Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:05

İkivektorlu danışıqlar nə vəd edir?


Moskvada Qarabağ danışıqları. 9 oktyabr 2020
Moskvada Qarabağ danışıqları. 9 oktyabr 2020

Oktyabrın 23-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Mayk Pompeo və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulur. Verilən məlumatlara görə, eyni zamanda, onlar Ermənistan xarici işlər naziri ilə də görüşməlidirlər.

Bu gün, oktyabrın 21-də isə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya yola düşüb. Artıq onun ermənistanlı həmkarının da Moskvada olduğu bildirilir. Rəsmi açıqlamaya görə, Moskvada məsləhətləşmə aparılacaq.

N.Məmmədli
N.Məmmədli

"Dəyişiklik real deyil"

Politoloq Nəsimi Məmmədli AzadlıqRadiosuna bildirib ki, bu danışıqların təşkili ilə Rusiya özünü Qarabağ danışıqlarında ən çox haqq, eyni zamanda, nizamlanma prosesində söz sahibi kimi göstərmək istəyir: "Bu, əlbəttə, bizim zərərimizədir. Bu baxımdan, Vaşinqtonda xarici işlər nazirlərinin gözlənilən görüşü balans yaratmaq baxımından Azərbaycan üçün əhəmiyyətlidir. Amma bu görüşlər nəticəsində hər hansı dəyişikliyin ola bilməsi indiki məqamda real deyil".

O deyib ki, danışıqlar üçün baza prinsipləri var, amma Ermənistan tərəfi həmin prinsipləri indi də qəbul etmək istəmir. (Verilən məlumatlara görə, baza prinsiplərində əvvəlcə işğal altında olan 5, daha sonra 2 rayonun qaytarılması, kommunikasiyaların bərpası və sonra da status məsələsinin həlli nəzərdə tutulur) Onun fikrincə, Azərbaycan tərəfinin buna adekvat davranması məntiqlidir: "Ümumilikdə isə, bu görüşlərin hər hansı müsbət nəticə ilə başa çatacağı inandırıcı deyil".

H.Hacızadə
H.Hacızadə

"Nəticəyə ümidli deyiləm"

Politoloq Hikmət Hacızadə də hazırkı danışıqların nəticəsinə ümidlə baxmır: "Mən şəxsən bu görüşlərdən heç nə gözləmirəm. Vaşinqtonda ümumi görüş olmayacaq, nazirlərlə ayrı-ayrı görüşlər keçiriləcək".

Politoloqun fikrincə, orada sülhə aid ümumi fikirlər səslənəcək.

H.Hacızadə vurğulayıb ki, ABŞ indiki halda bu məsələyə ciddi qarışan deyil, öz başları qarşıdan gələn prezident seçkisinə qarışıb. O hesab edir ki, belə görüşlər bir növ piar xarakteri daşıyır:

"Öz cəmiyyətlərinə, dünya ictimaiyyətinə göstərmək istəyirlər ki, problemin həllinə biganə deyillər, narahatdırlar, kənarda deyillər. Yəni, biz də nigaranıq, narahatıq".

Deputat Sabir Rüstəmxanlı da mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, Rusiya bu işin əvvəlindən fəaldır, Dağlıq Qarabağda baş verən prosesləri nəzarətdə saxlayır. Onun fikrincə, ABŞ da nazirlərin görüşünü təşkil etməklə Minsk qrupunun həmsədri kimi prosesdən kənarda qalmadığını göstərir və xarici işlər nazirlərini də elə bu məqsədlə Vaşinqtona dəvət ediblər:

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Bu danışıqlarda istər Moskvanın, istər Vaşinqtonun təklifi yenə əməliyyatları dayandırmaq, atəşi saxlamaq olacaq. Başqa bir təklif olacağını gözləmirəm".

S.Rüstəmxanlı vurğulayıb ki, Ermənistan isə hərbi baxımdan artıq məğlub durumda olsa da, hələlik, müharibəni dayandırmaq barədə düşünmür, problemin həllini masa arxasında danışıqlar müstəvisinə çəkmək istəmir.

Son iki həftənin danışıqları

Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq vermişdilər.

Bundan əvvəl də - oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında humanitar atəşkəs təmin edilməliydi. Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi. Hətta Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və17-də raket zərbələrinə tutulub. Nəticədə üst-üstə 24 nəfər dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanıb.

Xızının Sitalçay kəndinə atılan raket. 'Böyük bir partlayış oldu'
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 90 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG