Belarusun paytaxtı Minskdə növbəti bazargünü aksiyası keçirilir. "Ədalət yürüşü" adlandırılan bu dəfəki yürüşdə etirazçıların Azadlıq meydanından Ali Məhkəməyə, daha sonra isə Lukaşenkanın iqamətgahına doğru yürüş edəcəyi bildirilir. Ən son məlumatlara görə, artıq xüsusi texnika Ali Məhkəmə, Azadlq Meydanı və Lukaşenkanın igamətgahı ərtafına cəmləşib. AzadlıqRadiosunun Belarus xidmətinin verdiyi məlumata görə, bəzi yerlədə "BTR "-lər də gözə dəyir.
Artıq ilk saxlanmaları göstərən videolar yayılmaqdadır.
Maneələrə baxmayaraq əllərində qırmızı-ağ bayraqlar olan minlərlə insanın Azadlıq prospektinə çatdığı və oradan da Lukaşenkanın iqamətgahına doğru irəlilədiyi qeyd olunur.
Bu ərəfədə Minskdə prokurorluq azyaşlı uşaqları ilə aksiyaya çıxan valideynlərin axtarışına başlayıb. Bundan başqa sosial şəbəkələrdə vətəndaşları dəstəkləyən 30-a yaxın diplomatın da vəzifəsindən uzaqlaşdırlacağı ilə bağlı məlumatlar yayılmaqdadır. AzadlıqRadiosunun məlumatına görə, bu barədə özünün teleqram səhifəsində Belarusun Fransada səfiri olmuş Pavel Latuşko məlumat paylaşıb.
Minskin bəzi yerlərində OMON-un etirazçılara zor tətbiq etdiyi, onları zorla xüsusi maşınlara mindirdiklərini əsk etdirən videolar var.
Belarus daxili işlər nazirliyinin məlumatına görə, şənbə günü Minskdə keçirilən etiraz aksiyasında saxlanılan 430 nəfərdən 385 nəfəri səhərə yaxın sərbəst buraxılıb.
Gələn məlumatlarda o da vurğulanır ki, hakimiyyət səhər tezdən Minskdə, şəhərin mərkəzinə çıxan 6 metro stansiyasını bağlayıb. Bundan başqa aksiyaya aparan bəzi yolların da bağlandığı bildirilir. Şahidlərin dediyinə görə, Azadlıq prospektində dayanan zirehli texnikanın üzərinə quraşdırılmış səsgücləndiricilərdən sovet mahnıları verilir ki, adamların səsləndirdikləri şüarlar eşidilməz olsun.
"Dojd" telekanalı isə OMON-nun təzyiqlərindən qaçan adamlara qapısını açan bir kafedən görüntülər paylaşıb.
Xatırlatma
Belarusda gərginlik avqustun 9-da keçirilən prezident seçkisindən sonra başlayıb. Beləki seçki günün sonunda və bir neçə gün sonra seçkilərdə 80 faiz səs çoxluğu ilə Lukaşenkanın qalib gəldiyi elan edilib. Amma bunun heç də belə olmadığını, səslərin saxtalaşdırıldığını deyən müxalif namizədlər və seçicilər etirazlara başlayıb. Aksiyanın ilk 3 günü hüquq-mühafizə əməkdaşları etirazçılara qarşı sərt davranıbalar. Yüzlərlə adam saxlanılır, onlara işgəncələr verilib, ən azı bir nəfər ölüb. Lukaşenkanın əsas rəqibi olan müxalif namizəd Svetlana Tixanovskaya ölkəni tərk etmək məcburiyyətində qalıb. Avropa İttifaqı liderləri seçkinin nəticələrini tanımadıqları haqqında birgə bəyanatla çıxış ediblər.