Qırğızıstan paytaxtı Bişkekdə fövqəladə vəziyyət elan edilib, çəhərə hərbi hissələr və hərbi texnika yeridilir.
Bu barədə fərmanı prezident Sooronbay Jeyenbekov imzalayıb.
Fərmanda deyilir ki, hərbçilər blokpostların qurulması və hərbi toqquşmaların qarşısının alınması ilə məşğul olacaqlar.
Fövqəladə vəziyyət oktyabrın 9-da yerli vaxtla axşam saat 20.00-dan qüvvədə olacaq. Fövqəladə vəziyyətin oktyabrın 21-dək davam edəcəyi bildirilir.
Daxili işlər nazirinin müavini Almazbek Orozaliyev Bişkekin kommendantı təyin edilib.
AzadlıqRadiosunun Qırğız xidməti xəbər verir ki, naməlum şəxslər keçmiş prezident Almazbek Atambayevin Bişkekin mərkəzində keçiridiy mitinqi pozublar.
Həmin şəxslər mitinqdə çıxış edənləri daşa basırdılar. Bunun ardınca onlarla mitinqçilər arasında toqquşmalar başlanıb.
Bəzi informasiya agentlikləri güllə səslərinin gəlidiyini xəbər veriblər.
Interfax agentliyi xəbər verir ki, naməlum şəxslər mitinqdən gedərkən Atambayevin avtomobilini atəşə tutublar.
Rəsmilər baş vermiş bu hadisəni hələlik şərh etməyiblər.
Qırğızıstan prezidenti istefaya hazır olduğunu deyir
Qırğızıstan Prezidenti Sooranbay Jeyenbekov yeni hökumət təsdiqlənən kimi istefaya hazır olduğunu deyib. O, açıqlamanı oktyabrın 9-da verib.
“Legitim icra orqanı təsdiqlənəndən və biz hüquqi yola dönən kimi Qırğızıstan Respublikasının Prezidenti postundan getməyə hazıram”, – o, vebsaytında yaydığı bəyanatda vurğulayıb.
Bu bəyanatdan bir neçə saat öncə Jeyenbekovun idarəsi bildirirdi ki, prezidentin istefası “müzakirə olunmur”.
Hökumət başçısını razılaşdıra bilmirlər
Bu arada oktyabrın 4-də parlament seçkisini uduzmuş siyasi partiyalar ölkədə etirazlar təşkil edir, siyasi liderlərlə danışıqlar gedir.
Prezidentin təklifi hakimiyyətin transferini yüngülləşdirə bilər, amma onun şərtlərinin icrasının mümkün olub-olmayacağı bəlli deyil.
Seçkidə hakimiyyətyönlü partiyaların qalib elan olunmasını müxalifət partiyaları qəbul etməyiblər. Minlərlə nümayişçi küçələrə çıxıb, oktyabrın 6-da hökumət binalarını ələ keçiriblər.
Oktyabrın 9-na yeni nümayişlər planlaşdırılır.
Müxalifət qrupları hökuməti istefaya məcbur ediblər, seçki komissiyası seçkinin nəticələrini ləğv edib. Amma müxalifət yenə də müvəqqəti hökumətə kimin başçılıq edəcəyini razılaşdıra bilməyib.
Ölkənin mövcud parlamenti də yığışmayıb, yaxud aralıq liderini təyin etməyib.
“Baş verənlərə göz yumdu və sakit dayandı”
Ədalət Hüquq Klinikası adlı qeyri-hökumət təşkilatının rəhbəri Çolpon Jakupova AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, indiki hakimiyyət böhranı və xaos üçün Jeyenbekov məsuliyyət daşıyır.
Onun fikrincə, hazırda yeri bilinməyən Jeyenbekov “baş verənlərə göz yumdu və sakit dayandı”.
“Böhran anlarında siyasətçinin reaksiyası ildırım kimi sürətli olmalıdır”, – Jakupova vurğulayıb.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, Jeyenbekov oktyabrın 8-də qanunverici orqan üzvləri ilə danışıqlar aparıb.
Jeyenbekovun öz impiçment məsələsini bir qrup deputatın yeni spiker təyin etdiyi Mıktıbek Abdıldayevlə müzakirə etdiyi bildirilir.
Bu danışıqlar gedən vaxt yüzlərlə insan Oş və Karasu şəhərlərində yürüşə çıxaraq Jeyenbekova dəstək bildiriblər.
Oktyabrın 8-də isə deputatlar Jeyenbekovun impiçmentinin və siyasi böhranla bağlı digər məsələlərin müzakirəsi üçün yetərsay yığa bilməyiblər.