıq Radiosuna açıqlamasında dövlət başçısının fərmanını ilkin mərhələ üçün normal qiymətləndirib.

İlham İsmayılın sözlərinə görə, əsas məsələ həyati vacib obyektlərin yaradılmasıdır:

“Bura infrastruktur daxildir, paralel olaraq komendatura strukturunun yaradılmasıdır, çünki həmin ərazilərdə hələ təhlükə qalır. Eyni zamanda, mina axtaranlar ərazilərə cəlb olunmalıdır. Bütün bunlar Dövlət Təhlükəsizlik Xidmətiylə birgə işləyəcək. Fərmanda Kənd Təsərrüfatı Nazirliyinin də adının keçməsi indiki mərhələdə kifayətedici sayıla bilər. Bundan sonra artıq başqa mərhələ başlanacaq”.

“Bunlar hələ nəzərdə tutulmayıb”

İlham İsmayıl bildirib ki, növbəti mərhələ insanların köçürülməsidir və bunlar hələ nəzərdə tutulmayıb:

“Hələ insanların yaşayış dövrünə qədər hazırlıq işi aparılmalıdır və fərman bunu nəzərdə tutur. Ən çətin mərhələ ondan sonradır, yəni ərazilərin sahiblərinin, köçkünlərin qayıtması”.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 170-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Tərəflər cəbhədə döyüşlər başlayandan 3 dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Amma cəbhə bölgəsindən hələ də atəş səslərinin gəldiyi bildirilir.Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu deyilib. Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib. Bu son həftə, oktyabrın 27-i və 28-də isə Azərbaycanın Bərdə rayonun atəşə tutulması nəticəsində üst-üstə 25 mülki şəxsin öldüyü, 80-dən çoxunun da yaralandığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG