Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:47

ABŞ hökuməti Google şirkətini məhkəməyə verdi


İllüstrativ foto
İllüstrativ foto

Məhkəmə iddiasında deyilir ki, Google onlayn axtarış və reklam sahəsində dominantlığından rəqabəti boğmaq, istehlakçılara ziyan vurmaq üçün istifadə edib

ABŞ Ədliyyə Departamenti Google şirkətinin antimonopoliya qaydalarını pozduğunu deyərək məhkəməyə verib. “The Associated Press” yazır ki, bu, hökumətin Microsoft şirkətinə qarşı 20 il qabaqkı addımdan bəri rəqabəti qorumağa yönəlik ən böyük cəhdi sayıla bilər.

Məhkəmə iddiasında deyilir ki, Google onlayn axtarış və reklam sahəsində dominantlığından rəqabəti boğmaq, istehlakçılara ziyan vurmaq üçün istifadə edib.

ABŞ hökuməti Google şirkətini qanunsuz monopolist hesab edir. Məsələ ondadır ki, sadəcə monopolist olmaq qanunsuz deyil. Google internet axtarışları bazarının təxminən 90 faizinə nəzarət edir. Ancaq monopoliyadan sui-istifadə şirkətə problem yarada bilər.

Google istifadəçilərə bir şeyi demir...

Ədliyyə Departamenti iddiada bildirir ki, Google daha kiçik startapların rəqabətini və innovasiyasını boğub, axtarış seçimlərinin keyfiyyətini və fərqliliyini azaltmaqla istehlakçılara ziyan vurub.

Şirkətin həmçinin monopoliya pulu hesabına smartfon və brauzerlərdə öz mövqeyini möhkəmləndirmək üçün istifadədə suçlanır.

Google isə məsələyə başqa cür baxır. Şirkət iddia edir ki, xidmətləri istehlakçılara faydalıdır və onlar çoxsaylı rəqabətlə üzləşirlər. Üstəlik, bu xidmətlər istehlakçılar üçün pulsuzdur.

Ancaq agentlik qeyd edir ki, Google adətən, istifadəçilərə bir məsələni xatırlatmır. Kənar reklamçıların yerləşdirdiyi reklamlardan yaxşıca qazanır, üstəlik, bu zaman istifadəçilərin şəxsi informasiyasından yararlanır.

Ədliyyə Departamentinin məhkəmə iddiası arxasında siyasi çalarların da olduğu bildirilir. Əvvəla, iddia seçki gününə iki həftə qalmış qaldırılıb. Əksər administrasiyalar seçkiyə təsir edirmiş kimi görünməmək üçün seçkiqabağı belə addımlardan çəkinirlər.

Üstəlik, iddia cəmi 11 ştatla birlikdə qaldırılıb ki, onların da hamısının baş prokurorları respublikaçılardır. Təxminən bir il öncə 50 ştatın hamısı Google ilə bağlı təhqiqat başlatmışdılar.

Yeddi ştatın baş prokurorları bazar ertəsi bəyanat yayaraq Google barəsində təhqiqatı tamamlamadıqlarını bildiriblər.

Microsoft örnəyi

İlin sonunadək Google ABŞ rəqəmsal reklam bazarında 29 faizdən artıq paya sahib olacaq. Facebook 24 faizlə ikinci, Amazon isə üçüncüdür. Ancaq bu, yalnız rəqəmsal reklamlara aiddir. Axtarış reklamlarında isə Google bazarın dörddə üçünü tutur.

1990-cı illərdə Microsoft korporasiyasına qaldırılmış məhkəmə iddiası 2002-ci ildə həll olundu. “Windows” əməliyyat sisteminin qurucusundan tələb olundu ki, qeyri-proqramlardan istifadə edən kompüter istehsalçılarına qarşı qisasçı addımları dayandırsın.

Ekspertlərin fikrincə, federal hökumət bu işdən geri çəkilənə oxşamır. Demokrat partiyasının namizədi Co Bayden 3 noyabr seçkisində prezident Donald Trampa qalib gələrsə, iş daha qətiyyətlə irəli aparıla bilər.

“Google-un bazarda böyük paya sahib olduğunu bilirik. Sual bunun niyə belə olmasıdır”, – Pensilvaniya Dövlət Universitetinin hüquq professor Con Lopatka “Reuters” agentliyinə deyib.

Digər hüquq professoru Şubha Qoş deyib ki, hökumətin iddiasına görə, Google istehlakçılara daha rahat axtarış mühərriklərini bloklayır. Həm də onlar istifadəçi haqda məlumat toplamır. Ancaq onun fikrincə, Google da deyə bilər ki, onun axtarış sistemi istehlakçıların istədiyi nəticələrin yığılmasında daha effektlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG