Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 10:40

O.Gülalıyevin ailəsi istintaqdan narazıdır


O.Gülalıyev xəstəxanada
O.Gülalıyev xəstəxanada

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsi istintaqdan narazıdır. Hətta xəstəxana xərclərini Heydər Əliyev Fondunun qarşılamasından imtina etmək niyyətində olduqlarını da açıqlayıblar.

Bu barədə sentyabrın 21-də hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva danışıb. "Biz hələ bir həftə əvvəl Heydər Əliyev Fonduna yazdıq ki, Fondun Türkiyədə Oqtay Gülalıyevin müalicə xərclərini qarşılamasından imtina edirik. İmtinanın səbəbi odur ki, artıq 11 aydır Oqtay bəyin başına bu hadisə gəlib - açıq deyərdim ki, Oqtay bəyə sui-qəsd olub, - bu vaxta kimi hələ də heç bir məhkəmə işləri aparılmır", - o vurğulayıb.

F.Gülalıyeva deyib ki, O.Gülalıyevin vəkili Fuad Ağayevə və nümayəndəsi, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə iki dəfə vəkalətnamə verib.

"Artıq 11-ci aydır bəhanə gətirə-gətirə gedirlər"

"Bir dəfə vəkalətnamə verəndən sonra deyirlər ki, onu imzanızla təsdiq etməlisiniz. Türkiyədə deyirlər ki, başa düşə bilmirik, vəkalətnamə verəndə onsuz da imza ilə təsdiq edilib göndərilir. Artıq 11-ci aydır bəhanə gətirə-gətirə gedirlər. Oqtayın vəkili Fuad Ağayev müxtəlif vəsatətlər verib, amma heç bir nəticə yoxdur. Nə Oqtayı vuran şəxslə, nə xəstəxanalarla bağlı vəkilin verdiyi vəsatətlər təmin edilib. Bizim Oqtay bəylə bağlı Heydər Əliyev Fondunun xərclərindən şikayətimiz yoxdur, məhkəmələrlə bağlı şikayətimiz var. Bəhanə gətirirlər ki, Oqtay bəyin özü olmalıdır. Mehman bəy dəfələrlə deyib, bu adam komadadır, özü necə ola bilər?", - o sual edib.

"Bu səbəbdən də biz yazmışıq ki,..."

F.Gülalıyeva deyib ki, Heydər Əliyev Fondu müalicə xərclərini tam ödəyir: "Biz sadəcə olaraq istintaqın gedişinə etiraz edirik. Bunlar deyirlər ki, Oqtay bəyin özü gəlsin. Bu səbəbdən də biz yazmışıq ki, istintaq belə tələb etdiyi üçün Oqtay bəyi Azərbaycana götürək".

O, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla telefonla da danışdığını deyib: "O mənə bildirdi ki, Heydər Əliyev Fondu maliyyə işlərinə baxır, məhkəmə işlərinə baxmır. Mən ona dedim ki, "siz məsul şəxslərdən birisiniz. Dedim ki, "necə olur ki, Tofiq bəyin (Tofiq Yaqublunun) işini iki-üç ayda düzüb-qoşdunuz, 4 il 3 ay iş verdiniz, amma 11 ay keçməsinə baxmayaraq, Oqtay bəyin işi ilə bağlı heç bir iş görülməyib, heç kim məsuliyyətə cəlb olunmayıb...".

O.Gülalıyevin səhhətinə gəlincə, F.Gülalıyeva deyib ki, onun səhhəti hazırda yaxşıdır.

"Əl hərəkətləri bir qədər güclənib"

"Qızdırması yoxdur. Hər hansı infeksiyası yoxdur. Əllərini tərpədir. Əl hərəkətləri bir qədər güclənib. Baxışları daha da dolğunlaşıb, çəkisi artıb. Amma hələ də komadadır, komadan tam ayılmayıb", - o qeyd edib.

Bu açıqlamaya, hələlik, Baş Prokurorluq və Heydər Əliyev Fondundan münasibət almaq mümkün olmayıb.

Baş prokurora müraciət

Bundan bir neçə gün öncə də O.Gülalıyev ailəsinin maraqlarının qanuni nümayəndəsi kimi "Turan" İnformasiya Agentliyinin direktoru M.Əliyev Baş prokuror Kamran Əliyevə müraciət etmişdi.

Baş prokurora müraciətində M.Əliyev yazmışdı ki, fakt üzrə Cinayət Məcəlləsinin (CM) 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb. M.Əliyev əlavə etmişdi ki, hadisədən təxminən 11 ay keçsə də, O.Gülalıyevin ailəsinin, müdafiə tərəfin çağırış və tələblərinə baxmayaraq, iş indiyə kimi məhkəməyə verilməyib.

Vəkil F.Ağayev isə mətbuata açıqlamasında bildirmişdi ki, o, hələ 2019-cu ilin noyabrında iş üzrə obyektiv araşdırma üçün zəruri hesab etdiyi bir sıra sənədlərin və materialların tələb olunması haqqında vəsatət verib. Amma M.Əliyevin Baş prokurora da müraciətində qeyd olunduğu kimi, indiyə qədər həmin vəsatət və müdafiə tərəfinin müraciətlərinə cavab verilməyib.

Hərçənd, həmin müraciətdən sonra M.Əliyev və vəkil F.Ağayevin sentyabrın 19-da Nəsimi Rayon Prokurorluğuna dəvət edildiyi bildirilmişdi.

Amma, hələlik, istər bu dəvət, istərsə də müdafiə tərəfinin həmin müraciəti ilə də bağlı Baş Prokurorluqdan münasibət almaq cəhdləri nəticə verməyib.

Xatırlatma

O.Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində yol-nəqliyyat qəzasına düşüb. Həmin gün axşam Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib.

Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilir.

Avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Amma istintaq qurumu qəzanın qəsdən törədilmədiyi qənaətini açıqlayıb. O.Gülalıyevin vurulduğu avtomobilin sürücü də qəzanı qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

XS
SM
MD
LG