Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 14:27

Biznesmen jurnalistin qətlinin sifarişində təqsirli bilinmədi


Marian Koçner

Slovakiyada məhkəmə araşdırmaçı jurnalist Yan Kutsyak (Jan Kuciak) və nişanlısının qətlinin sifarişində biznesmenin təqsirli olmadığı qənaətinə gəlib.

Sentyabrın 3-də məhkəmə digər təqsirləndiriləni qətldə iştirakda təqsirli bilib. Ancaq məhkəmə araşdırmasının əsas diqqət mərkəzində duran biznesmen Marian Koçnerin (Marian Kocner) qətli sifariş etməsinə dəlil tapmadığını bəyan edib.

“Onun bu prosesdə təqsirli bilinməsindən ötrü məhkəməyə birbaşa dəlil təqdim olunmayıb”, – məhkəmənin qərarında deyilir.

Hər ikisi 27 yaşında olan jurnalist və nişanlısı Martina Kusnirova 2018-ci ilin fevralında paytaxt Bratislava kənarındakı evlərində qətlə yetiriliblər.

Bu qətl hadisəsi ölkədə kütləvi etirazlara səbəb olub, Baş nazir Robert Fiko istefa verməli olub.

“Məsuliyyət daşıyanlar azadlıqda qalır”

Beynəlxalq Mətbuat İnstitutu (IPI) bu hökmü “ədalətin və cəzasızlığa qarşı mübarizədə irimiqyaslı geriləmə” adlandırıb.

“Bu hökmdən çox məyus olduq, bu, dünyada gördüyümüz faciəvi ənənəni təkrarlayır: qatillər həbsə gedir, jurnalistlərin qətli üçün məsuliyyət daşıyanlar isə azadlıqda qalır”, – qurumun direktor müavini Skot Qrifen (Scott Griffen) məhkəmə iclasında iştirak edəndən sonra deyib.

“Ancaq bu, son ola bilməz. Ədalət üçün savaş davam etməlidir. Müstəntiqlər və ittihamçılar işə yenidən başlamalı, onu irəli aparmalı, bu işin cəzasızlığa qarşı mübarizədə daha bir soyuq statistikaya çevrilməsinə imkan verməməlidir”, – o, sözlərinə əlavə edib.

Məhkəmə Koçnerin adamı sayılan, qətldə vasitəçi olmaqda şübhəli bilinən Alena Zsuzsovaya da bəraət verib.

Məhkəmə hadisə yerindən qaçmaq üçün istifadə olunmuş maşının sürücüsü Tomas Szabonu qətldə təqsirli bilərək cinayətdəki roluna görə ona 25 il həbs cəzası kəsib.

XS
SM
MD
LG