Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:40

Azərbaycan hərbi qulluqçusu həlak olub


Müdafiə Nazirliyi

Azərbaycan əsgəri yaralanıb

Dünən, sentyabrın 20-də Azərbaycan əsgəri yaralanıb.

Bu barədə sentyabrın 21-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq sentyabrın 20-si saat 17 radələrində Tovuz rayonu ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açıb, nəticədə əsgər Qurban Qurbanov "sağ çiyin nahiyəsinin kor qəlpə yarası" xəsarəti alıb.

Həm bu faktla, həm də sentyabrın 21-də cəbhə bölgəsində Azərbaycan hərbi qulluqçusunun həlak olması ilə bağlı cinayət işi açıldığı bildirilir.

+++

Azərbaycanın hərbi qulluqçusu həlak olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 21-də yaydığı bəyanatda bildirilir. Bəyanatda yazılıb ki, qoşunların təmas xəttində Ermənistan vəziyyəti məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirir.

Bildirildiyinə görə, son zamanlar Ermənistan tərəfdən atəşkəsin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrinin, mülki əhalinin, infrastrukturun atəşə tutulması, kəşfiyyat-təxribat fəaliyyətləri və o cümlədən, pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin kəskinləşməsinə səbəb olub.

Məlumata görə, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində qarşı tərəfin növbəti təxribatı nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu həlak olub: "Bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

'Ermənistana məxsus PUA vurulub'

Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Nazirliyin sentyabrın 21-i gecə saatlarında açıqladığı məlumata görə, bu hadisə sentyabrın 20-si saat 23:13-də baş verib. Açıqlamaya görə, hazırda vurulan PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Amma bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutublar. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG