Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:44

'Zahirən Avropa ölkələrindən qabaqda görünürük'


Prezident İ.Əliyev BMT Baş Assambleyasında çıxış edir. 2017
Prezident İ.Əliyev BMT Baş Assambleyasında çıxış edir. 2017

Prezidentin BMT debatında dediklərinə yozumlar

Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı ümumi debatlarda Azərbaycan prezidenti İlham Əliyev videoformatda çıxış edib. Dövlət başçısı çıxışında beynəlxalq, regional məsələlərlə yanaşı, ölkənin daxili həyatına da toxunub.

17 ildə görülən işlər…

Prezident deyib ki, son 17 ildə (özünün hakimiyyətdə olduğu dövr ) Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumi daxili məhsul (ÜDM) üç dəfə artıb. Onun sözlərinə görə, ötən bu müddət ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib.

Dövlət başçısı habelə vurğulayıb ki, son 17 ildə ölkədə 3 min 700-dən artıq məktəb yenidən tikilib və ya əsaslı təmir edilib. Onun iddiasına görə, savadlılıq səviyyəsi 100 faizə yaxındır, əhalinin 80 faizi internet istifadəçisidir.

İ.Əliyev həmçinin bildirib ki, Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib, yenidən qurulub, son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilib və ya əsaslı təmir edilib.

İ.Əliyev Bakıda yeni hospitalın açılışında
İ.Əliyev Bakıda yeni hospitalın açılışında

Dövlət başçısı deyib ki, COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır: "İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir".

700, yoxsa 570?

Artıq bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə prezidentin bu fikirləri müzakirə edilir. Hətta bəzilər öz tənqidi münasibətlərini də gizlətmirlər. "Prezident İlham Əliyev… deyib ki, Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib və yenidən qurulub, son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilib və ya əsaslı təmir edilib. Dövlət Statistika Komitəsinin "Azərbaycan faktlar və rəqəmlər 2020" buraxılışının səhiyyə bölməsində göstərilir ki, Azərbaycanda xəstəxanaların sayı 570-dir", - iqtisadçı Qubad İbadoğlu yazıb.

V.Əhmədov
V.Əhmədov

"Rəqəmlərin hamısı həqiqətdir"-deputat

Prezidentin həmin çıxışı barədə "Turan" agentliyinə şərh verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə vurğulayıb ki, orada əsas ağırlıq Qarabağ məsələsi üzərinə qoyulmuşdu. Onun qeyd etməsinə görə, bu problemin indiki vəziyyəti və həlli məsələsi prezidentin həmin çıxışının ən vacib hissəsi idi.

Dövlət başçısının ölkənin daxili həyatı ilə bağlı səsləndirdiyi rəqəmlərə gəlincə isə, deputat bunları gerçək sayır.

"Prezidentin ÜDM-in artımı, ölkədə yoxsulluq həddi, ümumiyyətlə, çıxışda səsləndirdiyi rəqəmlərin hamısı həqiqətdir", - deputat V.Əhmədov söyləyib.

"Neftin kəskin bahalaşması,…"

İqtisadçı-ekspert Rəşad Həsənov isə AzadlıqRadiosuna deyib ki, bu rəqəmlərin səslənməsi yeni məsələ deyil, bəhs edilən dövr ərzində davamlı olaraq ictimailəşdirilib. Onun fikrincə, burada əsas rolu neftin 2002-2003-cü illərdən sonra kəskin bahalaşması, 2005-ci ildən sonra isə real neft gəlirlərinin ölkəyə daxil olması oynayıb. İqtisadçı hesab edir ki, proqnozdan 7-9 dəfə artıq gəlirin daxil olması xüsusilə infrastruktur sahəsində hökumətin müəyyən addımlar atması imkanlarını genişləndirib.

R.Həsənov
R.Həsənov

Ekspert deyib ki, yoxsulluqla bağlı məsələ daha çox qiymətləndirmədən asılıdır. Onun fikrincə, Azərbaycandakı metodologiya, uçotun dəqiq olmaması və əhalinin gəlirlərinin ölçülə bilməməsi kimi amillər səbəbindən yoxsulluqla bağlı göstəricilər 5 faizə qədər endirilib:

"Qonşu dövlətlərlə müqayisədə…"

"Bu indikator üzrə zahirən bəzi Avropa ölkələrindən qabaqda görünürük. Amma bu doğrudurmu? Bu, ayrı bir suladır. Burada yoxsulluq həddini müəyyən etmək üçün dəyərləndirmələrin dəqiq aparılmasına ehtiyac var".

Koronavirus pandemiyası ilə mübarizəyə gəlincə isə, R.Həsənov deyib ki, bu sahədə konkret qiymətləndirmə aparmaq hələ tezdir: "Bu istiqamətdə qəbul edilən qərarların xaotikliyi, bir-birini izləməməsi, bəzi hallarda məntiqsiz qərarlar qəbul edilməsi kimi hallar var. Pandemiya şəraitində dövlətin vətəndaşa dəstəyinə gəlincə, Azərbaycanla eyni imkana malik bəzi qonşu dövlətlərlə müqayisədə bu dəstək aşağı olub. Necə deyərlər, hər şey göz qabağındadır".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG