Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:29

Lavrov Qafarovaya bu sözləri deyib, yoxsa deməyib?


Sergey Lavrovla Sahibə Qafarova görüşüb. 23 sentyabr 2020
Sergey Lavrovla Sahibə Qafarova görüşüb. 23 sentyabr 2020

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın media resurslarında Dağlıq Qarabağ tənzimlənməsinə dair xarici işlər naziri Sergey Lavrova aid edilən şərhlər barədə suala cavab verərkən deyib ki, sual bu informasiyanı yaymış mənbələrə ünvanlanmalıdır: "Mən bu məsələ üzərində dayanmayacağam. Dağlıq Qarabağ tənzimlənməsinə gəlincə isə, bunları deyə bilərəm: Azərbaycan tərəfi ilə bugünkü görüşdə Dağlıq Qarabağ münaqişəsi tənzimlənməsinin əvvəllər səsləndirilmiş baza prinsipləri, o cümlədən Dağlıq Qarabağın status məsələləri, habelə onun ətrafındakı ərazilərin azad edilməsinə dair məsələ müzakirə olunub. Bizim bu məsələyə dair mövqeyimizi yaxşı bilirsiniz. Çox böyük ricamız bundan ibarətdir ki, Rusiya tərəfindən irəli sürülməmiş müxtəlif mülahizələrdən yox, məhz bundan çıxış edəsiniz".

Maraqlıdır ki, Rusiya xarici işlər naziri S.Lavrova aid edilən şərhlər barədə məlumat sonradan Azərbaycan Milli Məclisinin rəsmi saytında dəyişdirilib və yeni məlumatda Lavrova aid edilən bəzi fikirlər yer almır.

"Bu, rəsmi Moskvanın mövqeyidir"

Bundan əvvəl sentyabrın 23-də Azərbaycan Milli Məclisinin rəsmi internet saytında isə S.Lavrova istinadən belə bir fikir verilmişdi: "Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir".

Azərbaycan Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsinin həmin məlumatına görə, bu sitatda yer alan sözləri Rusiyanın xarici işlər naziri S.Lavrov sentyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş zamanı səsləndirib.

Milli Məclisin sonradan dəyişdirilən məlumatına görə, sentyabrın 21-dən Rusiyada rəsmi səfərdə olan S.Qafarova ilə bu görüş zamanı S.Lavrov həmçinin deyib: ​"Rusiya nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır".

Milli Məclisin mətbuat xidmətinin bu görüşlə bağlı məlumatının yeni mətində S.Lavrova istinad edilən həmin iki sitatın heç biri yer almayıb.

Milli Məclisin sədri isə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin istənilən inkişafına ciddi maneələr yaratmağa davam edir: "Azərbaycan münaqişənin sülh yolu ilə siyasi həllinə sadiqdir…".

S.Qafarovanın fikrincə, münaqişənin həlli BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. (1993-cü ildə dörd qətnamə qəbul edilib. Həmin qətnamələrdə işğal edilən ərazilərin boşaldılması istənilib-red.)

O deyib ki, "Ermənistanın baş naziri N.Paşinyanın… kompromis variantının yalnız Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıması şərti ilə müzakirə edilə biləcəyi barədə "yeddi şərt" deyilən absurd açıqlamaları münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin səylərini puç edir".

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez hər iki tərəfə qara xəbərlər gəlir. Buna görə tərəflər, bir qayda olaraq, bir-birlərini ittiham edir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG