Çexiyanın Səhiyyə naziri Adam Voytex koronavirus pandemiyasını idarə etməsilə bağlı tənqidlərdən sonra istefa verib. Hazırda Çexiya Avropada yeni yoluxmalara görə ikinci yerdədir.
Baş nazir Andrey Babis sentyabrın 21-də Twitter hesabında Voytexə təşəkkür edib, onun pandemiyanın birinci dalğasının öhdəsindən “inanılmaz” dərəcədə gəldiyini deyib. Onun sözlərinə görə, Voytex enerjisinin hamısını koronavirusla mübarizəyə həsr etməli olmasaydı, ölkənin ən yaxşı səhiyyə naziri kimi yadda qalardı.
Baş nazirin müavini Yan Hamaçekin sözlərinə görə, Voytexin yerinə tezliklə təyinat olacağını gözləyir, çünki nazirlik pandemiyaya qarşı işi koordinasiya etməlidir.
Baş nazir xalqa müraciət edəcək
Babis bu gün axşam saat 8-də xalqa televiziya ilə müraciət edəcək.
Çexiyada koronavirusa təsdiqlənmiş yoluxmalar artmaqdadır. Yayın əvvəlində ölkədə əksər məhdudiyyətlər qaldırılmışdı.
Son 14 gün ərzində Çexiyada hər 100 min nəfərə 193 yoluxma qeydə alınıb. Bunu Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bildirir.
Britaniyanın Baş naziri Boris Conson da əlavə COVID-19 qadağaları nəzərdən keçirir.
Madriddə isə daha yoxsul ərazilərdə etirazçılar dünən – sentyabrın 20-də küçələrə çıxaraq hakimiyyətin ayrıseçkiliyindən gileylənib, səhiyyə xidmətinin yaxşılaşdırılmasını tələb ediblər. Həmin ərazilərdə karantin qadağaları tətbiq olunur.
Cənubi Koreyada gündəlik yoluxma sayı artıq iki gündür 100-dən aşağı olur. Bazar ertəsi açıqlanmış məlumata görə, son 24 saat ərzində əlavə 70 yoluxma ölkə üzrə ümumi statistikanı 23 min 45-ə qaldırıb, onlardan 385 nəfəri dünyasını dəyişib.
Ölkədə həftəsonları nisbətən az test həyata keçirilir. Ancaq son günlər Cənubi Koreyada təsdiqlənmiş yoluxma sayı azalır, çünki sosial məsafə qaydalarına sərt şəkildə əməl olunur. Avqustun sonunda gündəlik yoluxmalar 400-ü keçirdi.