Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Maska taxmaqla burkanın fərqi


Burka
Burka

Avropanın bir neçə ölkəsində bütün üzü örtən dini geyim yasaqlanmışdı. Koronavirus pandemiyası bu məsələ ətrafında maraqlı suallara meydan açıb. Məsələn, Fransanın bəzi şəhərlərində COVID-19 infeksiyasından qorunmaq üçün maska taxmayanlar 135 avroyadək (160 dollar) cərimə ödəməlidirlər. Ancaq maraqlıdır ki, ən azı rəsmi qaydalara görə, ictimai yerlərdə üzü tam bağlayan örtük (niqab) taxan şəxs 150 avro (177 dollar) cərimə ödəməlidir.

Üzü hansı səbəbdən bağlamağın nə fərqi?

2011-ci ildə Fransa ictimai yerlərdə üz örtüyünü qadağan edən ilk Avropa ölkəsi oldu. Onun ardınca Danimarka, Avstriya, Belçika, Latviya və Norveç kimi ölkələr də burkanı tam, yaxud qismən qadağan etdi.

"Euronews" yazır ki, COVID-19 virusunun yayılmasını önləmək üçün maska taxmaq zərurəti maraqlı bir ziddiyyət ortaya qoyub.

"Üzünüzü dini, yaxud sağlamlıq səbəbindən bağlamağınızın nə fərqi var?", – deyə "Equinet" şəbəkəsinin gender siyasəti mütəxəssisi Moana Genevey sual edir.

2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransanın ictimai təhlükəsizlik və gender bərabərliyini əsas gətirərək burkanı yasaqlamaqla bağlı arqumentlərini rədd edib.

Ancaq məhkəmə Fransanın "birgə yaşama" (le vivre ensemble) prinsipini nəzərə alaraq iddianı qəbul edib.

"Birgə yaşama" anlayışı dəyişir

Üç il sonra iki belçikalı qadın da öz işlərini AİHM-nə çıxarıb. Onlar burka qadağasının insan hüquqlarına zidd olduğunu iddia ediblər. Samia Belcacemi həbs və cərimələrdən çəkinərək ictimaiyyət arasında burka geyməyi dayandırıb, Yamina Oussar isə evdə oturmağı seçib.

Bu işdə də AİHM Belçikanın din azadlığı ilə bağlı hər hansı hüququ pozmadığı haqda qərar çıxarıb. Bu dəfə də "birgə yaşama" prinsipi əsas gətirilib.

Fransa başqaları ilə kontaktdan qaçmağın qardaşlığı inkar etmək demək olduğunu və, deməli, "le vivre ensemble" prinsipinin pozulduğunu iddia edib.

Ancaq COVID-dən əvvəlki "birgə yaşama" ilə bugünkü arasında çox böyük fərq var. İndi demokratik cəmiyyətdə bərabər yaşaya bilmək üçün üzünü maska ilə örtməlisən. "Birgə yaşamaq əvvəlki mənasını vermir, ona görə bəlkə də bu arqumentin dəyişkənliyini yenidən müzakirə etməyin vaxtıdır", - "Equinet" şəbəkəsindən hüquqi və siyasi məsələlər üzrə mütəxəssis doktor Jone Elizondo Urrestarazu "Euronews"a deyib.

Başqa bir sual budur ki, pandemiyadan sonra normal həyata qayıdacağıqmı?

Belçikada 2011-ci ildən bəri tətbiq olunan burka qadağasının əsas arqumentlərindən biri odur ki, ictimai təhlükəsizlik naminə insanlar ictimai yerlərdə tanına və identifikasiya oluna bilməlidirlər. Əmək qaydaları və bayram tədbirləri üçün istisnalar var, tibbi səbəblər üçünsə istisna yoxdur. Ancaq yaranmış ictimai səhiyyə böhranı şəraitində bu qaydalar kənara qoyulub.

"Genderləşdirilmiş islamofobiya"

Kəşfiyyat və təhlükəsizlik eksperti professor Kenneth Lasoen deyir ki, maskaların üzü örtdüyünü nəzərə alsaq, qısamüddətli perspektivdə ümumi cinayətkarlıq səviyyəsinin artmasını gözləmək olar. Uzunmüddətli perspektivdə isə koronavirus pandemiyasının niqab qadağasına qarşı arqumenti zəiflədəcəyi ehtimalı var.

"Bu tədbirlərin niqab geyinən müsəlman qadınları azad edib gücləndirmək əvəzinə onları məhdudlaşdırması təzadlı faktdır", – Avropa Müsəlman Qadınlar Forumunun əməliyyat və siyasət meneceri doktor Sanja Bilic "Euronews"a deyib.

"Bəzi qadınlar hələ də çölə çıxıb cərimə ödəyirlər. Bəziləri isə evdə qalmağı seçiblər. Qadağadan əvvəl onlar öz icmalarının həyatında iştirak edən fəal vətəndaşlar idilər. Niqab qadağasının tətbiqindən sonra onlar buna son qoymalı oldular", – o deyib.

Doktor Bilic hesab edir ki, məsələ niqab, yaxud hicabda deyil, bu qadağaların bir geyim parçasını kriminalizə etməsindədir. Onun sözlərinə görə, Avropada başqa heç bir geyim növü kriminalizə edilməyib. "Bu problematikdir və islamofobiyaya yol açır. Özü də genderləşdirilmiş islamofobiyaya. Çünki o, təkcə müsəlman qadınları hədəfə alır", – o deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG