Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:38

'Son 20 ildə insanlar öz başlarının çarəsinə qalırlar'


'Baxın, bomboşdu, adam soyuducusunu göstərməyə də utanır'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Baxın, bomboşdu, adam soyuducusunu göstərməyə də utanır'

Bu gün, sentyabrın 8-dən Azərbaycanda koronavirus ilə bağlı tətbiq edilən sərt karantin rejimi bir qədər də yumşaldılıb. Artıq Bakıdan rayonlara gediş-gəliş qadağası aradan götürülüb.

Sərt karantinin ilk dönəmində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə yalnız zəruri hallarda SMS-lə icazə alıb çıxa bilərdilər. Hökumət buna əvəz olaraq aprel və may aylarında işsiz, karantində işini itirən və aztəminatlı təqribən 600 min şəxsə birdəfəlik 190 manatlıq yardım verdiyini açıqladı. Karantin həmin dönəmdə mərhələlərlə yumşaldıldı.

İyunun 21-də yoluxma artdığından ölkənin bəzi bölgələrində karantin yenidən sərtləşdirildi. Onda da iki dəfə müəyyən bölgələrdə işsiz şəxslərə 190 manatlıq yardım verildiyi qeyd edildi. Rəsmi məlumata görə, bu iki dəfədə də ümumilikdə 100 milyon manatdan çox vəsait ayrıldı.

Pandemiyaya qədər rəsmi statistikaya görə, ölkədə 250 min nəfər işsiz qeydiyyatda olub. Həmin müavinətdən ötrü isə 600 mindən də çox insanın müraciət etdiyi rəsmən etiraf olunmuşdu. Hətta yardımın şərtləri elə müəyyən edilmişdi ki, ondan bəzi işsizlərin kənarda qalması belə mümkün sayılırdı. Şərtlərə görə, əgər ailədə həm ər, həm də onun xanımı işsiz idisə, onlardan yalnız birinə yardım verilirdi. Üstəlik, adına pay torpağı və VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) olan şəxslər də yardımdan kənarda qaldı.

Amma həmin vaxt 190 manat müavinət alan insanlardan bir çoxu elə AzadlıqRadiosuna bildirib ki, onlar hələ də işsizdirlər. Bəs belə isə hökumət nə etməlidir?

R.Həsənov
R.Həsənov

"Bizdə son 20 ildə dövlət siyasəti elə qurulub ki..."

İqtisadçı-ekspert Rəşad Həsənov AzadlıqRadiosuna mövzu ilə bağlı deyib ki, bu məsələnin həllini tapması üçün çoxtərəfli iş görülməlidir: "Bizdə son 20 ildə dövlət siyasəti elə qurulub ki, insanlar özləri öz başlarının çarəsinə qalırlar. İnsanlar hansısa formada sosial mexanizmlərdən, dövlət dəstəyindən istifadə edərək ailə gəlirlərini fomalaşdırmağı, işlə təmin olunmaqlarını bir elə də düşünməyiblər".

Ekspertə görə, insanlar daha çox çalışıblar ki, özləri iş yeri yaratsınlar.

R.Həsənova görə, indi də başqa bir problem var. Onun fikrincə, bu da iqtisadiyyatın əvvəlki kimi olmaması, resessiyaya getməsidir:

"Kiçilmənin 7-9 faiz həcmində olduğu iddia edilir"

"Rəsmi olaraq iqtisadiyyatda 2.8 faiz kiçilmə olduğu deyilir. Qeyri-rəsmi isə bu kiçilmənin 7-9 faiz həcmində olduğu iddia edilir. Bu kiçilmə özü əmək bazarında da daralma, əlavə işsizlik yaradır".

İşsiz sayına gəlincə isə, ekspertin vurğulamasına görə, söhbət 600 min nəfərdən deyil, 1.5- 2 milyon insandan gedir. Onun fikrincə, istənilən halda həmin insanların böyük bir qismi faktiki bazara qayıtmayıb, odur ki, pandemiyadan öncəki və sonrakı real işsizlik səviyyəsi bir-birindən kəskin fərqlənir.

Nə etməli?

Ekspert bu durumdan çıxmağa o qədər də optimist yanaşmır: "Mövcud idarəetmə ilə, düzü, heç bir çıxış yolu görmürəm. Azərbaycanda iqtisadiyyata baxış dəyişməlidir. İqtisadiyyat açılmalı, liberallaşmalı, qlobal iqtisadiyyat ilə inteqrasiyaya getməli, Dünya Ticarət Təşkilatına daxil olmalı, Avropa İttifaqı ilə assosiasiya sazişi imzalanmalı, məhkəmə sistemi yenidən qurulmalı, icra hakimiyyətləri ləğv olunmalı, yerli idarəetmə orqanları gücləndirilməlidir".

Bu fikirlərə, hələlik, hökumət rəsmilərindən münasibət almaq mümkün olmayıb.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Amma deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı "Turan" agentliyinə qeyd edib ki, problemlər çoxdur. Onun fikrincə, indiki iqtisadi şəraitdə həmin işsizlərin hamısının işlə təmin olunmaları inandırıcı görünmür.

O hesab edir ki, bunun bir səbəbi yeni iş yerlərinin açılmamasıdırsa, digər səbəbi turizm sektorunun, şadlıq sarayları sisteminin və iri ticarət şəbəkələrinin, hələlik, fəaliyyətə başlamamasıdır.

"Bu günlərdə 30 nəfəri ixtisara salıb"

Digər tərəfdən, S.Rüstəmxanlı əlavə edib ki, bəzi yerlərdə isə ixtisarlar var:

"Mənim deputat seçildiyim Neftçala rayonunda Rusiyaya bağlı bir neft şirkəti var. Bu günlərdə 30 nəfəri ixtisara salıb. Bu insanlara kömək üçün hara müraciət edirəmsə, cavab ala bilmirəm. Baxmayaraq ki, hökumət səviyyəsində deyilmişdi ki, mülkiyyət formasından asılı olmadan əmək müəssisələrində ixtisarlara yol verilməsin, buna əməl edilmir".

S.Rüstəmxanlı hesab edir ki, bu məsələlər bir-iki ay verilən müavinətlə həllini tapmayacaq, bunun üçün real iş yerləri yaradılmalıdır.

Deputata görə, bu vəziyyətdən çıxış yolu zamanında neftdən asılılığa son qoyulması ola bilərdi, daha çox qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olmalı idi.

S.Rüstəmxanlı hesab edir ki, burada daha bir çıxış yolu gələn ilki dövlət büdcəsində sosial sahəyə nəzərdə tutulan vəsaitlərin artırılması ola bilər.

Xatırlatma

Azərbaycanda koronavirusla bağlı bu il martın 24-dən karantin rejimidir. Karantin sentyabrın sonuna kimi uzadılıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 27 milyon 512 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 897 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi 37 min 418 nəfərin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb, onlardan 551 nəfərin vəfat etdiyi bildirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG