Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:04

Etirazçılara divan tutulduqdan sonra ABŞ Lukaşenkanı tanımadığını bəyan edir


Alyaksandr Lukaşenka and içir
Alyaksandr Lukaşenka and içir

BelTA yazır ki, Lukaşenka sağ əlini konstitusiyaya qoyaraq and içib. Mərkəzi Seçki Komissiyasının sədri ona Belarus Respublikasının Prezidenti vəsiqəsini təqdim edib

Belarus paytaxtı Minskdə hakimiyyətini qoruyub saxlamağa çalışan Alyaksandr Lukaşenkanın qəfil inaqurasiyasına etiraz edən minlərlə insana qarşı dəyənəklərdən və su şırnağından istifadə olunub.

Sentyabrın 23-də Minskdə etirazçılar və polis arasında nizamsız toqquşmalar baş verib, onlarca etirazçı saxlanıb.

Sentyabrın 23-də Belarusda etirazçılara qəddar divan tutulmasının ardınca Birləşmiş Ştatlar Lukaşenkanın legitimliyini tanımayan Qərb ölkələrinin sırasına qoşulub.

Dövlət Departamentinin sözçüsü AzadlıqRadiosuna deyib:

"9 avquyst seçkisi nə azad, nə də ədalətli olub. Seçkinin elan edilmiş nəticələri fırıldaqdır və heç bir legitimliyi yoxdur. Birləşmiş Ştatlar Alyaksandr Lukaşenkanı Belarusun legitim seçilmiş lideri hesab edə bilməz”.

Birləşmiş Ştatlar müstəqil müşahidəçilərin nəzarəti altında keçiriləcək azad və ədalətli seçki ilə nəticələnəcək “milli dialoqa” çağırıb.

Sözçü əlavə edib ki, “qanunsuz saxlananların azad edilməsi və dinc etiraz edən vətəndaşlara qarşı repressiyalara son qoyulması əsl milli dialoqa yönəlmiş ilk addım olmalıdır”.

Lukaşenkanın qəfil inaqurasiyasına etiraz edən çox sayda insan saxlanıb
Lukaşenkanın qəfil inaqurasiyasına etiraz edən çox sayda insan saxlanıb

Lukaşenka qəfil andiçmə mərasimi keçirib

Lukaşenkanın sentyabrın 23-də keçirdiyi gizli səsvermə həm qərbdə, həm də ölkə daxilində müxalifət üzvlərinin tənqidilə üzləşib. Mərasimdən sonra Minskdə spontan nümayişlər başlanıb.

“Bizim dövlətçiliyimiz müstəqil dövlətləri dağıtmağı hədəfləyən, yaxşı inkişaf etmiş texnologiyalara söykənən görünməmiş problemlə üzləşməli oldu. Amma biz rəngli inqilabın alınmadığı azsaylı ölkələrdən birinə çevrildik, bəlkə də, yeganə belə ölkə olduq. Bu, ölkəsini itirmək istəməyən Belarus xalqının seçimi idi”, – Lukaşenka and içərkən deyib.

Andiçmə mərasimindən dərhal sonra Lukaşenkanın seçkidə əsas rəqibi olmuş Svetlana Tixanovskaya deyib ki, onun “saxtalaşdırılmış” qələbəsini heç vaxt qəbul etməyəcək. O, dərhal vətəndaş itaətsizliyi kampaniyasına çağırıb.

“Hər kəs prezident ola bilər. Konstitusiyanı götür, əlini üstünə qoy, bir neçə dəfə ‘And içirəm’ de və “Mən prezidentəm” sözləri yazılmış kağızı imzala və cibinə qoy”, – Txanovskayanın komandası bəyanatında bildirib.

“Qanuni oğrunun tacqoyma mərasimi”

2002-2019-cu illərdə Belarusun Polşa, Fransa, UNRSCO və İspaniyada səfiri olmiş Paval Latuşka Telegram kanalında yazıb ki, ölkə “görünməmiş vəziyyətə düşüb”. O, hazırda müxalifətin Koordinasiya Şurasının üzvüdür:

“Səslərin 80 faizindən çoxunu yığdığı iddia olunan, vəzifəsindən getməli olan prezident xüsusi əməliyyat keçirərək and içib. Çevik polisin mühafizəsi altında, gizlilik atmosferində, tələsik gətirilən məmurların əhatəsində. Bayram edən vətəndaşlar hanı bəs? Diplomatik korpus hanı?”

“Düzünü desəm, bu, daha çox başqa bir qanuni oğrunun tacqoyma mərasiminə oxşayır”, – Latuşka əlavə edib.

AzadAvropa/AzadlıqRadiosunun Belarus xidməti xəbər verir ki, Minsk sakinləri qəfil andiçmə mərasimindən Müstəqillik Sarayı yaxınlığında hərəkətlilik görüb agah olublar. Sosial mediada yayılan fotolarda əllərində “Kral lütdür”, “Qələbə xalqa məxsusdur” plakatları tutan adamlar görünür. Etirazçılar müxalifətin simvolu sayılan qırmızı-ağ rəngli bayraqlar qaldırıblar. Onların şəhər mərkəzində bəzi küçələri bağladığı xəbər verilir.

Birləşmiş Ştatlar, Avropa Birliyi və digər Qərb ölkələri 9 avqust seçkisinin nəticələrini və nümayişçilərə qarşı zorakılığı pisləyiblər.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Lukaşenkanın andiçməsini şərh etməyib, ancaq onu deyib ki, “belə bir qərar veriblərsə, demək, bunu məntiqli hesab ediblər”.

Rusiya etirazlar vaxtı Lukaşenkanı dəstəkləyib.

***

Belarus Prezidenti Alyaksandr Lukaşenka qəfil andiçmə mərasimində daha altı illiyə dövlət başçısı kimi and içib. Ölkədə onun prezident elan olunmasına hələ də etiraz aksiyaları keçirilməkdədir.

Rəsmi BelTA xəbər agentliyinin məlumatına görə, sentyabrın 23-də andiçmə mərasiminə “bir neçə yüz” aparıcı rəsmi dəvət olunub, ancaq kimlərin qatıldığı açıqlanmır.

BelTA yazır ki, Lukaşenka sağ əlini konstitusiyaya qoyaraq and içib. Mərkəzi Seçki Komissiyasının sədri ona Belarus Respublikasının Prezidenti vəsiqəsini təqdim edib.

Lukaşenka 26 illik hakimiyyəti dövründə görünməmiş etirazlarla üzləşib. Avqustun 9-da seçkidən sonra onun səslərin 80 faizindən çoxunu yığdığı açıqlanandan sonra ölkəni etirazlar bürüyüb.

Etirazçılar Lukaşenkanın istefasını, azad və ədalətli seçki keçirilməsini tələb edirlər.

66 yaşlı Lukaşenka isə dinc etirazları zorakılıqla yatırdıb, saxlananlar onlara işgəncə verildiyini deyiblər.

Müxalifət lideri Svetlana Tixanovskaya xəbərdarlıq edirdi ki, inauqurasiya keçirmək cəhdi “qanunsuz” hesab olunacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG