Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:23

Rusiya öz vaksinindən elə arxayındır ki... – Qərb mediası


Rusiyanın "Sputnik-V" vaksini
Rusiyanın "Sputnik-V" vaksini

Bir çox vaksin istehsalçıları bu məsələdən yayınmağa çalışırlar, vaksin satdıqları ölkələrdən hər hansı hüquqi iddiaya qarşı qoruma istəyirlər

Rusiya özünün COVID-19 vaksinindən o dərəcədə əmindir ki, nəsə yolunda getməsə, hüquqi məsuliyyətin bir hissəsini götürməyə hazırdır. Bunu layihəni maliyyələşdirən dövlət fondunun rəhbəri “Reuters” agentliyinə deyib.

Agentlik yazır ki, bu qərar vaksini hazırlayanların potensial təzminat iddialarına açıq olması deməkdir. Bir çox vaksin istehsalçıları bu məsələdən yayınmağa çalışırlar, vaksin satdıqları ölkələrdən hər hansı hüquqi iddiaya qarşı qoruma istəyirlər.

Birləşmiş Ştatlarda COVID-19 vaksinlərinə görə məsuliyyət hökumətin üzərindədir. Bu, vaksin haızrlayanların qorunması deməkdir, çünki əhalinin kütləvi peyvəndlənməsi cəmiyyət üçün faydalı hesab olunur.

“Hüquqi riskləri Rusiya tərəfi üzərinə götürüb”

Hazırda dünyada onlarla potensial vaksin sınaq mərhələsindədir. Rusiyanın Sputnik-V vaksini isə üçüncü sınaq mərhələsindən keçmədən təsdiqlənib. Bu peyvəndi dəstəkləyənlər də məhz bazarda müəyyən pay əldə etmək üçün hüquqi məsuliyyət məsələsindən yapışıblar, agentlik yazır.

“Rusiya öz vaksinindən o dərəcədə əmindir ki, tam sığorta təminatı tələb etmir və bu da onu Qərb vaksinlərindən fərqləndirən əsas faktordur”, – Rusiya Birbaşa İnvestisiya Fondunun başçısı Kiril Dmitriyev agentliyə deyib. Vaksinin hazırlanmasını məhz bu fond dəstəkləyir.

“Onların hamısı hüquqi risklərə qarşı tam təminat istəyir”, – o sözlərinə əlavə edib.

Dmitriyev Rusiya vaksininin alıcılarından qismən məsuliyyət götürməyin tələb olunub-olunmayacağını açıqlamayıb. Eləcə də təminat məsələsinin detalları haqda danışmayıb.

Braziliyanın Bahia ştatı Rusiya vaksininin 50 milyon dozasını almağı planlaşdırır. Ştatın səhiyyə naziri agentliyə deyib ki, hüquqi riskləri Rusiya tərəfi üzərinə götürüb.

Britaniyanın AstraZeneca şirkəti Oksford Universiteti ilə birlikdə vaksin hazırlayır. Bir çox ölkələr şirkəti hər hansı gələcək hüquqi iddialara görə məsuliyyət daşımaqdan azad edib. Bunu şirkətin aparıcı rəsmisi “Reuters”ə iyulda deyib

“Pulumuzu öz ağzımıza qoyuruq”

Rusiya vaksininin təhlükəsizliyi və səmərəsi ilə bağlı bir sıra alimlər narahatlıq ifadə ediblər. Sputnik-V Moskvanın Gamaleya İnstitutu tərəfindən hazırlanıb.

“Uzunmüddətli nəticələrdən arxayınıq. Müxtəlif ölkələrlə qurduğumuz tərəfdaşlıqlarda tam sığorta təminatı istəməməklə pulumuzu öz ağzımıza qoyuruq”, – Dmitriyev vurğulayıb.

İndiyədək fond 200 milyon dozadan artıq vaksin satışı üzrə sövdələşmə əldə olunduğunu açıqlayıb. Bunun yarısı Latın Amerikasına, yarısı Hindistana gedəcək. Fond 1 milyard dozayadək sifariş aldığını bildirir.

Agentlik yazır ki, Braziliyanın nə Bahia, nə də Parana ştatları vaksinlə bağlı kontrakt imzalamayıblar. İndilik razılaşmalar yalnız anlaşma memorandumu səviyyəsindədir. Kontraktların imzalanması üçün vaksin Braziliya qurumları tərəfindən təsdiqlənməlidir.

Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə sentyabrın 18-də GAVI (Global Alliance for Vaccines) təşkilatı ilə saziş imzalayıb. Sazişə görə, COVID-19 ilə bağlı DST-nin (Dünya Səhiyyə Təşkilatı) təsdiqlədiyi və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da onunla təmin olunacaq.

Dünyada yeni koronavirusa 31 milyondan çox insan yoluxub, ölən xəstələrin sayı 1 milyona yaxınlaşır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG