Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:36

Tofiq Yaqublu: ‘Bu bir insanlıq məsələsidir, buyurun, qərar verin...’


Tofiq Yaqublu ev əhbusluğuna buraxılır
Tofiq Yaqublu ev əhbusluğuna buraxılır

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublu bir aydan çoxdur həbsdən buraxılsa da, onun maşını hələ də qaytarılmayıb.

Avtomobil Tofiq Yaqublu həbs olunan gündən – martın 22-dən polis idarəsində saxlanılır. Oktyabrın 29-da məhkəmədə Tofiq Yaqublu özü də, vəkilləri də bu məsələni qaldırıblar.

Tofiq Yaqublu haqqında 4 il 6 aylıq həbs hökmündən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Vəkillər Elçin Sadıqov Aqil Layıc bildiriblər ki, Tofiq Yaqublunun həm maşını, həm də telefonu heç bir əsas olmadan bu günə qədər polisdə saxlanır.

Müdafiəçilər vurğulayıblar ki, telefon ümumiyyətlə, sübut kimi tanınmayıb, hansı əsasla saxlandığı da məlum deyil. Avtomobilə gəlincə, vəkillər bildiriblər ki, ailənin ona ehtiyacı var. Ona görə də avtomobilin qaytarılması barədə vəsatət qaldırıblar.

“Mənim, ailəmin ona ehtiyacı var”

Tofiq Yaqublu da vəsatəti müdafiə edib:

“Mənim həbsimin, bu işin siyasi sifariş olması hamıya bəllidir. Elə sifarişi icra etmək üçün də əvvəl müstəntiq saxtakarlıq elədi, sonra məhkəmə saxtakarlığı davam etdirdi. Bu cinayət işi başdan-ayağa saxtadır və xitam verilməsini tələb edirəm. Avtomobilə gəlincə, mənim, ailəmin ona ehtiyacı var. Heç olmasa, bu məsələdə müstəqil mövqe ortaya qoyun. Bu məsələni həll edin. Bu bir insanlıq məsələsidir. Oğlum cəbhə bölgəsindədir, hər an hər şey ola bilər, harasa getmək lazım gələr...”

Vəsatət təmin olunmayıb. Hakim bildirib ki, avtomobilin hökm qüvvəyə minənə qədər polisdə saxlanması barədə qərar var. Hökm isə Bakı Apellyasiya Məhkəməsinin yekun qərarından sonra qüvvəyə minmiş sayılır.

Vəkillər birinci instansiya məhkəməsində Tofiq Yaqublunun müdafiə hüququnun pozulduğunu, ona ifadə vermək üçün şərait yaradılmadığını vurğulayıb. Onlar həmçinin şahid ifadələrinin protokollarda təhrif edildiyini bildiriblər. Ona görə də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (sübutların araşdırılması, yenidən dindirmələrin keçirilməsi) baxılması haqda vəsatət qaldırıblar.

Bu vəsatət də təmin olunmayıb.

Məhkəmə prosesi noyabrın 12-də davam edəcək.

Xatırlatma

Tofiq Yaqublu buil martın 22-də tutulmuşdu. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu isə sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başlamışdı.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını dayandırıb.

XS
SM
MD
LG