Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:44

Hilari Mentel: 'Qadın bədəninin problemləşdirilməsi...'


Hilari Mentel
Hilari Mentel

Britaniyalı yazıçı Hilari Mentel "Wolf Hall" trilogiyasını buraxan kimi "The Mirror and the Light" romanını pyesə çevirərək ona yeni həyat verməyə başlayıb. Üzbəüz görüşə bilməsələr də, o bu işi aktyor Ben Maylzla birlikdə görür. Mentel və həyat yoldaşı risk qrupunda olduqlarından koronavirus pandemiyası başlayandan bəri evdə qalmağa məcbur olublar.

Mentelin dünyanın ən yaxşı roman müəlliflərindən biri kimi tanınmağa başlamasından on illərlə vaxt keçib.

Öz bədəni ilə mübarizə

1987-ci ildən bəri "London Book Review" ədəbi jurnalı yazıçının onlarla essesini dərc edib. Bu esselərin 20-si bu ay "Mantel Pieces" adlı kitabda toplu halında işıq üzü görüb.

"The Guardian" yazır ki, tarixi romanlar müəllifi kimi tanınan Mentel bütün yaradıcılığı boyu qadın bədəninin tarixdəki yeri haqda düşünüb. "Mantel Pieces" esselərinin çoxunda onun bu marağını görmək olur.

Mentel "Giving Up the Ghost" adlı memuar kitabında öz bədəni ilə mübarizəsini çox təsirli təsvir edib. Onun esselərində bu mübarizənin onun intellektual dünyagörüşünə davamlı təsirini görə bilirik. "Əgər siz də mənim kimi 27 yaşınızda cərrahi menopauzaya məruz qalmısınızsa, siz də sonsuzluq və menopauza, uşaqsız qalmaq haqda düşünmüsünüz… Bəli, mən deyərdim, qadın bədəninin problemləşdirilməsi [ayrıca] bir mövzudur. Mən insanların bunu mənim daim haqqında yazdığım bir şey kimi görməsini istəməzdim. Ancaq bu bir kölgədir", – o deyir.

"Tarix həqiqət adlı kilidli qutudur"

"Wolf Hall" trilogiyasının mərkəzi qəhrəmanı kişi – Tomas Kromvel olsa da, bu, qadın bədənləri üzərində qurulmuş bir hekayədir. Söhbət xüsusilə də VIII Henri ilə evlənmək bədbəxtliyinə düçar olmuş altı qadından gedir. Kitabın birinci cildi, əsasən, Araqonlu Katerinaya, ikinci cild Anna Boleyn və Ceyn Seymura fokuslanıb. Üçüncüdə isə Klevli Annaya gəlib çatırıq.

Yazıçının "Beyond Black" adlı romanı Alison adlı gələcəyi görən qadın haqdadır. Yazıçı deyir ki, romanda insanların öz şəxsi keçmişi və tarixi keçmişi ilə əlaqələri amili də var və Alisonla bağlı yazılanlar bir növ ilkin manevrdir.

"Mən demirəm ki, cəmiyyət tarixlə maraqlanmır. Ancaq onlara elə gəlir ki, tarix həqiqət adlı kilidli qutudur, açarsa yalnız tarixçilərdədir. Bu isə ölülərə diri qalmağa imkan vermir. Ancaq onlar diridirlər, çünki təfsir mövzusudurlar", – Mentel deyir.

Ölülərin kateqoriyaları

Mentel bu maraqlı metaforasını bir qədər də irəli apararaq deyir: "Ölülərin o qədər çox fərqli kateqoriyası var ki: daim üzərində işlənilənlər və tarixə bəlli olan, lakin nəsillər bir-birini əvəzləyəndə haqqında danışılmayanlar", – o deyir.

Yazıçı tarix romanlarının müəllifləri ilə tarixçiləri müqayisə edərkən deyib ki, yazıçılar da tarixçilərin bildiklərini araşdırıb öyrənirlər, ancaq onlar tarixi şəxsiyyətlərin yaşadığı anları, onların indisini hiss etməyə çalışırlar. Yazıçılar heç vaxt qeydə alınmamış və qeydə alına bilməyəcək şeylər üzərində işləyirlər. Buna görə də onlar dəqiq olmağa iddia edə bilməsələr də, inandırıcı olmağı qarşılarına məqsəd qoya bilərlər.

Onun sözlərinə görə, bədii yazı təkcə səbəb və nəticə ilə deyil, həm də təsadüfi, aralıq, rabitəsiz, az öyrənilmiş hadisələr və amillərlə də məşğul olur: "Müəyyən mənada tarixçilər insanların dedikləri ilə düşündüyünün eyni olduğuna inanırlar. Onlar insanların hərəkətlərinin onların yaşadıqları həyat və zaman çərçivəsində dəyərləndirilə bildiyinə inanırlar. Ancaq bədii ədəbiyyat bizi müəmma və təsadüfə yönəldir, özü də insanların [hökmən] öz düşüncə və qəlblərinə bələd olduğunu nəzərdə tutmur".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG