Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:29

Ofis neftə, içməli suya çevriləndə


Ofis
Ofis

Nyu-Yorkda yerləşən "SquareFoot" startapı müştərilərə dünyanın müxtəlif yerlərində ofis məkanları tapmağa kömək edir. Hal-hazırda isə şirkət fərqli bir daşınmaz əmlak problemi ilə üzləşib. "SquareFoot"un 60 işçisi var. Ancaq şəhər və ştat hökumətlərinin, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzlərinin çıxardığı sağlamlıq və təhlükəsizlik qaydalarına görə, şirkətin Manhetten ofisində yalnız 27 əməkdaş təhlükəsiz çalışa bilər. Artıq insanları açıq məkanda düzülmüş masalara sığışdırmaq işə yaramayacaq.

Şirkətin baş icraçı direktoru Maykl Kolasino deyir ki, əgər əvvəllər ofis "getdiyimiz məkan" idisə, indi neft və ya içməli su kimi bir şeydir: "İndi o qorumalı, ayırmalı və haqqında görüş yerindən tamamilə fərqli bir şey kimi düşünməli olduğumuz bir resursdur".

Pandemiyadan ziyan görmüş ölkələr iş yerlərinə qayıtmaq planlarını dəyərləndirməkdədirlər. Hazırda minlərlə şirkət "SquareFoot"un üzləşdiyi problemlə qarşılaşıb. Bəzi şirkətlər artıq evdən işləmə rejiminin müddətini 2021-ci ilədək uzadıblar. Digərləri isə fiziki ofis məkanını həmişəlik məhdudlaşdırıblar. Bir çox şirkətlərsə ofisdən istifadənin "hibrid" modelinə üstünlük verirlər. İşçilər həftənin müəyyən vaxtlarında evdən, digər zamanlarda isə ofisdən işləyirlər. Ancaq bu model çoxlu planlaşdırma tələb edir.

Süni zəka optimal cədvəl hazırlayır

"SquareFoot"un işi müştərilərə əhalisi sıx olan şəhərlərdə ofis məkanları tapmağa kömək edən rəqəmsal alətlər düzəltməkdir. Onun yaratdığı yeni alqoritm fərdlərin, departamentlərin və ümumilikdə şirkətin ofis resurslarından istifadəsinin optimal yollarını tapmağa çalışır.

Şirkət hər bir departamentin bütün ehtiyacları haqda məlumat toplayıb onu süni zəka (AI) alətinə daxil edir. Süni zəka da öz növbəsində ən optimal cədvəli hazırlayıb şirkətə təqdim edir. Əlavə ofis vaxtına ehtiyacı olan əməkdaşlar ən azı 24 saat əvvəldən şirkətə müraciət edir, sistemsə onların xahişinin üzərində işləyir.

Alqoritm ayrı-ayrı əməkdaşları və departamentləri işə çağırmaqdansa, əməkdaşların ofisə gəlmək xahişinə reaksiya verir. Ofisdə nəzərdə tutulduğundan çox əməkdaş olanda sistem bundan xəbər tutub əməkdaşlara bildirir.

Hazırda insan resursları menecerlərini ən çox narahat edən məsələ təhlükəsizlik və gigiyena qaydalarını qorumaqla hamını işə qaytarmağın yolunu tapmaqdır. Virciniyada yerləşən İnsan Resurslarının İdarə Olunması Cəmiyyətindən təşkilat psixoloqu Aleks Alonso deyir ki, bu məsələnin həlli hər şirkət üçün fərqli olacaq. Onun sözlərinə görə, burada əsas rol innovasiyanın öhdəsinə düşür.

Mükafatlandırma

Alonso alqoritmlərdən başqa digər vasitələrdən də istifadə təklif edir. Məsələn, qeyri-ənənəvi cədvəllə işləməyə razı əməkdaşları mükafatlandırmaq olar. İş cədvəli yetərincə çevik olmayanda isə məkanla bağlı kreativliyi işə salmaq lazım gələcək. Bununla yanaşı, aylarla Zoom zənglərindən asılı qalandan sonra maskalı və məsafəli də olsa, həmkarlarla açıq hava görüşləri keçirmək də bir alternativ ola bilər.

Maykl Kolasino hesab edir ki, iş cədvəlini tamamilə əməkdaşların öhdəsinə buraxmaq da uzunmüddətli perspektivdə şirkətlərin xeyrinə deyil. Uşaqlar məktəbə getməyəndə valideynlərdən biri mütləq onlarla evdə qalmalıdır. Təəssüf ki, pandemiya dövründə bu vəzifə, əsasən, qadınların üzərinə düşüb. COVID-ə yoluxmuş insanlarla təmasda olmuş əməkdaşın ofisə gəlməsi yaşlı həmkarları risk qarşısında qoya bilər. Ona görə belə əməkdaşlar mütləq müvəqqəti evdə qalmalıdırlar. Bütün bunlarla yanaşı, ofisə gəlmək vəzifə yüksəlişi və maaş artımı deməkdir.

"Salesforce" şirkətinin müştəri və bazar məlumatları üzrə vitse-prezidenti, "Working From Home" (Evdən işləmək) kitabının müəllifi Karen Mancia şirkətlərə ofis məkanından istifadə siyasətini hər rübdə yenidən nəzərdən keçirməyi tövsiyə edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG