ABŞ Prezidenti Donald Tramp 2016-cı ildə cəmi 750 dollar federal gəlir vergisi ödəyib. Həmin il o, prezident seçilmişdi. “The New York Times” qəzeti bu araşdırmanı sentyabrın 27-də axşam yayıb.
Prezidentin 2017-ci ildə də eyni məbləğdə vergi ödədiyi, son 15 ilin 10-nu federal gəlir vergisi ödəmədiyi qeyd olunur.
Bu araşdırma yayılandan sonra keçirdiyi mətbuat konfransında Tramp iddiaları “saxta xəbər” adlandırıb.
O, nə qədər verdi ödədiyini açıqlamasa da daha öncəki arqumentlərini təkrarlayıb. Prezidentin sözlərinə görə, onun vergi hesabatları vergi agentliyi olan Daxili Gəlir Xidmətinin (IRS) auditi altında olduğundan bu informasiyanı açıqlaya bilməz.
“IRS mənimlə yaxşı davranmır”, - deyən Tramp əlavə edib ki, informasiya audit bitincə açıqlanacaq.
Hüquqşünas Trampın onmilyonlarla dollar vergi ödədiyini deyir
Tramp Təşkilatının hüquqşünası Alan Qarten qəzetə deyib ki, “faktların hamısı olmasa da çoxu dəqiq deyil”.
O, qəzetə yolladığı bəyanatda qeyd edir ki, prezident “şəxsi gəlirlərindən federal hökumətə onmilyonlarla dollar vergi ödəyib, 2015-ci ildə namizədliyi elan edəndən bəri milyonlarla dollar həcmində vergi də buraya daxildir”.
Tramp müasir dövrdə vergilərini ictimai şəkildə açıqlamayan yeganə prezidentidir, bu məlumatları tələb edənlərlə məhkəmələrdə çəkişir.
“The New York Times” yazır ki, Trampın son 20 ili əhatələyən vergi məlumatlarını əldə edib.
Bu məlumat Trampın vətənpərvər və uğurlu milyarder imicini kölgələmiş olur. Məlumat doğrudursa, Trampın vergi işlərinin qanunsuz olub-olmaması sualı yaranır.
Ancaq bu araşdırma 3 noyabr prezident seçkisi öncəsi prezidentə ziyan vura bilər.
Qəzet yazır ki, daşınmaz əmlak maqnatı və realiti teleulduzu olan Tramp qazandığından daha artıq pul itirdiyini deyərək federal vergini ya ödəməyib, ya da çox az ödəyib, vergi öhdəliklərini azaltmaq üçün şəxsi xərclərindən vergi tutulmalarından istifadə edib, biznes vergi kreditlərinə bel bağlayıb.