Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Çexiyalı kinorejissor Jiri Menzel 82 yaşında vəfat edib


 Jiri Menzel
Jiri Menzel

BBC yazır ki, tanınmış çexiyalı kinorejissor Jiri Menzel uzun sürən ağır xəstəliklə mübarizədən sonra 82 yaşında vəfat edib.

Menzel 1968-ci ildə II Dünya müharibəsi haqda "Diqqətlə izlənilən qatarlar" (Ostře sledované vlaky) dramına görə "ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatına layiq görülüb.

Menzel 1960-cı illərdə çex kinosunda yeni dalğanın aparıcı simalarından biri idi. Bu hərəkatın digər aparıcı siması "Ququ quşu yuvasının üzərindən uçarkən" (One Flew Over the Cuckoo's Nest) filminin rejissoru Milos Forman idi. Vera Chytilova və Jan Kadar da bu hərəkatın tanınan simalarındandır. "The Guardian" yazır ki, onlar çex və Avropa qəlbinə yol tapmağın fərqli bir üsulunu kəşf etmişdilər. Onlar kinonu humanizm və azadlıq naminə səfərbər etmişdilər.

Menzel-in filmləri 1938-ci ilin Münhen sazişindən "Praqa baharı"na qədərki qaranlıq dövrü əhatə edir. "Çexlər tiraniyanın hər iki üzünü görmüşdülər: nasistlərin zorakılıq və müharibə dəliliyini də, sovetlərin ölü əlini, soyuq paranoyyası və gülməli olmayan, boşboğaz bürokratiyasını da", - "The Guardian" yazır.

"Hrabal-la ömürlük dostluğuma dəyər vermişəm"

Menzel 2017-ci ildə beyin əməliyyatı keçirməsindən sonra ictimaiyyətin arasına çox az çıxırdı. Həyat yoldaşı Olga Menzelova onun şənbə günü vəfat etdiyini deyib.

"Əzizim Jirka, səninlə keçirə bildiyim hər bir gün üçün sənə təşəkkür edirəm. O günlərin hər biri qeyri-adi idi. Son üç ilimiz nə qədər ağır olsa da, onlar üçün də sənə təşəkkür edirəm", – deyə o, Facebook-da yazıb.

Menzel Praqada rejissorluq təhsili almış, təhsilini 1962-ci ildə başa vurmuşdu.

O, özünün "Diqqətlə izlənilən qatarlar" bədii filmini çex yazıçısı Bohumil Hrabal-ın romanı əsasında çəkmişdi. Filmin Oskar mükafatına layiq görülməsindən sonra Menzel yazıçı ilə dəfələrlə əməkdaşlıq edib.

Menzel 2006-cı ildə Amerika Kino Akademiyasının əsas mükafatını (Oskar) qazanması haqda danışarkən bildirmişdi ki, "daha çox bəxti gətirib".

"Bu film üçün qazandığım bütün mükafat və medallardan daha çox Hrabal-la ömürlük dostluğuma dəyər vermişəm", - o deyib.

"The Guardian" yazır ki, Menzel-in filmləri çətin dövrləri əks etdirsə də, onlara yumor və romantika hopmuş olur. Məqalə müəllifi bu təsviri daha çox "Diqqətlə izlənilən qatarlar" filminə aid edir.

Filminə qadağa qoyulub

1969-cu ildə kommunist hökuməti Menzel-ə qəzəblənir və onun "Sap üstündə torağaylar" (Larks on a String) adlı filminə qadağa qoyur. Bu film də Hrabal-ın romanı əsasında çəkilmişdi. Film islah-əmək düşərgələrində işləməyə məcbur edilən insanlar haqda idi.

Film yalnız 1990-cı ildə, kommunist hökumətinin süqutundan sonra ekranlara çıxır və elə həmin il Berlin Beynəlxalq Kinofestivalının mükafatına layiq görülür.

1987-ci ildə Menzel "Mənim balaca əziz kəndim" (My Sweet Little Village) adlı komediya filminə görə ikinci dəfə Oskar mükafatına nominant olur.

Menzel rejissorluq fəaliyyətindən başqa, həm də aktyor kimi 80-dək filmdə çəkilib. O, həm də teatr rejissoru kimi çalışıb.

Onun kinoda sonuncu işi 2018-ci ildə çəkdiyi "Tərcüməçi" (The Interpreter) filmidir. Filmdə valideynlərini öldürən keçmiş SS əsgərindən qisas almaq istəyən insanın hekayəsindən söz açılır.

Menzel həyatı boyu çox sayda beynəlxalq mükafatlara layiq görülüb. Bu mükafatlar arasında İncəsənət və ədəbiyyat sahəsində Fransanın Fəxri Legion Ordeni də var. O, eyni zamanda, incəsənətə verdiyi töhfələrə görə "Çex aslanı" mükafatına layiq görülüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG