Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Virtual kino yarmarkası keçiriləcək


COVID-19 səbəbindən kinoteatrlar bağlıdır
COVID-19 səbəbindən kinoteatrlar bağlıdır

ABŞ-da kino biletləri satışı, prodakşn və filmlərin maliyyələşdirilməsi ilə məşğul olan 30-dan çox müstəqil şirkətin koalisiyası beş günlük onlayn kino yarmarkası təşkil edəcək. Yarmarka bu il virtual keçirilən Amerika Kino Bazarı ilə eyni vaxta düşəcək.

idiewire.com saytı yazır ki, sözügedən qurumlar ilk dəfə iyunda toplaşaraq Kann Film Bazarı ilə eyni vaxta salınmış paralel onlayn tədbir keçiriblər. Kann Film Bazarı ənənəvi olaraq Fransada, Kann kinofestivalı çərçivəsində keçirilən mühüm kino tədbiridir. Bu il pandemiya səbəbindən bir çox kino hadisəsi kimi, onu da fiziki məcrada keçirmək mümkün olmayıb. Buna görə də Bazar virtual keçirilib.

105 milyon dollara satılan film

İndi isə bu qurum və şirkətlər öz güclərini birləşdirərək dünyadakı alıcılara film nümayişləri və film istehsalçılarının təqdimatlarına erkən çıxış təklif etmək istəyirlər. Koalisiya iştirakçıları satış paketlərinin və yeni hazır filmlərin siyahılarını hazırlayırlar. Onlar üzümüzə gələn həftələrdə daha çox məlumat verə biləcəklərini deyirlər.

Kann virtual yarmarkası bir sıra yüksək büdcəli sövdələşmə ilə nəticələnib. Onların arasında Antuan Fukuanın ABŞ Vətəndaş müharibəsi haqda çəkdiyi "Emancipation" trilleri də var. Filmdə baş rolun ifaçısı Uill Smitdir. Bu film "Apple" şirkətinə təqribən 105 milyon ABŞ dollarına satılıb. Ən üzdə olan sövdələşmələr arasında Pablo Larrainin "Spencer" filminin adını çəkmək olar. Filmdə şahzadə Diana rolunu Kristen Stüart canlandırır. Filmin ABŞ-da nümayiş hüququ "Neon" şirkətinə satılıb.

Daha yaxın həftələrdə, sentyabrda bu qəbildən satış və sövdələşmələr Toronto Beynəlxalq Film Festivalı (TIFF) ətrafında cəmlənib. "Amazon" Recina Kinqin "One Night in Miami" filmini alıb. Saytın yazdığına görə, "Netflix" "ən ac" alıcılardan biri olub. Striminq nəhəngi "Malcolm and Marie", "Pieces of a Woman""I Care a Lot" filmlərini alıb.

"One Night in Miami" dramı Malkolm İks, Məhəmməd Əli, Cim Braun və Sem Kukun ətrafında yazılmış bədii hekayə əsasında çəkilib. Əsərə ilk dəfə teatr səhnəsində quruluş verilib.

Cəmi altı günə yazılan ssenari

Sem Levinsonun "Malcolm and Marie" dramı isə koronavirus pandemiyası dövründə, iyunun 17-dən iyulun 2-dək çəkilib. Filmin ssenarisi də qısa zamanda, cəmi altı gün ərzində yazılıb. Filmin qəhrəmanlarının – iki sevgilinin – etirafları onların sevgisinin gücünü sınağa çəkir.

"Pieces of a Woman"in premyerası isə bu il keçirilən 77-ci Venesiya kinofestivalında olub. Filmin "Rotten Tomatoes" rəy aqreqatorundakı reytinqi 80%-dir.

"Emancipation" filmində Uill Smit Luizianada plantasiyadan qaçaraq şimal qüvvələrinin ordusuna qoşulmağa çalışan qulun obrazını canlandırır.

"Spencer" filmində hadisələr 90-cı illərin əvvəllərində, üç gün ərzində cərəyan edir. Şahzadə Diana şahzadə Çarlzla evliliyinin uğursuz olduğunu anlayır və onu kraliçalığa aparan yoldan çəkilmək haqda düşünür. Filmdə şahzadə Diananın faciəvi ölümü və kral ailəsini tərk etdikdən sonrakı həyatından söz açılmır. Ancaq onun övladları Uilyam və Harriyə sonsuz sevgisinə xüsusi yer verilir. Film hələ çəkilməyib. Çəkilişlərin 2021-ci ildə başlanacağı gözlənilir.

"Netflix", eyni zamanda, İdris Elbanın "Concrete Cowboy" filmini də satın alıb. İlk nümayişi Toronto Beynəlxalq Film Festivalında olan filmin striminqinə gələn il başlanacağı gözlənilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG