Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 20:35

Həbsdə cəbhəçinin T.Yaqubluya görə təzyiqlə üzləşdiyi bildirilir


Z.Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayevin Tofiq Yaqubluya dəstək olaraq aclıq aksiyası keçirdiyinə görə təzyiqə məruz qaldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, Z.Salayev sentyabrın 15-də saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası elan edib: "Zamin Salayev bu gün, sentyabrın 17-də evə zəng vuraraq bildirib ki, iki gün əvvəl aksiya başladığına görə hər gün müəssisə əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalır, döyülür. Bunu deyən kimi telefon xətti kəsilib".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma qurum, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində məhbusların döyülməsi ilə bağlı iddiaları təkzib edir.

Zamin Salayev kimdir

AXCP Salyan rayon şöbəsinin fəalı Zamin Salayev həmin rayonun polis şöbəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Bu il aprelin 20-də Salyan Rayon Məhkəməsində hakim Ağarza Səmədov bu barədə hökm çıxarıb. Hökmə əsasən, Z.Salayev Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

H.Əzizov AXCP fəalına qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Z.Salayev yanvar ayında sosial şəbəkələrdə polis əməkdaşıyla aralarındakı mübahisənin videosunu paylaşmışdı. Onların arasında Salyan sakini olan bir xanıma təcavüzdən söhbət gedirdi. Z.Salayev polis əməkdaşını sözügedən xanımı "bədbəxt etməkdə" suçlayırdı.

Daha sonra Z.Salayev Bakıda polisə müqavimət ittihamıyla 30 sutkalıq həbs olunmuş, saxlanarkən polis bölməsində işgəncələrə məruz qaldığını açıqlamışdı.

Daxili İşlər Nazirliyi (DİN) isə açıqlama yayaraq həm polis əməkdaşının təcavüz etməsi, həm də Z.Salayevin işgəncəyə məruz qalması barədə iddiaları təkzib etmişdi.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, … Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

T.Yaqublu elə həmin gün həbsinə etiraz olaraq (sentyabrın 2-dən) aclıq aksiyası keçirdiyini bəyan edib. Onun aksiyanı 16 gündür davam etdirdiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG