Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:57

Koronavirus xəbərləri: bərkdən danışmayın


Arxiv fotosu

Britaniyada koronavirusa yeni yoluxmalarda artımı önləmək üçün bir neçə həftəyə yeni qadağalar qoyula bilər. Bu haqda hökumətin martda karantin tətbiq etməsində rolu olmuş epidemioloq xəbərdarlıq edir.

London İmperial Kollecindən Neil Ferquson deyib ki, hökumətin bazar ertəsindən altı nəfərdən çox adamın bir yerə yığışmasını qadağan etməsindən “ürəklənib”. O, BBC radiosuna deyib ki, “təhlillərin hamısı” “gələn həftələr ərzində ölü sayında artım olacağını göstərir və indi reaksiya verməyin vaxtıdır”.

Britaniyada indiyədək koronavirusdan 41 min 600 nəfər vəfat edib.

Son mərhələ sınaqları bərpa olunsa...

Bu arada AstraZeneca şirkətinin icraçı direktoru Paskal Soriot deyir ki, ilin sonunadək eksperimental vaksinin COVID-19-a qarşı effektiv olub-olmayacağını biləcəklər. Əlbəttə ki, Britaniyanın bu əczaçılıq şirkətinə bu həftə dayandırılan sınaqları bərpa etməyə icazə verilərsə.

Şirkət son mərhələdə olan sınaqlarını bir könüllü xəstələndiyi üçün dayandırıb. Xəstənin nevroloji simptomlardan əziyyət çəkdiyi bildirilir.

Dünya Səhiyyə Təşkilatı (DST) potensial vaksini koronavirusla mübarizədə xeyli ümidverici hesab edirdi. Soriot deyib ki, vaksinin sınaqlarının təxirə salınması adi bir şeydir, bu dəfə fərq ondadır ki, bütün dünya prosesi izləyir.

Soriotun sözlərinə görə, xəstənin diaqnozunu bilirlər və müstəqil təhlükəsizlik komitəsinə təqdim olunacaq. Yalnız bundan sonra şirkətin sınaqları bərpa edib-etməyəcəyi bilinəcək.

Pıçıltı ilə qışqırmağın fərqi

Koronavirus riskinin yüksək olduğu qapalı məkanlarda, məsələn, xəstəxana və restoranlarda sakitliyin qorunması yoluxmaları azalda bilər. Bunu “Reuters” tədqiqatçılara istinadla yazır. Araşdırma səsin azaldılmasının xəstəliyin yayılmasını azalda biləcəyini üzə çıxarıb.

Orta səs səviyyəsinin ortalama 6 desibel azaldılması otağın ikiqat ventilyasiyasına bərabərdir. Kaliforniya Universitetindən altı tədqiqatçının hazırladığı hesabatda deyilir ki, “ictimai səhiyyə orqanları yüksək riskli qapalı məkanlarda, məsələn xəstəxanaların gözləmə otaqlarında və yemək məkanlarında ‘sakit zonalar’ tətbiq etməyi nəzərdən keçirməlidirlər”.

DST iyulda koronavirusun havayla yayılmasını etiraf etdi. Yəni, xorda oxuyarkən, yaxud restoranlar və fitnes dərslərində riskin olduğu təsdiqləndi.

Səs səviyyəsində 35 desibellik artım, – bu, pıçıltı ilə qışqırıq arasındakı fərqə bərabərdir, – havadakı hissəciklərin yayılmasını 50 dəfə gücləndirir.

Normal danışıq 10 desibeldən yuxarıdır, restoranlarda səsin səviyyəsi isə 70 desibelə yaxın olur.

Sentyabrın 9-da dünyada koronavirusdan ölənlərin sayı 900 mini, yoluxanlar isə 27,7 milyonu keçib. Bu xəstəlikdən hər gün ortalama 5 min 600 nəfər vəfat edir.

Şərhlər

XS
SM
MD
LG