Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:32

Tofiq Yaqublu: 'Gör İlham Əliyev nə günə qalıb ki...'


İlham Əliyevi tənqid edən siyasətçi 4 il 6 ay həbs oluna bilər
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

İlham Əliyevi tənqid edən siyasətçi 4 il 6 ay həbs oluna bilər

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublu sentyabrın 2-dən aclıq aksiyasına başlayıb. Bu barədə onun özü məhkəməsində məlumat verib.

Sentyabrın 2-də Nizami Rayon Məhkəməsində T.Yaqublunun işi üzrə keçirilən məhkəmə iclasında T.Yaqublu son sözünü deyib. Hakim Nəriman Mehdiyevə üzünü tutaraq son sözünə belə başlayıb: "İstəyirsən, heç mən çıxış eləməyim, Prezident Administrasiyasından gələn sifarişi birbaşa elan elə...".

Həbs olunduğu gün nə yol qəzası, nə də dava-dalaş baş verdiyini deyən T.Yaqublunun sözlərinə görə, park olunmuş vəziyyətdə maşında oturduğu halda, Elxan Cəbrayılov öz avtomobilini gətirib onun maşınına çırpıb. Ardınca da E.Cəbrayılov və Cəvahir Cəbrayılova ona hücum edib. Bundan sonda təxribat olduğunu anlayıb və maşından düşməyib, polisə zəng edib. Həmin vaxt C.Cəbrayılova maşının qapısını, şüşələri döyəcləyib, ondan aşağı düşməyi tələb edib.

"Baş verməyən bir şey haqqında necə danışım? Necə olur, Cəbrayılovların dediyi sübut olur, bizim dediyimiz yox? Elxan Cəbrayılov yarım saat döyülsəydi, o, sağ qalardımı? Əgər mən o cinayəti törətmişdimsə, başımın da üstündə kamera ola-ola niyə polisə zəng edirdim? Niyə kamera görüntülərinə baxış keçirilməsini tələb edirəm? Gör İlham Əliyev nə günə qalıb ki, mənim üzümə cəmiyyətin tullantılarını qoymaqla şərləyir", – T.Yaqublu belə deyib.

Siyasi fəal son sözünü bitirərkən aclıq aksiyasına başladığını bildirib: "Qələbəyə qədər də gedəcəm. Bu ölkədə demokratiya, hüquqi dövlət ənənələri bərqərar olmalıdır".

T.Yaqublunun son sözündən sonra hakim hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökm sentyabrın 3-də elan olunacaq.

Həmin vaxt məhkəmə binasının yaxınlığında isə bir qrup qadın "Tofiq Yaqubluya azadlıq" şüarı ilə aksiya keçirib.

Prokuror T.Yaqubluya 4 il 6 ay həbs cəzası istəyib.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı.

""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.

XS
SM
MD
LG