Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

132 kilometrin qazancları...


Zəngilan şəhəri və daha 24 kənd işğaldan azad olundu
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Zəngilan şəhəri və daha 24 kənd işğaldan azad olundu

Sentyabrın 27-də Dağlıq Qarabağ və ətraf bölgələrdə döyüşlər başlayandan sonra Azərbaycan 27 il öncə İranla sərhəddə əldən verdiyi ərazilərini də geri qaytarıb.

"Ağbənd qəsəbəsinin (Zəngilan rayonunda) azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm", - Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də rəsmi Twitter səhifəsində yazmışdı.

Azərbaycan-İran sərhədi...

Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir. Onun 132 kilometri işğal nəticəsində nəzarətsiz qalmışdı. İndi İranla bütün sərhədboyu ərazilərə tam Azərbaycan sərhədçilərinin nəzarət etdiyi bildirilir.

Bəs bu, ölkə iqtisadiyyatına, nəqliyyat, kommunikasiya əlaqələrinə necə təsir edəcək?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev AzadlıqRadiosuna bu sualla bağlı bildirib ki, Arazboyu sərhəd bölgəsinin işğaldan azad olunması Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır: "Artıq Araz çayı üzərində həm elektrik alınması, həm də suvarma üçün su bəndləri tikilməsi kimi məsələlər var. İki ölkə bu imkanlardan ayrı-ayrılıqda yararlanır".

A.Mehtiyev
A.Mehtiyev

"Burada sənaye şəhərlərinin yaradılması mümkün olacaq"

A.Mehtiyevin fikrincə, birgə fəaliyyətin baş tutması isə daha çox İranın bunda nə qədər maraqlı olmasından asılıdır.

İqtisadçı hesab edir ki, burada birgə iqtisadi layihələrin icrası üçün kifayət qədər imkanlar vardır. Onun qeyd etməsinə görə, azad edilən bölgə təbii resurslar, emal sənayesinin inkişafı baxımından da çox əlverişlidir: "Burada həm də sənaye şəhərlərinin yaradılması mümkün olacaq və yəqin ki, Azərbaycan buna cəhd edəcək".

"Naxçıvanla dəmiryol əlaqəsi..."

İqtisadçının fikrincə, İran tərəfinin razılığı olduğu halda Azərbaycan bərpa edilən imkanlardan yararlanaraq Naxçıvanla quru və dəmiryol əlaqəsi də yarada bilər. O hesab edir ki, bu, Azərbaycan üçün blokadada qalan Naxçıvanla əlaqə baxımından vacibdir.

A.Mehtiyev habelə vurğulayıb ki, İran hökuməti xoş niyyət göstərərsə, həmin bölgə sərhədyanı ticarət baxımından da çox faydalı ola bilər.

F.İbrahimli
F.İbrahimli

"İqtisadi əlaqələr də güclənəcək..."

Milli Məclisin sədr müavini Fəzail İbrahimli də "Turan" agentliyinə deyib ki, bəhs edilən 132 kilometrlik sərhədi nəzarətə götürməklə Azərbaycan dövlət sərhədinə tam sahiblənib.

O, əlavə edib ki, Azərbaycan dövləti həmin ərazini iqtisadi baxımdan inkişaf etdirəcək.

Sədr müavininin deməsinə görə, İran Azərbaycanla qonşu dövlətdir, odur ki, qonşuluq münasibətləri saxlanmalıdır: "İndi artıq Azərbaycan dövlət sərhədlərinə sahiblik edir, iqtisadi əlaqələr də güclənəcək, bölgənin iqtisadi inkişafı da baş verəcək...".

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 150-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Bu bir ay ərzində tərəflər üç dəfə humanitar atəşkəslə bağlı razılaşma əldə etsələr də, hələlik, ona tam əməl edilmədiyi bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən uzunmüddətli atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG