Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 10:18

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 29 il ötür


Azərbaycan bayrağı, arxiv foto

29 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Həmin il oktyabrın 8-də növbədənkənar sessiya bu məsələni dörd gün müzakirə etsə də, qərar verməyib bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar sessiyaya qatılmayıb.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda bu məsələ müzakirəyə çıxarılır. Əhalinin 95 faizinin bu referendumda iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdiyi açıqlanır. Hərçənd, bundan 9 ay öncə Azərbaycan Respublikasında da SSRİ-nin saxlanması ( Azərbaycan da onun tərkibində olmaqla) ilə bağlı referendum keçirilmişdi . Yerli hakimiyyətin iddiasına görə, səsverməyə qatılanların çoxu SSRİ-nin saxlanmasına səs vermişdi. Həmin referendumu müxalifət qüvvəsi- Azərbaycan Xalq Cəbhəsi boykot etmişdi. Bu təşkilat referendumun nəticələrinin saxtalaşdırıldığını açıqlamışdı.

O dövrün müstəqil araşdırmaçılarının fikrincə, 1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhd və bunun qarşısının alınmasından sonra bütün SSRİ-də fərqli mənzərə yaranmış, müstəqillik tərəfdarlarının mövqeləri güclənmişdi. Elə həmin hadisələrdən bir qədər sonra da Azərbaycan və bir sıra müttəfiq respublikada Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

2006-cı il dekabrın 8-də Azərbaycan Milli Məclisi Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü kimi qalsa da, artıq istirahət günü kimi qeyd edilmir. Müxalifət bu qərarı mənfi qarşılayıb.

Multimedia

XS
SM
MD
LG