Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 02:39

Deputatların toxunulmazlığına belə xitam veriləcək...


Milli Məclis

"Azərbaycan Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi" layihəsi parlamentin İntizam komissiyası və Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb.

Layihədə nələr var

Layihəyə əsasən, İntizam komissiyasının aşağıdakı səlahiyyətləri olacaq:

  • "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət edilməsinə nəzarət etmək və bu məsələlərlə bağlı müraciətlərə baxmaq;
  • Deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallar barəsində verilən məlumata dair rəy vermək;
  • ... müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;
  • Deputat toxunulmazlığına xitam verilməsi haqqında Baş prokurorun təqdimatına... baxıb müvafiq rəy qəbul etmək və Milli Məclisin müzakirəsinə təqdim etmək.

Deputatın toxunulmazlığına xitam verilməsi haqqında Baş prokurorun təqdimatına Milli Məclis sədrinin göndərişi əsasında ən geci 3 iş günü müddətində baxılmalıdır.

İntizam komissiyasının səlahiyyətləri Milli Məclisin Daxili Nizamnaməsinin müvafiq maddəsində yer alır. Amma komissiyanın fəaliyyətini tənzimləyəcək bu yeni Əsasnamə onun səlahiyyətlərini, deputatın hüquqlarını, vəzifələrini, müraciətlərə baxılması prosedurlarını və başqa halları müəyyən etməlidir.

S.Hacıyev
S.Hacıyev

"Hər hansı fövqəladəlik yoxdur"

Əsasnamə layihəsini şərh edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Sabir Hacıyev "Turan" agentliyinə deyib ki, sənədin qərar, yoxsa qanun şəklində qəbul edilməsi də müzakirə obyekti olub. Onun deməsinə görə, qərara gəlinib ki, Milli Məclisin Daxili Nizamnaməsi qanun şəklində qəbul edildiyi üçün İntizam komissiyasının Əsasnaməsi də qanun kimi qəbul olunsun. O, əlavə edib ki, layihə parlamentin sentyabrın 30-da keçirilməsi gözlənilən plenar iclasına tövsiyə edilib.

"Odur ki, layihə olaraq indi müzakirəyə çıxarılmasında hər hansı fövqəladəlik yoxdur. Layihə məsələsi hələ yaz aylarında mövzu olub, amma pandemiya ilə bağlı parlamentdə iş saatlarının azaldılması və s. bu məsələni elə bil təxirə salmışdı", -S.Hacıyev bildirib.

Deputata görə, layihə cavabı açıq qalan bəzi suallara aydınlıq gətirib və prosedurları müəyyən edib:

"Baş prokurorun Milli Məclisə təqdimatı əsasında..."

"Məsələn, deputatlarla bağlı Konstitusiyada və s. sənədlərdə müddəalar var ki, icra müddəti, prosedur həlli qaydası məlumdur. Amma bu mənada Əsasnamədə qeyri-müəyyənlik vardı. Məsələn, Baş prokurorun Milli Məclisə təqdimatı əsasında deputat toxunulmazlığına son verilir. Həmin təqdimat Milli Məclisə daxil olduqdan sonra parlament bir həftə araşdırma aparır. Amma Prokurorluğun müraciətinə neçə gün ərzində cavab verilməsi açıq qalırdı. Ya tutaq ki, deputata müəyyən cəzalar tətbiq edilir, bunun müddəti, çərçivəsi nə olur, bunlara aydınlıq gətirilir".

X.Ağalıyev
X.Ağalıyev

"...Hakim partiya daxilində gedən dəyişikliklərlə əlaqəlidir"

Hüquqşünas Xalid Ağalıyev isə AzadlıqRadiosuna deyib ki, bu mövzunun indi aktuallaşması təsadüfi deyil. Onun fikrincə, buna son vaxtlar baş verməkdə olan hadisələrin ümumi kontekstində baxmaq lazım gəlir.

X.Ağalıyev hesab edir ki, bu məsələ daha öncə gündəmə gəlsə idi, buna bəlkə də belə həssaslıqla yanaşılmazdı: "Sadəcə olaraq son dövrlərdə, xüsusilə son bir neçə ayda hakim Yeni Azərbaycan Partiyasında (YAP) müəyyən dəyişikliklər olub. Ölkə parlamenti də hakim YAP-ın deputatlarının tam nəzarətindədir. Bu mənzərə fonunda istisna deyil ki, bu, həm də hakim partiya daxilində gedən nəzərəçarpan dəyişikliklərlə əlaqəlidir".

Bu fikirlərə, hələlik, hakim YAP-dan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG