Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 09:08

Səhiyyə naziri virus qadağasını pozaraq restorana gedib


Roman Primula

Çexiyanın Baş naziri Andrey Babis Səhiyyə naziri Roman Primulaya ultimatum verib ki, ya istefa versin, ya da işdən çıxarılır. Səbəb nazirin hökumətin qadağasına baxmayaraq restorana görüşə getməsidir. Ölkədə yeni koronavirusa yoluxmalar kəskin artdığından barlar və restoranlar bağlanıb.

“Tibbi işçilərimiz ön cəbhədə vətəndaşlarımızın həyatını xilas edərkən belə bir şeyə yol vermək qətiyyən bağışlanmazdır”, – Babis oktyabrın 23-də jurnalistlərə deyib.

Bir gün öncə Primula restoranda görüş keçirərkən fotosunu çəkiblər.

“Blesk” qəzeti Primulanın Babis-in ANO partiyasının aparıcı rəsmisi ilə görüşərkən fotosunu yayıb. ANO hakim koalisiyanın ən böyük üzvüdür.

Görüşdən bir neçə saat öncə Primula ölkədə bir sıra qadağaları açıqlayıb, hərəkət məhdudiyyəti tətbiq olunub, pərakəndə satış yerləri bağlanıb. Daha öncə isə restoranlar, barlar, əyləncə məkanları qapadılmışdı.

Hazırda Çexiya Avropada virusun yeni dalğasının önündə gedir.

Oktyabrın 22-də ölkədə COVID-19-a 14 mindən çox yoluxma təsdiqlənib. Bir gün öncəki rəqəm 15 minə yaxın idi.

Ölkədə indiyədək 223 min 65 yoluxma aşkarlansa da, onun üçdə biri son bir həftədə təsdiqlənib. Çexiyada virusdan 1845 nəfər vəfat edib.

XS
SM
MD
LG