Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:06

Çin daha xarici binaları kopiyalamayacaq


Şanxay
Şanxay

Çinin bir çox yerində ingilis şəhərciklərindən tutmuş, Alp kəndlərinə və Eyfel qülləsinə qədər müxtəlif tanınmış məkanların oxşarlarını görmək mümkündür. Ancaq indi hökumət yerli dizayna dəstək vermək qərarına gəlib. Hökumətin yeni bəyanatında deyilir ki, yeni ictimai məkanlarda dizaynları "oğurlamaq, imitasiya etmək və kopiyalamaq" qadağandır. Bildirilir ki, binalar şəhərin mədəniyyətini üzə çıxarır və iri, yad və qəribə dizaynlar məhdudlaşdırılmalıdır.

Hökumət "şəhər təftişləri" keçirərək vəziyyətə nəzarət edəcəyini bildirib.

BBC yazır ki, yeni qaydalar göydələnləri də məhdudlaşdırır. Onların hündürlüyü 500 metrdən artıq olmamalıdır.

Memarlıqda "yeni dövr"

Mayın əvvəlində açıqlanan bəyanatda deyilir ki, stadionlar, sərgi mərkəzləri, muzey və teatrlarda plagiatın qadağan olunması xüsusilə vacibdir.

"Şəhər tikililəri şəhərin xarici görkəmi ilə daxili ruhunun kombinasiyası olub şəhərin mədəniyyətini üzə çıxarır", – hökumətin bəyanatında deyilir. Sənəddə memarlıqda yeni dövrün başlanmasına, mədəni əminliyin gücləndirilməsi, şəhərin xüsusiyyətlərinin göstərilməsi, müasir ruhunun nümayiş etdirilməsi və Çin xüsusiyyətlərinin ortaya qoyulmasına çağırış edilir.

Çin sosial mediasının xarici memarlıqla bağlı yeni qaydaları, əsasən, yaxşı qarşıladığı bildirilir.

Əlbəttə, Çin başqa ölkələrə məxsus memarlıq nümunələrini kopiyalayan yeganə ölkə deyil. ABŞ-ın Las-Veqas şəhərində Eyfel qülləsindən tutmuş, Venesiya kanallarına qədər hər şey var.

Tailand da yerli turistləri cəlb etmək üçün gözəgəlimli ingilis və italyan kənd mənzərələri yaradıb.

Ancaq çinli memarlıq mütəxəssislərinə görə, sənəddə daha az diqqət çəkən bəzi məqamlar – irsin mühafizəsi, dizaynerlərə kredit sisteminin tətbiqi, baş memarların təyin olunması – Çin şəhər planlaması təkamülünün daha incə hal almasından xəbər verir.

Kredit sistemi

"Sənəd heç də, sadəcə, hündürlük haqqında deyil. O, Çin mədəniyyəti, şəhər konteksti, şəhərin ruhu və müasir görkəm haqqındadır", – Virciniya Universitetinin Asiya memarlığı professoru Li Şiqao CNN-ə deyib. Onun sözlərinə görə, bu məsələ geniş akademik müzakirə mövzusu olsa da, bu vaxta qədər hökumət sənədlərində əks olunmamışdı.

Hökumətin sənədində qeyd olunan kredit sistemi də maraqlıdır. Bundan sonra hökumətin qoyduğu planlaşdırma qanun və qaydalarına əməl edən memarlara kredit balları veriləcək. Bu qaydalara əməl etməyən memarlarsa qara siyahıya salınacaq.

Bundan başqa, sənəddə tarixi binaların, ənənəvi memarlıq nümunələrinin sökülməsi və hətta yeni binaların tikilməsi üçün köhnə ağacların kəsilməsi ilə bağlı ciddi xəbərdarlıq əks olunub. CNN yazır ki, bu, son zamanlar Çində tarixi irsin qorunması ilə bağlı güclənməkdə olan ümumi tendensiya ilə səsləşən məqamdır.

Neft anbarı incəsənət muzeyi olacaq

Əvvəllər Çin köhnə tikililəri heç bir fərq qoymadan sökməsi ilə tanınırdı. İndi isə Şanxayda istifadədən çıxmış neft anbarı və köhnə elektrik stansiyasının binalarının təmir edilərək incəsənət muzeylərinə çevrilməsi diqqətəlayiqdir. Bu layihələrin hər ikisi yüksək profilli təmir layihələri sayılır.

Sənəddə əks olunmuş bir məqamsa Çin üçün tamamilə yenidir. Söhbət hər şəhərin baş memarının təyin olunmasından gedir.

CNN misal olaraq bu təcrübənin Moskva və Barselonada oturuşduğunu vurğulayır. Bu şəhərlərdə təklif olunan yeni layihələri təsdiq, yaxud rədd etmək səlahiyyətinə malik baş memar olur. Li Şiqao bu ideyanı dəstəkləyir. O hesab edir ki, bu addım yeni layihələrin şəhərin ümumi kontekstinə uyğunluğunu təmin edəcək.

İndi əsas məsələ bu uyğunluğun şəhəri maraqsız bir məkana çevirəcəyi, yoxsa müəyyən kreativliyə imkan verəcəyidir. Onun sözlərinə görə, yeni nəsil Çin memarları şəhərin ümumi ruhunu qorumaqla çox maraqlı nümunələr yaratmağa qadirdirlər. "Əsas məsələ bu prosesə təminat verən sistemi yaratmaqdır", – deyə o əlavə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG